Müstəqil.Az istedadlı şair Günay Ümidin şeirlərini təqdim edir:

 

TƏQVİM
Boğazından asılan
Kişi əlləri qədər
Qəzəbliydi Bakı küləyi…
Pəncərədən baxan çiçəklərin
Günəş həsrətiydi
Ürəyinin buruqluğu.
Gecədən
səhərə daşıdığı güvənsizliyinin
Üsyanıydı qulaqlarını batıran.
Allah çevirdikcə səhifələri
Qopurdu təqvimin vərəqləri…
Ürəyinə güc düşürdü
Sol çiynindəki mələyin
Şabaş kimi topladigi
Səhifələrin ağırlığından…
Hissləri leysan kimi
tökülürdü gözlərindən…
Qucaqlayırdı çarəsizcə
körpəsinin səsini.
Ovunurdu körpə səsi…
Qopurdu təqvimin son səhifəsi…
09.01.2017
 
Narahat etməyin!
 
Ağır-ağır nəfəs alır
Otağımda azan səsi…
Üstümdən sürüşüb düşüb taqətin…
Deyə də bilmirəm ki,
Üstümü ört.
 
Alnımın tərində islandıqca
Qırışlarında büdrəyirəm.
Bir ovuc günahın qucağında
Bir yumruğa dönürəm
Deyə də bilmirəm ki
Bağışla məni…
 
Kipriklərimin barmaqlıqları arasından baxıram
Yaşamın işğal etdiyi ölümə…
Ağzım söyüş dadıyır…
Yenə şeir kimiyəm…
Deyə də bilmirəm ki, oxu məni…
 
Oynaqlarımdan barmaqlarımın ucunacan
Dəstamazlıdı qucağım…
Hələ səcdədən qalxmamış
Allahın ayaq altına yıxılmışam…
Deyə də bilmirəm ki, qaldır məni…
 
Narahat etməyin…
Onsuz da rahat deyiləm…
 
09.09.2018
 
YADDAŞIMIN QAPI ARALIĞI
 
İndi elə darıxmışam
Səninçün darıxmağa…
Bir gedişlik qorxum vardı,
Getdin…qorxmuram daha.
 
Məndə mənə yer qalmayıb onsuz da;
Neçə yalan uydururam
Doğru yaşamaq xətrinə,
Körpəmin gül ətrinə…
Neçə yalan uydururam…
 
Balam canı gileylənmirəm daha…
Vallah,
Bircə sualların qaranlıq cavabları
Salır yadıma səni…
Yadıma düşə-düşə
Elə yadlaşmısan ki…
Üzün də yaddan çıxıb,
Əllərimi isitdiyin nəfəsin də,
Səsin də yaddan çıxıb.
İsidirəm əllərimi
Toplanmış saçlarımın ən dolaşıq yerində…
 
Ürəyim üşüyür bir az, ürəyim…
Ümidlə çantamı qurdalayan qızımın
çantamda itirdiyi ümidlərinə and olsun,
Bir gün ikimizin də yerinə arzu tutacam,
İkimizin də yerinə üfürüb söndürəcəm günəşi…
Axı zülmətdə daha aydın görünür
Bütün qaranlıqlar…
Onda sualların qarmağından
Düşüb gələcəm ürəyimə sarı…
Qucaqlayıb isidəcəm ürəyimi.
 
İndi isə eybi yox…
Bir azdan qapı aralığından
Otağı sirkələyəcək
Qızımın “Ana” kəlməsi.
Dodağı uçuqlayacaq şeirimin
Diksinib oyanacam yuxusuzluğumdan…
29.11.18
 
AYRILIĞIN ŞEİRİ
 
Heç heçə uduzdum mən bu oyunu,
Daha oynamalı xalım qalmadı.
Ele yıxıldım ki, ayağım altda
Üstümdən kecməyə halım qalmadı.
 
Sevgimi zamanın axan yerində,
Illərin selində yaşa qoymuşam.
Rəsmini endirib gözümün üstən,
Ürəyim altında daşa qoymuşam.
 
Daha unutmağa nə var ki, səni
Bir it bağlamişam pusduğum yola.
Şeirini çəkmişəm kagiz bağrına,
Əzib tullamışam susduğum yerə.
 
Uydura bilmədiyim bəhanə
 
Onu da deyim ki,
çay içdiyin bardağı da yumağa qıydım,
sonra sevgin təkrar əlimə bulaşar deyə qırdım..
Ayrıldıq…
Ən boyük ayrılıqlar
Boşluğa açılan qolların boyundan başlar…
Ən qəddar sevgilər oyundan başlar..
Mən yenə uduzdum,
Yene gecikdim…
Əlimə batan çiliklərlə qanıma hopduğunu anlamağa gecikdim..
İndi…
Boğula-boğula qürurumu udub,
Uydura bildiyim ən axmaq bəhanənin
əlindən tutub,
Təbəssumlə üzümü örtub
gəlmişəm-
Gəlmişəm deyəm ki,
yaxşıyam sənsiz…
Yuxuda səni görmüşəm,
Necəsən mənsiz?
27.10.2017
 
Uşaqlığın karikaturası
 
Göydən yıxılan damlaları
tutanda ovcuma yığılmışdım…
Ayağım ilişmişdi
Yıxılmışdım…
“Ayağının altına bax!”-demişdi anam…
Gecikmişdi…
Dizimin qanı ürəyinə dammışdı,
Ovcumun yağışı gözümə dağılmışdı…
 
Ayağımın aıtına baxanda anlamışdım-
Altı yaşlı ayaqlarımdan
Üç yaş ağır çəkmələrimə
addımlarım tökülmüşdü…
Yolun ilməsi qaçmışdı
Yerişim sökülmüşdü…
18.06.2018
 
Pəncərənin o biri üzü
 
Pəncərəni günəşin üzünə açdım.
Nərd oynayan qocalardan,
Ağzının suyu burnuna qarışmış uşaqlaradək,
Minarələrdən qalxan azan səsindən,
Küləyə əl yelləyən yarpaqlara qədər
Hamı…hər şey
günəşlə bərabər
Yardı bozumtulluğun bağrını.
Masanın üstündə, kagızın qucağında, məni bir şeir doğdu…
Anam baxıb ağladı doğa bilmədiyi mənə…
Əllərim bələyim oldu…
 
Sonra stulun dizinə qoydum başımı
saçımı tumarladı qızımın gileyli əlləri…
Nə biləydi körpəm?!
Nə biləydi yenicə doğulduğumu…
Hələ ona qayğanaq bişirəcək qədər güclü olmadığımı?
Nə biləydi,
Hardan biləydi körpəm?
Bələyimdən sürükləyə-sürükləyə çəkib apardı məni…
Geri donəndə gördüm…
Gördüm ki,
Məni doğan kağız
pəncərədən atmıb özünü.
 
həyətdə pişikləri yedirən
yaşlı qadının üzünə bağladım pəncərəni…
və yenidən doğulanacan
Qızıma ana olacağdım…
06.07.2018
Müstəqil.Az
102 baxılıb