“O qədər uzaq olasan,Uğrunda üzməyə məharət ola, batmağa çatmağa cəsarət ola…”-Ceyhun Aranlı… 

Müstəqil.Az     Ceyhun Aranlının  yeni şeirlərini təqdim edir:
….
Boş keçən gün,gün deyil…
 
Kədəri olmayanın,
şad xəbər eşitməyi,
əslində, mümkün deyil…
Bir insanın qayğısız,
kədərsiz ömr etməyi,
məncə də, düzgün deyil,
Boş keçən gün, gün deyil…
 
Bu boşluğu dolduran,
ömrünə naxış vuran,
Bir sevdiyin də yoxdu,
“sevirəm” deyə hər gün,
tərk edib gedə bir gün…
 
Bir gün qayıdar deyə,
o getdiyi yollara
nəzər sala gözlərin,
Xatirələr içində,
azıb qala gözlərin,
Qəmə dala gözlərin…
 
Bir şəkil də tapasan
köhnə telefonundan,
onunla çəkdirdiyin…
Bir az qarışıq düşən,
gözünə işıq düşən,
yaxşı düşməyib deyə,
Heç, əvvəl baxmadığın,
Qaramtıl düşən şəkil…
Yana-yana baxasan,
için yana, göynəyə,
O qaramtıl şəkildə,
nə acılar var imiş,
Nələr gizliymiş deyə…
 
Kədəri olmayanın,
şad xəbər eşitməyi,
əslində, mümkün deyil…
Bir insanın qayğısız,
kədərsiz ömr etməyi,
məncə də, düzgün deyil,
Boş keçən gün, gün deyil…
 
Bir az pul itirəsən,
gəzintiyə gedəndə,
ya küçədə, ya tində…
ya dostunun evində,
məsəl, yadından çıxa,
qala telefonun da…
Bir iki gün axtarıb,
tapasan ən sonunda…
 
Həyat sənə maraqlı,
Bir az da, dolğun gələ…
Bahar əlbət, gözəldir,
amma könül istəyir,
Heç olmasa, hərdənbir,
Qar yağa, çovğun gələ…
İnan ki, qış olmasa,
Adam bahardan bezər,
Güllü bağçada insan,
Axı, nə qədər gəzər?
Qışın soyuq şaxtası,
Əziyyəti, qovğası,
Bizə sevdirir yazı…
 
Kədəri olmayanın,
Şad xəbər eşitməyi,
Əslində, mümkün deyil…
Bir insanın qayğısız,
Kədərsiz ömr etməyi,
Məncə də, düzgün deyil,
Boş keçən gün gün deyil…
…..
BƏLKƏ DƏ…
 
Soyunasan bir-bir,
bütün dünənlərini.
Lap,
ana bətnini soyunub,
ana qucağına büründüyün günə kimi…
Çılpaq qalasan eey,
tamam çılpaq.
Sonra,
hamısını tərsinə çevirəsən,
yəni “sabah üzünə”
yenidən başlayıb geyinəsən
təmiz üzünü…
 
Yığıb yandırasan,
bütün yanlışlarını.
İstisində qızına-qızına,
doğru yolun xəritəsini cızasan.
 
Soyunasan
bütün günahlarını…
Yuyunasan,
bütün günahların
Yuyulub axa göz yaşlarınla.
 
Bilmirəm, bəlkə də,
Günahların çirkabıdı,
Ağlayarkən, insanı eybəcərləşdirən…
…..
DEYİRƏM…
 
Deyirəm, o qədər uşaq olasan…
Üst-üstə qoyduğun
xəyallarından
ucalan,
böyük bir imarət ola.
Qoyanda
sonuncu daşı tələsik,
Önündən keçərkən
bir qara pişik,
toxuna,
Acı bir fəlakət ola…
 
Deyirəm,
o qədər uşaq olasan,
diksinib görəsən,
Dağılan saray,
Domino daşından ibarət ola.
 
Deyirəm,
ən uzaq “uzaq” olasan,
yaxın uzaqlara həqarət ola.
uzaq yaxınlardan
bir gözəl gələ,
damarında üzə,
çıxa “sahilə”,
bir ömür, qəlbində
qalıb dincələ.
Ən uzaq uzağa “birinci səfər”,
“birinci edilmiş səyahət” ola.
Deyirəm, o qədər uzaq olasan,
Uğrunda üzməyə məharət ola,
Batmağa,
Çatmağa cəsarət ola.
mersin escort