“Qızılı saçlarının ətəyində Əl izləri var ,Hansı şair şeir oğurluğuna gəlmişmiş görəsən?”-Çalğın Məhəmməd doğma Təbrizdən yazır…

Müstəqil.Az doğma Təbrizdə yazıb yaradan gənc şair Çalğın Məhəmmədin yeni şeirlərini təqdim edir:
MƏN GÜNƏŞİN TƏRƏFİNDƏYƏM
 
Dünya,
bütün dişarıdaki azad insanların əlindən cana gəlibdir,
Mən,siyasi məhbusların tərəfindəyəm…
 
Yaxama fəxri kağızlar yapışdırmayın,
Akademik insanlardan ağlım bir şey kəsmir
Mən,savadsız insanların tərəfindəyəm…
 
Qaranlığın üstümüzə şərit sallamasından deyil
Mən,günəşin tərəfindəyəm.
 
Erkəklər,sizlərə güvənə bilmirəm artıq,
Mən,qadınların tərəfindəyəm
 
Dünyanı bu günə salan çox bilənlərdir
Mən,bilməyənlərin tərəfindəyəm…
Çox danışanların yox,
Susanların tərəfindəyəm…
 
İnsanlarda nə var ki?
Bə-şər gözəldir.
Şeirdə nə var ki?
Şər gözəldir…
 
Məhbub insanlar,iki üzlü olurlar
Mən,tanınmayanların tərəfindəyəm…
 
Gözəlləri hamı sevir,
Mən,çirkinlərin tərəfindəyəm…
 
Adamsızların tərəfində,
Uduzanların tərəfində,
Sevilmiyənlərin tərəfindəyəm…
 
Hey!!!
Sevilməyənlər.
Hey!!!
Uduzanlar.
Hey!!!
Adamsızlar.
Mən,sizlərin tərəfindəyəm
Yəni…
Sizləri çox sevirəm

QIZILI SAÇLARININ ƏTƏYİNDƏ

Qızılı saçlarının ətəyində
Enir qalxır dalğalar
Və günəş,
Özünü nümayiş etdirir qızılı saçlarının ətəyində…

Qızılı saçlarının ətəyində,
Gözəl bir müsiqi çalınır
Doğulmamış uşaqlara…

Qızılı saçlarının ətəyində
Kaş ki…
Bir qızım olaydı

Günəş adında
Kaş ki…
Bir oğlun olaydı Çinar adında…

Qızılı saçlarının ətəyində,
Dar ağacı qurulur hər sabah çağı,
Gündə neçə yol asılıram saçlarından…

Qızılı saçlarının ətəyində,
Özümü vururam dağlara.
Quş qovalıyıram yamaclarda,
Və yorğun ,arğın qayıdıram

Sürüsünü qaytaran bir çoban kimi…

Qızılı saçlarının ətəyində
Əl izləri var
Hansı şair şeir oğurluğuna gəlmiş imiş görəsən?

Kaş ki bir şikarçi olaydım,
Bir tüfəngim olaydı kaş ki..
Hər gün ov ovlayaydım,
Qızılı saçlarının ətəyində…

SEVGİLİMƏ BİR MƏKTUB

Sən,məndən böyüksən bilirəm
Və özün də bilirsən
Sən,məndən ucasan
Amma,
Sənin yanında duranda
Başım buludlara söykənir,
Və gözlərimdə hər şey kiçilir.

Səni gördüyüm gündən bəri,
Yuxularımda yol gedirəm gecələr.
Qapılara söykənə- söykənə yol gedirəm küçələrdə…
Səsini iyləyirəm bu şəhərdə,
Bəlkə də mənə güləcəksən, bilmirəm.
Sən,evə dönürsən,
Çiçəklə qarşılayıram.
Əllərindən öpürəm,
Və saçlarını hörürəm yuxularımda…

Qoy,göylərə qalxsın tənhalığım,
Uçub,buludlara sığınsın.
Sən hardan bilirsən?
Nə çəkdiyimi
Bilsəydin,
Siyasətçi olmazdın.
Və mən bilməsəydim
Şair olmazdım…

Gözlərin,küləkli bir qış gecəsi,
Hamı yolun itirir gözlərində…
Məni evimizə kim götürəcək?

Əllərin Nuhun gəmisi,
Əllərinə sığınır bütün mevcudat…
Saçların mənimdə qibləgahımdır,
Mən də sənə iman gətirmişəm,
Məni də əllərinə götür, lütfən.

Səsində bir şərab var,
Onu içdikcə
Yağış yağır üstümə
Və mən aydınlaşıram.

“Səni sevirəm”
Fırlanıram çevrəndə.
“Səni sevirəm”,
Yəni həyat var.
“Səni sevirəm”,
Eşidirsən???
SƏNİ
S
E
V
İ
R
Ə
M

Səni tanımamışdan öncə
Qaranlığıydım.
Əlimi nəyə atardım, boşa çıxardı.
Səni tanıyandan sonra,
Aman ALLAHım,
Nə qədər işiqlanmışam,
Səni tanıyandan sonra…

Hara baxıram
Sən varsan
Həyatımın köynəyinin yaxasına sancılıbsan iynə kimi…
Uzunsan,ürkək bir ceyran boynu kimi,
Qısasan,həyatın bir bəlgəsəl oyunu kimi.
Durusan, su kimi
Vəhşisən, ahu kimi
Şeirlərimdən dişarı çıx, lütfən
Nə yazıram,
Sən varsan.
Danışıram,
Sən varsan.
Susuram,
Sən varsan.
Nə yaxşı ki,
Sən varsan.

Peyğəmbər deyiləm, sevgilim
Sənə xeyir öyrədim.
Dünyanın ən böyük şairləri
Həmişə ŞƏR yazıblar.

Saat 3:15, mələyim,
Xatirələrin yaqut kimi parıldayır gözlərimin önündə…
Milyonerlər məhəlləsindəyəm hala ac və susuz,
Sənə məktub yazıram.

Bu şeiri başdan oxuyuram təkrar,
Və bu şeiri oxuduqca düşünürəm,
Sən, nə qədər gözəlsən…

Müstəqil.Az
mersin escort