Xəbər verildiyi kimi, Müstəqil.Az saytı Bakı sakinləri olan Hüseynovların ailə faciəsi barədə geniş araşdırma prosesinə start verib. Ötən yazılarda Bakı şəhəri, T. Məmmədov küçəsi, ev 18, mənzil 11 də yaşayan Bəybala Qaraş oğlu Hüseynovun Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ünvanladığı məktubun məzmunundan müəyyən dəlillər və hadisə ilə bağlı qaranlıq məqamlardan faktlar dərc edilmişdı.

Məktubda dəhşətli bir cinayətdən bəhs olunur, atanın oğul övladının müəmmalı ölümündən böyük stress keçirdiyi diqqətə çatdırılırdı. Bəybala müəllim iddiasında oğlu Eminin Türkiyənin Antalya şəhərində zəhərləndirilərək öldürüldüyü vurğulanır. Birinci xanıma ünvanlanan dəhşət saçan məktubda da bu cinayətin bilərəkdən izinin itirilməsindən və Azərbaycan Respublikasının hüquq – mühafizə orqanlarından birinin, Respublika Prakurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yüksək rütbəli rəhbərlərindən bəhs olunur. Mehriban xanımdan da bu ağır işə görə kömək istənilir.

 Bakıdan edilən zəng

Verdiyimiz xəbərlərdən bəzi məqamları təkrar oxucularımızın ixtiyarına buraxırıq… Onun dediyinə əsasən, telefon danışıqları, oğlunun bilərəkdən Türkiyədə istirahət etdiyi zaman, Bakıdan edilən zənglə, yaxşı işçi olduğu üçün Antalyada mükafat olaraq hansısa əyləncə və istirahət tədbirinə dəvət edilməsini təsdiqləyən sənədlər tapılıb.

Ata Hüseynovun bildiridiyinə görə, Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olan oğlu Emin Hüseynov 2017-ci ilin avqust ayının 18-də növbəti məzuniyyəti zamanı Türkiyənin Antalya şəhərində istirahət zamanı zəhərləndirilərək öldürülüb. Bəybala müəllimin və onun həyat yoldaşı Elmira xanımın Mehriban xanıma ünvanladığı məktublardan məlum olur ki, o, əldə etdiyi bütün faktları Azərbaycan və Türkiyə hüquq-mühafizə orqanlarına çatdırsa da, dəfələrlə yazılı və şifahi müraciətlər etsə də, bu cinayətin səbəbkarlarının ifşa olunmasına, qanun qarşısında cəza almalarına nail ola bilməyib.

 “Avanqard Travel”ə şübhələr

Yazımızın son hissəsində Bəybala müəllimin oğlunun iş otağının boşaldılması ətrafındakı şübhələr dərc olunmuşdu. Acı “Yaxta” turgəzintisinə aparan yollar, Türkiyə səfərinin müəmmalı şəkildə təşkil olunması, Bakı şəhərində vacib işlərinin olduğu halda Eminin Antaliyaya istirahətə razılıq verməsi, qardaş ölkəyə turpaketi təşkil edən “Avanqard Travel”turizm şirkətinin müdiri Yeganə Nağıyevanın şübhəli cavabları da atanı rahat buraxmayıb.

Başına gələnlərdən dolayı Bəybala Hüseynov və onun həyat yoldaşı Elmira xanım saytımız vasitəsi ilə prezident İlham Əliyevdən dəstək istəyib, oğullarının qanının yerdə qalmaması üçün lazımı tədbirlərin görülməsinə göstəriş verməsini  xahiş etmişdilər.

Övlad itkisi ilə üz-üzə qalmış valideynlərin Müstəqil.Az-a danışdıqlarından dolayı təqdim etdiyimiz sayca III yazıda hadisə ətrafında cərəyan edənlər şübhələri bir qədər də dərinləşdirib. Bəybala bəyin danışdıqlarından:

 Fərizənin zəngi

“Mən Türkiyədə bütün ekspertiza rəylərini, həkimlərin fikirlərini araşdırıb oğluma edilən qəsdin qatillərinin tapılması üçün Baş Prokuror cənab Zakir Qaralova müraciət etmişdim. Bir neçə aydan sonra isə Baş Prokurorluğun beynəlxalq şöbəsindən Fərizə adlı bir qadın zəng edərək bildirdi ki, sizin oğlunuz Türkiyədə öldürüldüyündən Baş Prokurorluq tərəfindən Türkiyə Respublikasının Baş Prokurorluğuna müraciət göndərilib. Ancaq işlə bağlı dosyelərdə və Türkiyə Baş Prokurorluğu tərəfindən verilən cavablarda belə məktubun olmadığı bildirilib. Türkiyə Baş Prokurorluğuna da Bakıdakı qatillər yol taparaq işin ört- basdır edilməsini təşkil etmişdilər. Həmçinin oğlumun ölümündən sonra, onun sui-qəsdi barədə düşünmədiyim anlarda belə yerlilərimin və Baş Prokurorluğun bəzi əməkdaşlarının yaxınlaşaraq məni dilə tutmaları, oğlumun öz əcəliylə öldüyü, az ora-bura üz tutmağımı,” özünə də nəsə edərlər, hər şey oldu -bitdi”, demələri məni qəflət yuxusundan oyatdı. Bu muzdluların üstümə göndəriməsi hadisəni sığortalamaq istəyənlər bərədə düşüncələrimi yəqinləşdirdi. Təkrar xatırladıram – Baş Prokurorluğa və digər rəsmi orqanlara etdiyim müraciətlərə heç bir cavab verilməmişdir. Dünyada baş verənlər -Skripal və qızıyla bağlı, Türkiyədə Camal Qaşaqçıyla bağlı olanlar hansısa bir siyasi avanturanın tərkib hissəsi ola bilər, ancaq mənim gənc övladım, heç bir siyasətə, intriqalara qoşulmamışdı. Sadəcə olaraq oğlum məqsədli şəxslərin nəfsinin qurban oldu. Bu məsələni ictimailəşdirmək, beynəlxalq qalmaqala çevirmək nə mənə, nə də gənc oğlumun gözüyaşlı anasına lazım deyil. Bizə oğluma qəsd edən, onu həyatdan məhrum edənlərin tapılaraq cəzalandırılması – qismən də olsa, acımıza təsəlli olar. Ruhu qarşısında az da olsa, ata kimi özümü rahat hiss edərəm”.

Müstəqil.Az-a açıqlamasında Bəybala bəy, məsələnin bir qədər də dərinləşdirilməsi, iddia etdiyi qatillərin tapılması üçün internet medianın və sosial şəbəkələrin verdiyi imkanlardan yararlanaraq videoçarx vasitəsi ilə prezident İlham Əliyevə müraciət etməyə hazırlaşdığını dilə gətirib. O, son nəfəsinə qədər bu işin gündəmdə qalmasına çalışacağını xatırladıb.

Ötgün

P.S: Təkrar edirik, qaranlıq məqamlar çoxdur və cavabları tapmağa çalışacağıq…Müstəqil.Az-ı izləyin…

P.P.S: Müstəqil.Az məqalədə adı hallanan şəxslərin və dövlət qurumunun da cavab haqqını tanıyır və yayınlamağa hazırdır.

 

327 baxılıb