HARDAN-HARA…

Təranə Fazilqızı

(Hekayə)

Qatardan platformaya gedən adamların hay-küyü, arabaların çoxluğu  Yusif kişini karıxdırdı. Üzünə düşən yağış damcılarında kəsif rütubət qoxusunu ciyərlərinə çəkib sağa-sola fırlandı. Ayağına dolaşan çamadanı sürütdüyub vağzalın gözləmə zalına keçdi. Boş oturacaq tapıb əyləşdi. Palçığa bulaşmış şalvarına, lehməli ayyaqabılarına baxıb köksünü ötürdü. Axır ki, 52 il, 3 aydan  sonra,  soyuq Ukrayna torpağından Vətəni Azərbaycana qayıtmışdı.

Həyəcandan  ürəyi şiddətlə döyündü, doğma kəndinə qovuşmağa bir neçə saat qalsa da, deyəsən gəldiyinə peşman olmuşdu. İşdi şayəd birdən qohumları onu soyuq qarşılasaydılar o, nə edəcəkdi? –deyə, düşündü. Vaxt-bivaxt yuxularında gördüyü küknar ağacı, su dəyirmanı, o müdhiş günün ona deyilən “oğru balası” damğasını ömürlük yaddaşına həkk etmişdi. Hadisələrin kəskin dəyişkənliyi onu  kənddən qaçmağa vadar etmişdi. O zamanlar gəncliyin saflığından elə düşünürdü ki, onu axtaracaq, nigaran qalacaqdılar. Lakin…

Bir neçə gündən sonra, ünvanı  bilindiyi  zaman belə, heç nə dəyişməmiş,  atası, qohumlar  tərəfindən adi  qəbul olunmuşdu. Atası bir-iki ağız danlasa da, son sözü belə olmuşdu:“Bəlkə də səninçün belə daha yaxşıdı, oğul”.

Bu onu sarsıtmışdı. Zamanı geri qaytara bilsəydi, nə küsüb gedər, nə də öz içinə qapılardı. Nələri edərdi, yüz fikirləşsə də artıq gec idi, olan olmuşdu…

Vətən həsrəti onu için-için göynətsə də, küskünlüyü  ürəyində qübar bağlamış, zamanla qürura, yaş ötdükcə onu kövrəkliyə gətirib çıxarmışdı…

Ətrafa yayılan xalq musiqisi iliklərinə qədər işlədi. Gözləri doldu. Əlini ağarmış sıx saçlarına daraq kimi çəkərək qocalğın kövrəkliyiınə acığı  tutdu…

***

Yusif ata-anasının sevimli övladı, böyük nəslin törəməsi, Ələkbər kişinin oğlu idi. Atası kənddə sayılıb-seçilən kişilərdən, anası gəlmə ruslardan idi. Deyilənə görə,  o, cəmi dörd ay ana məhəbbəti, nəvazişi görmüşdü. Çobanlıq etməsi, qonum-qonşu işinə yarıması o zamanlar Yusifin eyninə də deyildi. Ona toxunan  əmi arvadları tərəfindən haqq-nahaq döyülməsi, yaşıdlarının onunla oynamaması idi…

İrina bir neçə il idi ki, qabaqcıl rayonun  baş idarəsində mühasib işləyirdi.  Qəfil gələn yoxlama onun rahatlığını əlindən almış, yuxusuna haram qatmışdı. Səhər tezdən müfəttişlər idarəyə gəlib bütün sənədləri diqqətlə nəzərdən keçirər, pul kağızları hesablanar, hesabat aparılardı. Nahar fasiləsi zamanı bir-birindən dadlı bişirilmiş yeməklər belə, gələn qonaqların eynini açmazdı. Onun üçün bu yoxlamalar  üzücü olsa, da, hesabat verir, gün batandan sonra evə qayıdırdı. İşində nöqsan tapmağa çalışan yoxlama  bir yana, yeni doğulmuş körpənin çığırtısı da ona dinclik vermirdi. Körpə aramsız ağlamığı ilə, elə bil bədbəxtliyin astanada olduğunu bildirirdi. Ona dikilən şübhəli baxışların altında sıxıldıqca sıxılır, dili topuq vururdu. Elə  düşünürdü ki, hər an qolu qandallı apara bilərlər. Bu hiss canını  üşüdür, onu vahiməyə salırdı.

Bir aya yaxın aparılan gərgin yoxlama  nəticəsində böyük yeyinti olduğunu aşkar etdilər. Küllü miqdarda dövlət pulu mənsimsənilmişdi.  İrina həyat yoldaşı Ələkbərdən  kömək diləsə də, o, bu ləkəni  silməkdə aciz idi. Gücü çatan, əli yetən qapı qalmamışdı ki, döyməsin. İkinci dünya müharibəsindən yenicə rahatlığa  çıxan rayon, kənd camaatı arasında bu hadisə çox böyük əks-səda vermişdi. Hamının canına vəlvələ düşmüşdü. Dövlətin, xalqın malına göz dikənlərin sayı günbəgün çoxalır, vətən xainləri həbs olunurdu. O günlər İrinanın da adı oğruluqda, küllü miqdarda haram tikə yeməkdə hallanırdı.  Kənddə adamların üzünə şax baxa bilməyən Ələkbərin xəcalətdən qaməti əyilmiş, bir neçə gündə qocalmışdı.

Qəfil gələn bədbəxtlik, körpənin anadan ayrı düşməsinə səbəb oldu. Ayrılıq zamanı İrina Yusifi qucağında sıxaraq, yana-yana öpüb bağrına basır, ağlayır, fəryad edirdi. Doyunca görmədiyi, əzizləmədiyi körpəsinin əllərinə, boynuna diqqətlə baxır, onun hər cizgisini yaddaşına köçürmək istəyirdi. Körpəsini gül kimi qoxulayan ananın naləsi, fəryadı ən qəddar adamda belə mərhəmət hissi oyadırdı. Yaxın qohum-əqraba bir-birinin üzünə baxmaqdan belə çəkinir, İrinanın halına acıyırdılar. Qadınların vay-şivəsindən fərqli olaraq, kişilər siqareti  üfürməklə dərdi özlərindən uzaq etməyə çalışırdılar…

***

-“Dayı, o siqaretdən birini də mənə ver!”  Oğlanın cır səsi Yusif kişini xəyallardan ayırdı. Əsəbi halda könülsüz  siqaret verdi. Bu azmış kimi, oğlan alışqanda istədi. Xatirələrdən ayrıldığına görə, ürəyində oğlanı məzəmmət etsə, də, siqaretini yandırdı. Oğlan sağ ol,-  deyib uzaqlaşdı.

Yusif götür-qoy edib düşündü. Yaxşı, Bakıya gəlməyinə gəldim. Bəs, indi nə edim. Yoox,  hələ xeyli vaxt var, lazım olsa rayona axşamüstü də gedərəm. Qoy bir kafedən-zaddan tapıb bir loxma çörək yeyim,  sonrası  Allah kərimdi.

Yusif gözləmə zalındakı skamyadan çətinliklə ayağa qalxıb yeridi. Bayıra çıxan kimi yağışın ara verdiyini, hətta Günəşin çıxdığını görüb sevindi. Canını oxşayan bu istilikdən məst oldu. Həsrət qaldığı doğma havanı sinə dolusu içinə çəkdi. Xoşalannıb gözlərini yumdu. Fikrini cəmləşdirib Basin küçəsinə doğru istiqamət aldı. Əzəmətli  binalar,  önünə açılan park, qarışqa kimi tələsən insanlar, ona fərəh verdi. Bakı çox dəyişmişdi. Bu illər ərzində rusiya  telekanallarında Azərbaycan haqda hər hansı məlumatı acgözlüklə dinləmiş,  yaxşı xəbər olanda  rus qohum-əqrabasına çəpəki  baxıb,  Vətəni ilə qürur duymuşdu.  Ailə qurduğu  qadın dini-dili  bir olmasa, da, hər zaman onunla həmfikir olmuş, qayğısına qalmışdı. Lakin, son zamanlar taleyinə vurulan zərbələrdən biri də, yoldaşının yataq xəstəliyinə tutulması olmuşdu.

İndi o, umu-küsünü unudaraq  üz- gözündə sevinc, Bakı küçələrində  ahəstə yeriyir, hər tərəfi  sevgi dolu baxışlarla nəzərdən keçirirdi.  Burnuna dəyən yemək qoxusu mədəsinə şirə kimi yayıldı. Ağzını marçıldadtdı. Ürkək halda boylandı. Qapıda müştəri gözləyən oğlanın –“Xoş  gəlmisiz, buyurun” – deməsi  içəri girməyinə imkan yaratdı.

Oğlan pəncərəyə yaxın boş stol göstərib uzaqlaşdı. Çamadanı stolun altında yerləşdirdi. Özündən razı halda pencəyinin düyməsini açdı. Yerini rahtlayıb oturdu.

Ətrafa göz gəzdirdi. İçəridə seyrək olsa, da, adam vardı. Ağ süfrəli stolların üzərlinə qoyulmuş güllər, stulların başına keçirilmiş  üzlüklər  kafedəki səliqə-səhmandan xəbər verirdi. Əlində kağız –qələm tutan oğlanın ona yaxınlaşıb:

-“Nə yeyəcəksiz?”- sualına düşünmədən çoxdan yemədiyi  küftəbozbaşı  sifariş verdi.

Oğlan gülümsəyib getdi. Yusif kişi sifarişindən məmun halda yerində qurcandı. Adəti üzrə hər iki əlini saçına daraq tək çəkərək səliqəyə saldı.

Bir neçə dəqiqədən sonra süfrəyə qoyulan göy-göyərti və təndir çörəyinin qoxusu uzaq keçmişdə olan bir hadisəni yadına saldı.

***

Kənddə məktəb olmadığına görə, bütün uşaqar kimi o da qonşu qəsəbəyə məktəbə gedirdi. Digər uşaqlar istirahət etdiyi zaman Yusifə aman verməyən əmi arvadarı bir-birin qəsdinə duraraq:

“-Yusif,  get su gətir”, “A, yetim səniynənəm e, eşitmirsən, odunumuz qurtarıb!”, “Başın batsın, sən hələ burdasan?!”.  Belə günlərin birində o, qucaq dolu odunu həyətə tullayıb təndirə tərəf götürüldü. İsti çörəklərin ətri  axşamdan ac yatan Yusifi bir təhər etmişdi. Təndirin yanında istidən xumarlanıb  quyruğunu oynadan pişikdən başqa heç  kəs gözə dəymirdi.  Əlini çörəyə uzatmağı ilə qaynar maşanın qoluna dəyməyi bir oldu. O, kimin vurduğunu oyrənməkçün qəzəblə arxaya döndü. Əmisi arvadı  Gülnazın ikrah dolu səsi onu ağlamaqdan güclə saxladı.

-“Ay yetim, çirkli əlini çörəyə vurma! Rədd ol, işini gör, sonra zəhərrənərsən!”

O, ağrıdan ufuldadı. Ürəyinə neştər kimi batan sözlərdən səsini də çıxartmadı. Əlini çörəkdən çəkib yazıq-yazıq uzaqlaşdı…

***

Buğlana-buğlana gətirilən bozbaşın qoxusu ətrafa yayıldı. Afisiant- “Nuş olsun”-deyərək uzaqlaşdı.

O, iştahı küssə də, əlini könülsüz halda çörəyə uzatdı…

Kafedən çıxanda sərin meh əsirdi. Qarnı tox olsa, da, kefi yox idi. Yaxınlıqdakı parka gedib oturdu. Ürəyindən keçdi ki, bu çamadan olmasaydı  əməlli-başlı rahat gəzərdi. Artlq  yük kimi  çamadanı bir kənara tulladı. Siqaret çıxarıb yandırdı. Tüstüdən yaranmış burulğanı əli ilə havada yelləyərək gözlərini məchul bir nöqtəyə dikdi…

***

Günlər-aylar  sürətlə  keçir, Yusif  böyüyürdi. Uzun boyu, bəyaz siması, qaşqabaqlı vücudu ona ümumilikdə yaraşıqlı görkəm verirdi.

O, əmisi uşaqlarıyla qaynayıb qarışmırdı. Tək-tənha dolanmağına böyüklər  səbəbkar olsa da, atası Ələkbər kişi onu adama yovuşmazlıqda, tərslikdə danlayar, məzəmmət edərdi. Son günlər kənddə dolaşan xəbərlərdən biri də atasının evlənmək fikrinə düşməsi idi.  Yusifə  qaranlıq qalan bəzi məqamları atasıyla bölüşmək istəsə də, həmişə ondan çəkinir, ehtiyat edirdi. Həmən gün hərrənib-fırlanıb atasına yaxınlaşdı:

 -“Ata, vaxtın varsa danışa bilərik?

Ələkbər oğlunun  arıq vücudunu ilk dəfə görürmüş kimi ona diqqətlə baxıb dedi:

-Həəə  Yusif, mənim də sənə deyəcəklərim var. O, əlini Yusifin kürəyinə qoyub  “Gəəl, gəl, gedək bala”, – deyə, evə sarı üz tutdu. Atasından bunu gözləməyən Yusif, ona çatmağa çalışdı. Onlar böyük otağa keçib, üzbəüz oturdular. Nigarançılıq  ikisinin də üzündən oxunsa da heç biri danışmırdı. Yusif özünü toxtatmağa çalışsa, da, nədən, necə, başlayacağını bilmirdi. Ələkbər kişi dərindən  köks öturüb  dedi:

-“Eh Yusif, Yusif! Keçən illər ərzində çox hadisələr olub. Bilmirəm indi bunu sənə danışmağın yeri var, ya yox, amma istiyirəm biləsən. Dərdimi unutmaqdan ötrü gecə-gündüz işləmişəm, təki boş vaxtım olmasın, heç nə  fikirləşməyim.  İşimin çoxluğunu bəhanə edib səndən uzaq gəzmişəm. Ona görə yox ki, səni istəmirəm. Yox, bala, sadəcə sənin mənə verə biləcəyin suallardan qorxmuşam. Hər kəsin anası olduğu halda, bəs mənim anam hanı deyərək, məni sorğu-sual edəcəyindən narahat olmuşam. Həmişə səni görəndə vicdan əzabı çəkmişəm, xəyalən ananı yanımda hiss etmişəm. Bilirsən niyə? Çünki sənin gözlərin eynən anankı kimidi. Ananın cizgilərini səndə axtarmış, yatdığın vaxt başımı başına söykəyib gizlincə  ağlamışam. Səhər açılanda qazanc dalınca  gedib, şər qarışanda evə qayıtmışam. Hələ körpə ikən ana sevgisindən uzaq əmi arvadlarının tənəsində, danlağında böyümüsən. Bunları sən deməsən də, mən bilirəm oğul! Mən də az əziyyət çəkməmişəm. Nə deyim, sözün qısası eşitməmiş olmazsan. Mən evlənirəm.

O, əlini dizinə qoyub ayağa durdu. Yaxınlaşıb nəvazişlə Yusifin saçına sığal çəkdi.

-“Maşallah olsun, day böyüyüb yekə oğlan da olmusan. Bu gün sabah məktəbi qurtaracaqsan. İnstituta hazırlaş, gedərsən  Bakıya, Həsən əmingilə.  Allah kərimdi bəlkə elə girdin də.  Bu dünyanın işini bilmək olmur bala”. O sözünə ara verib getməyə hazırlaşanda Yusif həyəcanlı səslə:

-Ata, məni anamın taleyi maraqlandırır. Niyə onu azad etmədin?  Əlaqələriniz necə oldu ki, kəsildi?

Otaqdan çıxmağa hazırlaşan Ələkbəri  Yusifin sualı çaşdırdı. O, bunu gözləmədiyindən duruxub nə edəcəyini bilmədi. Otaqda var-gəl edib,  stulda əyləşdi. Əllərini gicgahına aparıb ovuşdurdu, barmaqlarını bir-bir sıxaraq, yerində qurcandı. Çətinə düşdüyü vücudundan bəlli idi.

Yusif, mən yaxşı ər, ata ola bilmədim. Bəlkə də, danışacağım hadisədən sonra sənin  gözündən düşəcəm, amma Allah şahiddi nə etmişəmsə sənə görə olub. Deməli qismət belə imiş. Tanrının yazdığı taleni pozmaq heç birimizin əlində deyil!

Təlaşdan Yusifin rəngi ağardı. Atasını heç vaxt belə görməmişdi. İlk dəfəydi ki, böyüklər kimi oturub söhbət edirdilər. O, oğluna baxıb dedi:

-Mənim taleyim gətirmədi, bala! Anan türmədə yatandan sonra el-obaya çıxa bilmədim. Hər yerdə məndən, anandan danışdılar. Mümkün deyildi, dözə bilmirdim tənəli  baxışlara. Üzümə gülüb təskinlik verənlər, kənardan dalımca danışırdılar, arvad  kimi  qeybət  edirdilər. Yaxın qohum əqrəba, əmilərin yığışıb məşvərət, məsləhət etdik. Qərara alındı ki, mən türməyə gedəndə anana sənin ölüm xəbərini verim. Bu gələcəkdə həm ona, həm də sənə yaxşı olardı. Onsuz da ona olan olmuşdu. İçəridəki hadisələr azdan-çoxdan bizə gəlib çatırdı. Anan sənin xiffətini çox çəkirdi. Zindanda belə Yusifim deyib, gecə-gündüz ağlar, yeməkdən belə imtina edib zarıyarmış. Biz zamanla ötüb keçəcəyini düşünmüşdük deyə, sənin ölüm xəbərini  ona çatdıranda həyəcandan qışqırıb ürəyi getmişdi. Özünə gələndə isə bircə bunu demişdi:

“Ələkbər,  mənim həyatım məhv oldu. Burdan nə vaxt çıxacağım da məlum deyil. Demək bizimki bura qədərmiş. Səni and verirəm Yusifin ruhuna məni axtarma”- deyib, görüş zalını tərk etmişdi.

Düzü çox keçməmiş mən də  boşanmaya ərizə verdim. Ona bu xəbəri çatdırsalar da, heç nə deməmişdi. Bir-iki dəfə görüşə çağırsam da  gəlmədi.  Taleyinə, qəzavü-kədərinə körk olub oturdu.

Mənə elə baxma, Yusif!  Nə etmişəmsə, sənə görə olub. Sonralar günahımı yumaq istəsəm də alınmadı, onu tapa bilmədim. Öyrənib araşdırdım, məlum oldu ki, nümunəvi dustaq kimi rəhbər işçilərin diqqətindən yayınmayıb.  İşi azalıb, icbariyə keçib. Həmin dövrdə türmədə işləyən rus generalının  anandan xoşu gəlibmiş, ailə qurub onunla  birlikdə  Azərbaycandan getməyi təklif etmişdi. O, da buna razı olmuşdu. İndi illər keçəndən sonra, hardasa vicdanım rahatdır ki, ərə gedib, yəqin ki, indi uşaqarı da var.

Oğlunun pörtmüş üzünü  görmək ona ağır olsa da,  heç nə demədən otaqdan çıxdı. Yusif, duyunləmiş barmaqlarını ovcuna sıxıb oturmuşdu. Boğazında ilişib qalmış düyünü ha  udqunsa da içəri ötürə bilmirdi. Gözləri bərəlmiş halda özünü həyətə atdı. Ürəyi  gicgahında vurur, əli-ayağı əsirdi. İtirəcəyi heç nə yox idi, bundan sonra  nə edəcək, hara gedəcək deyə, düşünürdü. Məzun olmasına azı 10 gün qalmışdı. Kaş ki, bu günləri sakit yola verə bilsəydi…

Səhər üz-gözü şişmiş yorğun  halda yuxudan durdu.  Heç nəyə həvəsi yox idi. Axşamdan  götür-qoy etsə, də, gümanı qonşu kənddə yaşayan  Rəhmana idi.  Ara-sıra  eşitdiyi sözlərdən belə məlum olmuşdu ki, böyük qardaşı Rusiyada şaxtaçı işləyir. Yaxşı da pul qazanır. Bircə ümidi, təsəllisi o oğlan idi. Tez bir zamanda onunla danışacaq, çıxıb gedəcəkdi. Heç vaxt belə qətiyyətli olmayan Yusif  birdən – birə dəyişmiş, özündə cəsarət duymuşdu.

Nəhayət  gözlədiyi  gün gəlib çatmışdı.  Qonşu kənddəki oğlan ona kömək edəcəyini, tezliklə gedəcəyini  etmişdi.

Bu gün sonuncu gün idi. Yaşadığı evi, böyük həyəti, dəyirmanı da yaddan çıxartmamış, sevdiyi yerləri bir-bir dolaşmışdı. Atasına oğrun-oğrun baxıb, onun hər cizgisini yaddaşına köçürmək istəyirdi. Özünə söz vermişdi, varlanıb iş adamı olanda heç kimi axtarmayacaqdı. Sənədlərini və bir neçə nimdaş  əyin başını axşamdan hazırlayaraq gecəylə kəndi tərk etmişdi…

Sonra, nələr gəlməmişidi  başına. Döyülmüşdü, söyülmüşdü, ac qalmışdı. Anasını axtarıb tapmaq üçun kimlərə ağız açmamışdı.  Düz iyirmi səkkiz  ildən sonra, rus kanallarının məhşur verilişlərindən biri olan “Gözlə məni” verilişiylə  Moskvada yaşadığı  anasının ailəsini tapmışdı. Verilişdə olan ilk görüş?!.   O anı unutmaq mümkün deyildi. Qundaqda körpə ikən anasından ayrılan Yusif, sonralar bu görüşü xəyalında nə qədər canlandırmışdı.  Bəstə boylu, ağarmış saclı bir qadının ona sarı əllərini geniş açaraq  gəldiyini gördükdə çaşqınlıq içində yalnız bir kəlmə söz   “-Ana”, deyib,  fəryad etmişdi.

Ana və balanın bir-birinə sarılaraq ağlamağını seyr edənlər göz yaşlarını saxlaya bilmirdilər.  Bu arada İranın huşunu itirərək yerə yıxılması  səhnədə  çaxnaşmaya səbəb olmuşdu.  Həkimlərin səyi nəticəsində özünə gələn qadına həyacanlanmaq olmaz,– deyə  tele-pavilyondan  kənarlaşdırmışdılar.

Ögey atalığı bu hadisədən sonra,  Yusifin anasıyala görüşməyini qəti qadağan  etdi.  Səbəb  isə,  qadının “epilesiya” xəstəliyinə tutulması idi. Ona həyəcanlanmaq, təşvişə düşmək olmazdı. Sonralar öyrənib bildi ki, anasının iki övladı olub. Bacı və qardaşı olan Yusif  ortalıqda qalmışdı. İllərin həsrəti onu anasına qovuşdursa da,  belə çıxırdı ki, o heç kimə nə anasına, nə də gənc xanımla ailə qurmuş  atasına lazım deyil. Taleyinə lənətlər  yağıdararaq yenidən Ukranyaya yola düşmüşdü…

Atasının ölüm xəbərini eşidəndə belə rayona getməmiş, incikliyini açıq şəkildə bildirmişdi. Bəs indi nə olmuşdu, əmisi uşaqlarından vurulan teleqramları, gələn zəngləri yadına saldı. İllər keçəndən sonra, az qala ayda üç dəfə  Yusifə zəng edib hal-əhval tutur, onunçün darıxdıqlarını dönə-dönə dilə gətirirdilər. Nədən idi bu narahatlıq?  Əvəllər bu zənglər onu əsəbləşdirsə də, sonradan həyəcanla gözləməyə başladı. Ürəyində götür-qoy edib acılarını xatırladığı zaman heç kimi görmək, səsini eşitmək belə istəmirdi. Bir az keçib hirsi soyuyandan sonra, içindən gələn gizli bağlantı onu qohumlarının yanına  dartıb aparırdı. Yəni, doğurdanmı onlar  Yusif  üçün qəribsəmiş,  ya da,  yaşa dolduqları  üçün onu axtarmağa başlamışdılar?!  Yarı ac, yarı tox keçirtdiyi ağır uşaqlıq illərini, həmişə kinayə ilə eşitdiyi “urus yetimçəsi” sözünü axı necə unuda bilərdi?!  Lakin,  bütün bunlara baxmayaraq,  qohumlarının bu dəyişikənliyi ürəyindən idi.

Keçənə güzəşt deyib, qol saatına baxdı. Gün batır, şər qarışırdı. Skamyada çox  oturduğundan qıçları keyləşmiş, bədəni ağırlaşmışdı.  Belə getsə axşamı da Bakıda qalası olacaqdı. O, qərar vermiş kimi əminliklə kənara atdığı çamadanı  götürüb yola düzəldi.   Soraqlaşıb  rayonlara  gedən “20 yanvar” massivinə daxil oldu. Bir sürücüylə sövdələşmədən sonra, maşına əyləşib üz  tutduğu rayona istiqamət aldı…

 

 

 

 

 

.

 

 

 

 

mersin escort