Azərbaycanda bu ildən tətbiq edilən ƏDV-nin bir hissəsinin alıcılara necə qaytarılacağı məlum olub.
Prosesin detallarını vergilər nazirinin mavini Sahib Ələkbərov açıqlayıb. O bildirib ki, Azərbaycanda ƏDV-nin qaytarılması üçün real vaxt (onlayn) rejimində çalışan kassalar quraşdırılacaq. ƏDV-nin qaytarılması da onlayn kassa aparatları tam quraşdırılandan sonra başlanacaq. Artıq test rejimində bir neçə yanacaqdoldurma məntəqəsində və ticarət müəssisələrində bu kassalar quraşdırılıb: «Çalışırıq ki, ilin sonunadək bu prosesi başa çatdıraq».
Nazir müavini bildirib ki, kassa aparatları qurulandan sonra burada lazım olan rəqəmlər əksini tapır və çox rahat bir şəkildə, «tax fri»də olduğu kimi, amma daha sadə qaydada vergilər qaytarılacaq: «Bu məbləğ həmin adamların kartlarına qaytarılacaq, yəni pulun nağd qaytarılmasından söhbət gedə bilməz. Bu lazım deyil və mümkün də deyil».
S.Ələkbərov bildirib ki, ƏDV-nin qaytarılması prosesi alış-verişdən sonra təxminən 15 gün çəkəcək, «bu müddət ona görə götürülüb ki, malın qaytarılması və sair hallar ola bilər».
Proses belə baş verəcək: «Alıcı gəlir ticaət şəbəkəsinə, orada hansısa bir malı alır. Burada həmin çek onlayn rejimdə işləyən nəzarət kassa aparatına vuruldu və ya pos- terminalla ödəniş aparılır. Atomatik olaraq həmin əməliyyat və göstəricilər nazirliyin bazasında oturdulacaq. Pulun hesablanması və qaytarılması da avtomatik rejimdə baş verəcək. Yəni kiminsə çek gətirməsi və onun yoxlanması kimi proseslər olmayacaq. Qaytarılan pul müştərinin kartına oturdulacaq».
Nazir müavini bildirib ki, ƏDV-nin qaytarılması ilə bağlı tədbirlərin fövqündə nağdsız ödənişlərin stimullaşdırılması dayanır. Bu Azərbaycan üçün olduqca önəmli məsələdir, çünki nağd ödənişlərin səviyyəsi olduqca böyükdür: «Halbuki dünyada bu göstərici çox azdır. Bəzi ölkələr, məsələn Skandinaviya ölkələri, daha dəqiqi İsveç elan edib ki, onlar ümumiyyətlə, nağd puldan imtina edəcəklər».
Xatırladaq ki, Vergi Məcəlləsinə bu ildən edilən dəyişikliyə görə,  ticarət və xidmət müəssiələrində əgər ödəniş kartla aparılırsa, ƏDV-nin 15%-i, nağd qaydada, yəni kassa çeki ilə ödənildikdə isə 10%-i alıcıya qaytarılmalıdır. //Fed.az
83 baxılıb