“Ehh..Mənim arzularım doğuşdan əngəllidir…”-Turac Hilalın şeirləri…

Müstəqil.Az gənc şair Turac Hilalın yeni şeirlərini təqdim edir:

İntihar deyirəm ee

Bu gün yenə özümü həsrətindən asmışam,
İntiharımdan öncə bir məktub da yazmışam.
Kaş ki, yetişməyəydi bu gün ümidin əli,
Ölsəm, qurtarar canım,adım da qalar “dəli”.

Yaşaya bilmək üçün gərək səni unudum,
Bəlkə ölsəm çatacaq sənə bu son məktubum.
Ehh..Mənim arzularım doğuşdan əngəllidir,
Bəxtim ağıldan kəmdir, xəyallarım dəlidir.


Bilirsən, mən qorxmuram zülmət gecədən daha,
Sən gəlirsən yuxuma, darılıram sabaha.
Məktubumda çin olub sənli şirin yuxular,
Orda kiçik evimiz, güllü həyətimiz var.


Bir də, həyətə baxan mavi tüllü pəncərə,
Bu yuxunu görmüşəm bilirsən neçə kərə?
Bizim həyətimizi ağ çiçəklər bəzəyir,
Gecələr güllü baxça göy üzunə bənzəyir.


Mən geyib ağ donumu güllərə qarışıram,
“Aya dönən gözəlin nağılın” danışıram.
Sən durub pəncərədə gülə-gülə baxırsan…
İndi necəsən görən, səndəmi darıxırsan?


Oyanmaq istəmirəm mən bu şirin röyadan,
Nə olar bircə dəfə yaşat, öldürən adam.
Bircə dəfə toxunsun əllərinə əllərim,
Qulağına söyləyim, “Mənim dəlimsən, dəlim”.


Qoy bir gecə hisslərim lap ee həddini aşsın,
Saclarım pencəyinin düyməsinə dolaşsın.
Sən tellərimə qıyma, mən inadkar düymənə,
Bürünüb pencəyinə qoy sıģınım sinənə.


Nəfəsin toxunduqca butün vücudum əssin,
Bizi asıb-kəsməyə qoy səhər də təsəssin.
İndi desəm ölürəm, deyəcəksən “döz bir az”,
İntihar deyirəm eee..belə zarafat olmaz…

QADIN

Qucaqla dizlərini,
Qolları yetim qadın.
Bir az ağla ovcuna,
Bəxtinə bitim, qadın!

Ağ gün görən telləri
Küləyə, yağışa ver.
At ,şeytan quyusuna
Ürəyini, daşa ver.

Yandır arzularını,
Canını qurut, qadın!
Unut, Tanrı bildiyin,
Adamı unut, qadın!

Ümidləri yırtılmış,
Dərdləri təzə qadın.
Yıxıl, içinə yıxıl,
Çölünü bəzə, qadın!

Əllərinə cüt öpüş,
Gözlərinə eynək al.
Dünyaya daş qoyanın,
Var-yoxunu yada sal.

Bütün ayrılıqları,
Ölümün əliylə boğ.
Çək, ağrını çək, qadın,
Özünə bir Günəş doğ!

ADAM

Kiri, Tanrının gözündən
Taleyinə düşən adam.
Öz içinə yıxılarsan,
Dərdinə ilişən adam.

Yaramadın alovuna
Quş dimdiyində su qədər.
Burax dünyanın ətəyin,
İnadkar olma bu qədər.

Sən hələ saydığını say,
Gör, bir Fələk nə sanayar.
Sinəsində dağ gəzənin
Ayaq izləri qanayar.

Kiri, bu bəxtə ,qismətə
Qoyulası ad tapmazsan.
Dəryalardan bir damla su,
Cəhənnəmdən od tapmazsan.

Ovucların qan qoxuyur…
Öz əlində qalan adam.
Bir Allah bəndəsi yoxmu
Səni səndən ala, adam.

 

 

Onda biləcəksən, darıxmaq nədir

Görsən ki, hamıdan uzaqlaşırsan,
Hər şeydən küsürsən, uşaqlaşırsan.
Görsən ki, isitmir canını yataq,
Yeriyir üstünə qaranıq otaq.
Bir həzin mahnıdan dolur gözlərin,
Titrəyir əllərin, əsir dizlərin.
Həsrət pəncərənə çəkəcək naxış,
Gözündən baxacaq kövrək bir baxış,
Qəlbinə yağacaq dəli bir yağış.
Tutan olmayacaq ruhuna çətir,
Onda biləcəksən, darıxmaq nədir.
.
Görsən ki, sıxılır ürəyin yaman,
Ötmür dəqiqələr, keçməyir zaman.
Görsən ki, saatla getmirsən yola,
Əqrəblər hirsinlə girər qol-qola,
Gecələr yuxunu əlindən alar,
Səhərlər mürgülü bir nəğmə çalar.
Yenə də hər işə gecikəcəksən,
Köynəyin tərs üzün geyinəcəksən,
Sonra, öz-özünə deyinəcəksən,
Yenə deyəcəksən: “günah səndədir”
Onda biləcəksən darıxmaq nədir.
.
Bir gün küsəcəksən özün-özündən,
Düşüb itəcəksən sən öz gözündən.
Sanki qırılacaq içində nəsə,
Bir vaxt hər şeyinmiş elə o “nəsə”.
Olar ürəyinin boşluğu çoxluq,
Dolar o boşluğa mən adda yoxluq.
Bax, onda özünü danlayacaqcan,
Bax, onda sən məni anlayacaqsan,
Onda xəyalıma yalvaracaqsan,
Deyəcəksən: “Qayıt, Allaha xətir!”
Onda biləcəksən darıxmaq nədir..

Müstəqil.Az 
mersin escort