“Hayıfsındı, yandı Cəmil, Səyyad “Sarıtel” oxudu…”-Cəmil Hüseynlidən Aşıq Səyyadın xatirəsinə…

Bir neçə gün əvvəl çox üzücü bir xəbər eşitdim. Azərbaycan aşıq ifaçılığı sənətinin görkəmli nümayəndələrindən biri, respublikanın əməkdar mədəniyyət işçisi aşıq Səyyad Pənahov bizləri əbədi tərk etdi. Aşıq Səyyad təqribən son 60 ildə aşıq ifaçılığında öz yeri, öz dəsti-xətti olan sənətkar idi. Bir çox aşıq mahnıları Səyyad Pənahovun ifasında yeniləşdi, təravətləndi və gözəl bir ahəng aldı. Xüsusən “Baş sarıtel” havası aşığın ifasında sanki yenidən yarandı, ifaçı bu havaya öz möhrünü əbədilik vurdu. Eləcə də “Ruhani”, “Cəlili”, “Koroğlu havaları” Səyyadın ifasında çox möhtəşəm alındı, Qafqazda, İranda və Türkiyədə onu dinləyicilərə sevdirdi. 1980-90-cı illərdə aşığın yaradıcılığı ən gözəl zirvələrə qovuşdu, hətta onu əfsanəvi dərəcədə məşhurlaşdırdı. Böyük sənətkarlığı ilə yanaşı sadə, xoş rəftarlı şəxsiyyəti, daim elin içərisində olmağı, ömrünü ancaq əzəmətli aşıq sənətinə bağlamağı Səyyadın el içində böyük hörmətinə səbəb oldu. Onun məlahətli səsi təbiətin bəxş etdiyi bir nemət idi, bu nemət 70 il bir bulaq kimi çağladı. Səsin yaddaşlarda əbədi həkk olundu, ruhun şad olsun, ustad!

Yar sağaldı, dərd sovuşdu,
Səyyad “Sarıtel” oxudu.
Abbas Gülgəzə qovuşdu,
Səyyad “Sarıtel” oxudu.

Söykəndiyi oba-eldi,
Bir adı da Sarıteldi,
Hamı onu döğma bildi,
Səyyad “Sarıtel” oxudu.

Məclislərdə, bulaqlarda,
Haça dağda, yaylaqlarda,
Ağır toyda-yığnaqlarda,
Səyyad “Sarıtel” oxudu.

Səsi aydın, ləmsi şirin,
Görünəcək vallah, yerin,
Məskənidir ürəklərin,
Səyyad “Sarıtel” oxudu.

Köçün niyə oldu qəfil,
Dəyişməmiş nə il, fəsil,
Hayıfsındı, yandı Cəmil,
Səyyad “Sarıtel” oxudu.

Cəmil Hüseynli

 

mersin escort