Vaşinqtonda bir ilk: Çavuşoğlu azərbaycanlılarla görüşdü – Foto

ABŞ-Azərbaycan Ticarət Palatasının dəvəti ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ABŞ paytaxtının tarixi Corctaun ərazisində yerləşən Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində azərbaycanlı və türk tələbələrlə görüşü keçirilib.

Palatadan Teleqraf.com-a verilən məlumata görə, görüşdə Virciniya, Merilənd, Delaver, Meyn ştatları, Çikaqo və Vaşinqton şəhərindəki universitetlərdə təhsil alan azərbaycanlı və türk tələbələri, eləcə də Türk-Amerika Əlaqələndirmə Komitəsi iştirak edib.

Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində türkiyəli baş diplomatı mərkəzin nəzdində fəaliyyət göstərən “Azərbaycan Məktəbi”nin kiçik yaşlı şagirdləri milli geyimlərdə salamlayıb, iki dövlətin birliyi və qardaşlığını ifadə edən şerlər söyləyiblər.

Nazir azərbaycanlı uşaqlarla xatirə şəkli çəkdirib.

ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov mərkəzin dəvətini qəbul etdiyi üçün M.Çavuşoğluna təşəkkür edib.

Türkiyəli baş diplomat ABŞ-a səfərləri zamanı türk diaspor və tələbə təşkilatları ilə görüşdüyünü bildirib, lakin budəfəki səfəri zamanı Azərbaycan mərkəzindən aldığı dəvətin ilk dəfə olduğunu vurğulayıb.

O, ABŞ-Türkiyə münasibətləri, bu münasibətlərin hazırkı durumu, Türkiyənin regional siyasəti, eləcə də Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətləri barədə danışıb.

M.Çavuşoğlu özünü təkcə türk diplomatı deyil, eyni zamanda Azərbaycan diplomatı olaraq da hiss etdiyini bildirərək, bir neçə il öncə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan rejiminin o zamankı rəhbərliyinə Türkiyənin olmadığı yerdə Azərbaycanın da olmayacağını deyərək verdiyi sərt cavabı xatırladıb, türk xalqının bunu heç zaman unutmayacağını bildirib.

Daha sonra görüş tələbələrlə aktiv sual-cavablar formasında davam edib. Tələbələr Türkiyənin Suriya və Yaxın Şərq siyasəti, Türkiyə-Azərbaycan münasibətləri və bu münasibətlərin möhkəmlənməsində xaricdə yaşayan azərbaycanlı və türk toplumlarının birgə fəaliyyətlərinin rolu, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ATƏT-nin Minsk Qrupunun bu istiqamətdə fəaliyyəti barədə onları maraqlandıran sualları qonağa ünvanlayıblar.

M.Çavuşoğlu xüsusilə Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin önəmini vurğulayıb, iki dövlətin birgə həyata keçirdiyi regional meqa layihələrə istinad edərək bundan sonra da dövlətlər və xalqlar arasında münasibətlərin birgə iqtisadi və biznes təməlləri üzərində daha da möhkəmlənəcəyinə inamını ifadə edib. O, iki dövlətin güclənməsi yolu ilə mövcud problemlərini həll edə biləcəyini söyləyib.

Sonda ABŞ-Azərbaycan Ticarət Palatası adından türkiyəli qonağa xatirə hədiyyəsi təqdim edilib. Mövlud Çavuşoğlu da öz adından xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, ABŞ-Azərbaycan Ticarət Palatası 1995-ci ildə ABŞ və Azərbaycan arasında ticarət və biznes əlaqələrinin genişləndirilməsi məqsədilə təsis edilib. 2000-ci ildə palatanın nəzdində Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi yaradılıb. Palatanın paytaxt Vaşinqtonun tarixi hissəsi olan Corctaun ərazində yerləşən binası ümummilli lider Heydər Əliyev tərəfindən açılıb.

mersin escort