“Saytlar heç zaman peşəkar çap jurnalistikasının yerini tuta bilməz” – Qulu Ağsəs

“Biz saytlara və sosial şəbəkələrə borcluyuq. Onlar var olduqlarına görə, klassik ədəbiyyata və kitablara borcludular, biz tirajlandığımıza görə, saytlara və sosial şəbəkəyə borcluyuq. Mən əməkdaşlıq tərəfdarıyam”.
Bunu Moderator.az-a açıqlamasında “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs deyib. O, “müasir zamanın tələbi olan sosial şəbəkələr, internet mediası çap mətbuatının əsas simalarından olan jurnallara marağı saxlayıbmı?”  sualına ətraflı cavab verib:
 “Fotoqrafiya meydana gələndə cəmiyyətdə belə bir ab-hava yarandı ki, artıq rəssamlıq sənətinə son qoyulacaq. Yəni, fotoqrafiya olan yerdə rəssamlıq tarixin arxivinə gömüləcək. Təxminən, bir neçə on il bu tendensiya, bu şübhə özünü doğrultdu. Yəni insanlar artıq fotoya üstünlük verməyə başlamışdılar. Sonra yenidən fotoqrafiya öz yerini tutdu, rəssamlıq da öz əzəli, əbədi klassik roluna qayıtdı.
Eyni təmayül kinonun da yarandığı və inkişafı dövründə baş verdi. Artıq insanlar kinonun yarandığını gördükdən sonra teatrın bağlandığını düşündülər. Düşündülər ki, kino izləmək teatra baxmaqdan həm daha çox həzz verir, həm daha çox auditoriya  toplayır,  həm də kinonun imkanları teatrın imkanlarından daha yüksəkdir. Amma teatr yenə ölmədi. Düzdür, kino teatrı xeyli qabaqladı, lakin bir müddətdən sonra  kino öz sürətini azaltmağa, teatr isə öz əvvəlki addımlarını bərpa etməyə başladı.
 Saytların yaranmağı, sosial şəbəkələrin sürətli inkişafı  klassik yazı nümunəsi  ədəbi jurnalların işinə təbii ki, təsir göstərdi. Yəni insanlar daha çox gündəlik informasiyaya aludə olurlar. Bu, həm də xalq jurnalistikasını yaratdı. Adamlar hansısa hadisəni görüb, dərhal onu çəkib qəzet və televiziyadan qabaq tirajlaya bildilər. Bununla da xalq jurnalistikası yarandı.
Amma nəticədə peşəkar jurnalistika ilə yanaşı, qeyri peşəkar jurnalistika da boy atdı. Bəzən qeyri-peşəkar jurnalistika peşəkar jurnalistikanı tiraj etibarı ilə qat-qat üstələyir. Amma onlar heç vaxt peşəkar jurnalistikanı əvəz edə bilməz. Saytların, sosial şəbəkələrin bolluğu jurnalların tirajını aşağı salar, oxucusunu azalda bilər, amma onun yerini tuta bilməz. Yunanların 10-larla Allahı tək Allahın yerini vermədiyi kimi  kitab və jurnalların da yerini heç nə verə bilməz. Mənə elə gəlir ki, kitaba, jurnala bəşəriyyət hər zaman ehtiyac duyacaq.
Mən bununla nə sosial şəbəkələrin rolunu, nə də saytların rolunu aşağılıyıram, mən əksinə onlarla birgə əməkdaşlığa can atıram. 21 layihəmin əksəriyyətini mən saytlarla həyata keçirmişəm. Yəni “Ulduz”un öz oxucusu olsa da, orda dərc edilən yazılar saytlarda gedəndə daha çox adam görüb, oxuyur. “Ulduz”la bağlı layihələrin çoxunu sosial şəbəkələrdə paylaşıram. Çünki mən sosial şəbəkənin gücünü bilirəm, etiraf edirəm və onunla hesablaşıram. Jurnal, qəzet və ya kitab oxuyanda mənə elə gəlir ki, insanın  beyni məşq edir.  Biz oxuyanda, mütaliə edəndə beynimiz hərəktdə, inkişafda olur. Biz buna beyin məşqi deyirik. Əgər beyin məşqi adlandırırıqsa, o məşq zalında saytın, sosial şəbəkənin, qəzetin olduğu kimi jurnalın da öz yeri var. Jurnalın daha çox oxunması üçün  müasir texnologiyadan yararlanmağın tərəfindəyəm. Yəni saytlarla əməkdaşlığa, sosial şəbəkələrdə aktiv iştirakın tərəfdarıyam. Biz onunla öz tirajımızı artıra bilərik. Desək ki, biz jurnalıq və sosial şəbəkə bizlik deyil,  saytlara qarışmırıq, bu, yanlış addım olardı. Sabah başqa bir nanotexnologiya yaransa, inkişaf etsə  məcburuq onunla da əməkdaşlıq edək ki, təki gördüyümüz işi oxucuya, ictimaiyyətə çatdıra bilək. Bu texnologiyanın yaranmağı jurnalımızın işinə təsir edir.
Yazıçılar Birliyində saytımız da var. Orada yazılarımızı, məqalələrimizi Pdf şəklində veririk və çox insan oxuyur. Sosial şəbəkələrdə də paylaşırıq. Daha sonra müəlliflərin özləri də hər biri öz yazısını paylaşır. Beləliklə də jurnalın alıcısı yüzlərlə olsa da, oxucusu minlərlədir”.
Ülviyyə Qarayeva
mersin escort