“Boz ədəbiyyata xidmət edən qadınlar müxtəlif vasitələrlə müxtəlif alimlərin, akademiklərin yanına yollar tapırlar və onları bezdirib kitabları üçün “xeyir-dua” alırlar” – MÜSAHİBƏ

Müstəqil.Az bu gün ömrünün 55-ci ildönümünü qeyd edən tanınmış şairə Fərqanə Mehdinin Bakı Xəbərə verdiyi müsahibəni olduğu kimi təqdim edir:

Fərqanə Mehdiyeva: “55 illik yubileyimdə hansısa bir mükafat verilərsə, bunu yaradıcılığıma, ömrümü həsr etdiyim poeziyama bir töhfə hesab edərəm”

 

 “Bir də görürsən ki, bir evdar qadın, yaxud şeirin nə olduğunu bilməyən bir xanım “şeir gətirmişəm, çap edin” deyir, “şeir”i oxuyuram, görürəm ki, bu şeir yox, maklaturadır, sadəcə, söz yığınıdır, “bunu çap edə bilmərik” deyirəm”

 

Qadın özü elə şeirdir. Təpədən dırnağa poeziya, lirik duyğular mücəssəməsidir qadın. Şeirdən biçilən qadının özü şeir yazanda sözlə gözəlliyin, ruhla ürəyin qırılmaz vəhdəti yaranır. 55 illik bir ömür yolu gələn, bu yolda qarşısına çıxan bütün maneələri dəf etməyi bacaran “Ulduz” jurnalının poeziya şöbəsinin müdiri, tanınmış şairə Fərqanə Mehdiyeva daxilən də, zahirən də şeirin özünə bənzəyir.

Fərqanə xanımla söhbətimiz zamanı o, 55 yaşın həyəcanlarını, şeirimizin bu gününü, ədəbiyyatımızın vəziyyətini dilə gətirdi.

– Fərqanə xanım, 55-in astanasında Sizi xoş gördük. Nədir bu yaşın həyəcanı, sevinci?

– Əslində, 55 yaşıma çatmağımı çox arzulayırdım. Keçirdiyim ağır xəstəliklə əlaqədar olaraq heç bu yaşa çatacağıma ümid etmirdim. Hey düşünürdüm ki, görəsən 55 yaşımı görmək mənə nəsib olacaqmı? Şükür Allahın bu gününə, mən bu yaşımı görə bildim.

– Şeirlərinizdən birində deyirsiniz ki: 
Donmuşam, yumşaq deyiləm,
Əyilmişəm, şax deyiləm,
Mən daha uşaq deyiləm,
Deyib də “gözlə” aldatma…

Yəni şairləri belə tez aldatmaq olur ki?

– Bilirsiniz, şairlər uşaq kimidir. Şairi aldatmağın nəyi var ki… Deyim ki, 55 yaşım olmasına baxmayaraq, yenə də məni aldatmaq mümkündür. Çünki şair özü hiyləsiz, riyasız olur. Mən əsl şairdən danışıram. Bu şəhər, qaynar həyat ürəyimi, ruhumu dəyişdirə bilmədi. Yenə əvvəlki duyğularımla, ruhumla yazıram. Nəyi yaşayıram, onu da şeirə çevirirəm. Ümumiyyətlə, bəzən deyirlər ki, şairlər görüb müşahidə etdiklərini yazırlar. Bir tərəfdən razıyam ki, bəli, şairlər ictimai həyatda qarşılaşdıqlarını yaza bilirlər, amma, bütövlükdə, şair özünü, öz yaşantılarını, öz həyatını və taleyini yazır. Burada başqa təsir yoxdur. Kim nə yaşayır, onu da şeirə çevirir. Yalandan demək lazım deyil ki, başqasının həyatını, taleyini yazıram. Yaşamadığını necə yaza bilərsən ki?!

– Qadının şair olmağı çox çətindir. Bəzən “belə yazsam görəsən cəmiyyət, yaxud tanıdıqlarım mənim haqqımda nə düşünər” deyir qadın şairələr. Siz necə, heç belə bir dilemma ilə qarşı-qarşıya qalıbsınızmı?

– Mən şeirin, ədəbiyyatın, xüsusən də yaradıcılığın qadın və kişi ayrıntılarına bölünməsini qəbul etmirəm. Şair elə şairdir. Burada əsas meyar istedaddır. Ancaq fərqləndirmək lazım gələrsə, deyim ki, Azərbaycanda çox güclü qadın poeziyası olub və bu gün də var. Ədəbiyyatımızın çox nəhəng qadın simaları olub. Onları siz də oxumusunuz, əsərləri ilə tanışsınız. Bəli, qadının şair olmağı çox çətindir. Deyərdim ki, məşəqqətdir. Qadın şairdirsə, həmişə fikri şeirin yanında olur. Bu da ona çətinliklər yaradır. Sən həm ev, həm uşaq, həm həyat yoldaşı, həm gündəlik qayğılar, həm də şeir və ədəbiyyat haqqında düşünürsən. Hələ, üstəlik, başqa təsirlər və qayğılar da var. Əlbəttə, bir qadının bunları daşıması çox çətindir, ağırdır. Mən hələ şeirimə görə hansısa bir dilemma qarşısında qalmamışam. Yoldaşım məni çox yaxşı tanıyır, şeirlərimi oxuyur. Nə yaxşı ki, həyat yoldaşım var, yoxsa mənim vəziyyətim necə olardı, bilmirəm… Elə vaxtlar olub ki, şeirə görə çayım qaynayıb daşıb, xörəyim yanıb, aləm bir-birinə qarışıb. Bilirsiniz, həmişə şeirin yanında oluram. Elə hallar olur ki, evdə söhbət edirik, oğlum nə isə danışır, sonra ona mənim münasibətimi soruşur. Cavab verə bilmirəm, onda bilir ki, yenə şeir haqqında fikirləşirəm və beynimdəki misraları kağıza köçürmək istəyirəm.

– Həyat yoldaşınızın yaradıcılığınıza münasibəti necədir?

– Yaxşıdır. Məni ən çox oğlum oxuyur. O, əslində, ədəbiyyat, poeziya vurğunudur. Həyat yoldaşım həyatda ən çox güvəndiyim, arxalandığım insandır. Mənim yaradıcılığıma həmişə dəstək olub. İnanın ki, mən İranda xəstə yatanda, o çox əziyyət çəkdi. Ağır günlərimdə yanımda oldu. Mən xəstəxanada əzab çəkəndə əlini göyə atıb Allaha yalvarırdı ki, mənə rəhm eləsin (ağlayır). Mən ondan yerlə göy qədər razıyam. İnanın ki, məni həyatda o idarə edir.

– Fərqanə xanım, Siz çağdaş poeziyamızın sayılıb-seçilən simalarından birisiniz. Bu öz yerində. Hazırda “Ulduz” jurnalının şeir şöbəsinə rəhbərlik edirsiniz. Şairlərlə necə yola gedirsiniz? Sizdən narazı qalanlar olurmu?

– Sözsüz ki, “Ulduz” jurnalı ədəbi dərgilər sırasında öz sanbalı, missiyası, ədəbiyyatımıza xidmətilə seçilir. Xüsusən də gənclərin ədəbiyyata gəlməsinə güclü təkan verir. Ədəbiyyatımızın bu günü və sabahı haqqında bədbin deyiləm. Bu gün çox gözəl şairlərimiz var. Ədəbiyyatımıza çox istedadlı gənclər gəlib. Amma təəssüf ki, istedadlı gənclərimiz çox azdır. İndi daha çox Azərbaycan poeziyasına xas olmayan izimlər arxasınca gedənlər var və onların yazdıqlarını adam oxuyanda təəccüblənir ki, bunun harası poeziyadır? İndi özünü modernist, postmodernist kimi təqdim edənlər çoxalıb və bu da, əlbəttə, təhlükəli haldır. Şeir yaza bilməyən adamların şairliyə iddia etməsi doğrudan da gülünc görünür. “Ulduz” jurnalında işləyəndən ən çox boz ədəbiyyat təmsilçilərinin haqsızlıqları ilə qarşılaşıram. Bir də görürsən ki, bir evdar qadın, yaxud şeirin nə olduğunu bilməyən bir xanım “şeir gətirmişəm, çap edin” deyirlər, “şeir”i oxuyuram, görürəm ki, bu şeir yox, maklaturadır, sadəcə, söz yığınıdır, deyirəm ki, bunu çap edə bilmərik. “Şeir” yazan evdar qadınlar əsəbləşirlər ki, şair olmasaydım, filan akademik kitabıma ön söz yazmazdı, redaktoru filan xalq şairi olmazdı. Bu akademiklər, professorlar, xalq şairləri nəyinsə xatirinə, hansısa təmənna qarşılğında ədəbiyyata dəxli olmayan adamları niyə bu qədər şərəfləndirirlər? Bu gün bir dəstə qadın peyda olub, “şairəm”deyib meydana çıxıblar, televiziyalarda çıxışlar edirlər, toylara tamada kimi gedirlər. Bu da, əlbəttə, onların şair olmamasının göstəricisdir. Təəssüf ki, bu gün boz ədəbiyyatın, rəngsiz, ruhsuz poeziyanın təmsilçilərinin sayı get-gedə çoxalır. Əvvəllər ərindən boşananlar “müğənni” olurdu, indi isə “şair” olurlar. Özü də bir iddia ilə, bir hikkə ilə jurnallarda çap olunmaq istəyirlər ki… Təbii ki, ədəbiyyata aidiyyəti olmayan, şeir yaza bilməyən adamın ədəbiyyat adamı adına iddialı olması qəbuledilən deyil. Bəzən belə adamlara mükafatlar, fəxri adlar verilir. Onlar bu mükafatları hansı yollarla əldə edir, məlumdur. Ədəbiyyatla bağlı mükafatlar əsl ədəbiyyat adamına verilməlidir ki, o öz zəhmətinin bəhrəsini görə bilsin. Doğrudur, biz mükafata, fəxri ada görə şeir yazmırıq, amma mükafatlar şairə, ədəbiyyat adamına stimul verir.

– Sizcə, boz ədəbiyyat təmsilçilərinə nə üçün ədəbiyyatda belə şərait yaradılır? Akademiklər, professorlar, xalq şairləri, xalq yazıçıları niyə onlara “yaşıl işıq” yandırırlar?

– Bunun müxtəlif səbəbləri var. Başlıcası isə odur ki, boz ədəbiyyat nümayəndələri yazdıqlarını qoltuqlarına vurub qapı-qapı gəzirlər, həmin alimləri, ədəbiyyat xadimlərini bezdirirlər. Birmənalı olaraq deyirəm ki, akademiklər, professorlar, ədəbiyyat xadimləri o insanların əlindən bezdikləri üçün onların kitablarına ön söz yazırlar. Bəlkə də heç özləri yazmır, köməkçilərinə tapşırırlar ki, onun kitabı üçün beş-üç cümlə cızma-qara et getsin. Elə adamların kitablarına rast gəlirəm ki, rəyçilərin elə böyük adamlar olduğunu görürəm. Boz ədəbiyyata xidmət edən qadınlar müxtəlif vasitələrlə müxtəlif alimlərin, akademiklərin yanına yollar tapırlar və onları bezdirib kitabları üçün “xeyir-dua” alırlar.

– Fərqanə xanım, səhv etmirəmsə, İranda şeirlər kitabınız çap olunub. Şeirləriniz orada necə qarşılanır?

– Bəli, Təbrizdə “Məni yağışda saxla” adlı şeirlər kitabım nəşr olunub. İnanın ki, onlar qüzey Azərbaycan şairlərinin şeirlərini çox sevirlər. Məmməd Arazı, Bəxtiyar Vahabzadəni, Şahmar Əkbərzadəni əzbər bilirlər. Yaradıcılığıma gəlincə, deyim ki, mənim şeirlərimi də sevirlər. Mən buradan ora gedəndə təkcə öz şeirlər kitablarımı deyil, həm də həmkarlarımın, şair dostlarımın şeirlər kitablarını da aparıram. Bununla da orada bu tay ədəbiyyatın təbliği ilə də məşğul oluram. İstəyirəm təkcə mənim yaradıcılığımı deyil, həm də həmkarlarımın şeirlərini oxusunlar.

İndiyə qədər 7 şeirlər kitabım çıxıb və həmişə ədəbiyyata, poeziyaya xidmət etmişəm.

– 55 illik yubiley ilində gözləntiləriniz nədir?

– Sözün düzü, ədəbiyyata aid bir sıra mükafatlar almışam. Mikayıl Müşfiq mükafatı,  Rəsul Rza mükafatı və s. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüyəm.

Bilirsiniz, şairin varı-dövləti, qazancı oxucudur, oxucu rəyi, oxucu fikridir. Bu amil mənə böyük stimul verir. Hiss edəndə ki, sənin yazdıqlarını oxuyurlar, bu sənə qol-qanad verir. Hətta biləndə ki, şeirdən heç bir qazancın, gəlirin yoxdur, onda da oxunmağın sənin üçün böyük maddi dəyərdən artıq olur. Bu gün ədəbiyyatda, sənətin müxtəlif sahələrində tanışbazlıq, yerlibazlıq, qohumbazlıq çoxalıb, bu, sözsüz ki, sənətə zərər vurur. Yaxşı ədəbiyyatın yaranmasına, onun keyfiyyətinə zərbə vuran bu amillərin ədəbiyyatda olması ağrılı bir haldır. Nə edək ki, bundan canımızı qurtara bilmirik. İndi onun-bunun yerinə şeir yazan, roman yazan o qədər adam var ki. Adamlar tanıyıram ki, başqalarına şeir, nəsr, elmi iş yazmaqla dolanır, ailəsini saxlayır. Əslində, bu, ədəbiyyata xələl gətirir, bu sahəyə aidiyyəti olmayan boz ədəbiyyat nümayəndələrinin meydana çıxmasına şərait yaradır. Bir çox hallarda əsl söz adamı kənarda qalır, ancaq mükafatları haqqı olmayanlara verirlər, onlar da hər yerdə “mükafat”ları ilə öyünürlər. Əlbəttə, özgəsindən pulla aldığı şeir, poemaya görə şöhrətlənənlər də yox deyil. Onlar cild-cild kitablar çap etdirirlər və bu kitablarla sarayları, institutları, başqa məkanları “işğal” edən adamların sayı yaman çoxalıb. Onlar televiziyalarda da, başqa yerlərdə də başa çəkilirlər. Ömründə əlinə qələm almayan bir adam 50 yaşından sonra “şair” kimi qəfil meydanda peyda olur. Bunlar kütləvi olsalar da, nə yaxşı ki, əsl şairlər, istedadlı adamlar onların kölgəsində itib batmır, əksinə, daha da parlaq görünürlər.

55 illik yubileyimə gəlincə, çox istəyirəm ki, qələm dostlarımı başıma toplayıb yaddaqalan bir məclis təşkil edim. Bu həm də mənim ədəbi ictimaiyyət və oxucular qarşısında bir yaradıcılıq hesabatım olacaq. Mükafata gəlincə, yuxarıda dediyim ki, bir sıra mükafatlarım var. Ancaq 55 illik yubileyimdə hansısa bir mükafat verilərsə, bunu yaradıcılığıma, ömrümü həsr etdiyim poeziyama bir töhfə hesab edərəm.

İradə SARIYEVA

mersin escort