HƏYATIN DİBİNDƏKİ QADIN
 
 
Bir qurtum su içib, sözə başladı:
– Doğulduğum rayonun möhtəşəm gözəllikləri var, təbiəti gözəldir. Ancaq orada yaşadığım həyat iyrəncliklərlə dolu oldu. Bizdə qurbanı günahkar çıxarmaq psixologiyası geniş vüsət alıb axı…
Danışsam günahkar olacağımı bilirəm…
Uşaqlarını cinsi istismara məruz qoyanlar elə valideynlərdi. Övladlar arasındakı münasibətə nəzər salmayan valideynlər…
Birbaşa deyim? – Öz doğma qardaşım mənə təcavüz edib. Bunu anama dedim, müqqəsir də özüm oldum. İnanmadı, ağladım, and içdim fəqət mənə yox, qardaşıma inandı. Çünki o, öz işini yaxşı bilirdi. Hər kəsi özünə inandırmaq bacarığı güclü idi. Hər günüm hədə-qorxu ilə keçdi. Etdiyi iyrəncliklər yığılıb mənlə bir böyüdü…
On yaşında bir qızcığazın duası nə olar sizcə? Mənim dualarım da iyrənc idi – Allahım, nə olar qardaşım gecə mənə toxunmasın, mənim süd vəzilərim çürüsün…
Bu bilirsiz nə qədər ağrılıdı?
O hər dəfə iyrəncliyini mənim üzərimdə sınaqdan keçirəndə, mən gözümü göyə zilləyib- Səni bağışlamayacağam ,Allah.. – deyirdim.
Bu minvalla, müsibətli günlərlə, iyrənc saatlar, dəqiqələr, hətta saniyyələrlə on səkkiz yaşımı tamam etdim. Artıq hər şey dözülməz hal almışdı. Mənə elçi göndərən ilk adama, hə- dedim. Bir il sonra, çıxdım ata evimdən, o “xarabadan”.
Azadlıq!
Gecələr yuxudan dik atılıb oyanırdım. O mənə yuxularımda da təcavüz edirdi. Doğrusu yarımtəcavüz edib, o mazağist idi. Bunu çox sonralar anladım.
Bir il sonra, bir oğlum oldu və mənim qabağıma qoyduğum məqsəd oğlumu tərbiyəli böyütməkdi. Bir gün ərimin mənə xəyanətini öyrəndim. Eyb etməz, nə edim? Mən nələr yaşamamışam? Bu da keçər – dedim, öz-özümə.
Oğluma baxa bilmədiyimçün anamgildə qalmalı oldum. Bir az naxoşlamışdım. Qardaşımdan bir ildir uzaq olduğumu düşünərək, namussuzluğundan əl çəkdiyini zənn edirdim. Gecə yaxınlaşdı, “əgər səsini çıxarsan, oğlunu boğub öldürəcəm” – dedi, qorxumdan susdum. İçim yanırdı, elə ah çəkdim ki… Nəysə…
Səhəri bir bəhanə tapıb ər evinə qayıtmaq istəyəndə, qardaşım, kinayəli gülüşlərlə “hələ dünən gəlmişdin, bəlkə bir azda qalardın bacı”- dedi. Allah mənim ağrımı hiss etmədimi? Bir də, orda qalmağa tövbə etdim.
Yoldaşımın da vecinə deliydik. Evə qayıtmağıma qaş-qabaq salladı, sifət elədi.. Belə çarəsizliyi düşmənimə də arzulamıram.
Haqq-ədalət yerini tapır, sadəcə səbr etmək lazımdı. Məcburən səbr etdim. Fəqət həyatımı, uşaqlığımı, gəncliyimi itirdim…
 
Və…günün birində sevə biləcəyim, dəli kimi aşiq olacağım biri çıxdı qarşıma. Gec deyildimi? Çox gec idi.
Xəyanətmi idi? – əlbətdə. Amma bu dəfə ürəyimin səsinə qulaq asmalı idim.
Həyatımın qaranlıqlarını aydınladan, biri çıxmışdı qarşıma. İlk dəfə idi vurulmuşdum, ilk dəfə idi sevirdim. Yenə də yaşaya bilmədiklərimi yaşamaq ümidi ilə bağlandım, sevdim onu. Həyat mənə ikinci şansı verdi. Bu həqiqətən şans idi? Bəlkə də həyatın mənə verdiyi bu yeni bir bəla idi amma yenə də, qəbul etdim. Bir qadın nə qədər acı çəkərmiş İlahi. Sevgim dərd oldu, keçmişim dərd oldu. Ağrıların qadınına çevrildim. Vicdan əzabı və sevdiyimin qısqanclığı… Qadınları keçmişi ilə sevin cənablar!
Bir gün adam mənə dedi ki, -“Böyük adamları cılız adamlar tükədər”. Quş yüngüllüyü qondu ağır çiyinlərimə, yaşamağa həvəsim artdı. Düşündüm ki, məni tükədən cılız bir məxluqat imiş və innən belə yanımda mərd biri dayanacaq. Dayandımı? Dayandı.
İnsan zaman-zaman boyunu aşan günahlar edir. Artıq həyatın hər üzünü görmüşəm ən böyük günahım səmimiyyətim olub və səmimiyyətimdən yararlanan “kişiciklər” saflığımdan istifadə ediblər.
Bəlkə də, keçmişimi silə bilməməyimin acısını öz həyatımdan aldım. Çarəsizlikdənmi? Mən yaşadıqlarımdan sonra elə bir yerin sonuna çatdım ki, tamamən hər şeyin bitdiyi yerə. Amma hər nə yaşadımsa da, yaşadıqsa da, bir-birimizdən qopmadıq. Sevdiyimi Allahsız möhtəşəmliyi ilə sevməyə başladım.
Və “O”, yəni doğma “qardaşım”. O necə oldu, ona nə oldu bilmək istəyirsinizmi? Demişdim axı, səbr edəndə haqq-ədalət yerini tapır. Öz iyrənc əməllərinin içində boğuldu, it kimi gəbərdi, yəni öldü! Çox şükür.
Allahı da, bağışlamayacam. Əgər bir gün haqq-hesab soruşulacaqsa mən də hesab soracam. Çünki mən, “taleyinə günahdan ləkə düşmüş qadınam”, – dedi və söhbət boyu gözündə var-gəl edən yaş tumurcuğu, yanağından axıb, düşdü ovcuna.
 
 
Əfsanə Rəvan
1. 097 baxılıb