“Özümdə mənim bir özüm var idi, Mən məni itirdim, özüm də yoxdu…”- Abdulla Cəfərin şeirləri

Müstəqil.Az şair Abdulla Cəfərin yeni şeirlərini təqdim edir:

Mən məni itirdim

Kəsilib get-gəlim, silinib izim,
Yanır için-için çəmənim, düzüm.
Quruyub əl-qolum, bükülüb dizim,
Tükənib hövsələm, dözüm də yoxdu.

Bilmirəm dərdimi kimə danışım,
Sanki ərşə çıxıb dostum, tanışım.
Qismətim belədir, gərək barışım,
Elə hala düşdüm, çözüm də yoxdu.

Gəl yapış əlimdən baxma uzaqdan,
Tənhayam, yalqızam dondum sazaqdan.
İstilik gözləmə sönmüş ocaqdan,
Atəşim səngiyib, közüm də yoxdu.

Çərxi-fələk mənə gör nələr etdi,
O xöşbəxt çağlarım, tez gəlib getdi.
Arzular, istəklər tükənib bitdi,
Daha deyiləsi, sözüm də yoxdu.

Yaxşı, pisi seçən, gözüm var idi,
Əyriləri kəsən, düzüm var idi.
Özümdə mənim bir özüm var idi,
Mən məni itirdim, özüm də yoxdu.

Yazığım gəlir

Yoluna başlayır əvvəl beşikdə,
Sonra hey çalışır, evdə-eşikdə.
Bilmir tək qalacaq, sonda yeşikdə,
Mənim də bədənə yazığım gəlir.

Bir itki olanda hamı söyləyir:
Darıxma, səbr eylə- “başın sağ olsun”.
Bədənsə sakitcə durub dinləyir,
Mənim də bədənə yazığım gəlir.

Elə ki, məzara qoyuldu birdən,
Ruhuna dualar deyilir yerdən.
Ruh uçur göylərə, tək qalır bədən,
Mənim də bədənə yazığım gəlir.

Çiçəklər düzülür, məzarda solur,
Qohumun, qardaşın gözləri dolur.
Uzağı bir ildir, tez unudulur,
Mənim də bədənə yazığım gəlir.

Yeni il
Köhnə dərdimizi yaxşı bilirsən,
Baxıb üzümüzə yenə gülürsən.
Anlamıram nələr çəkib gəlirsən?
Daha əvvəlki tək yeni deyilsən.

Bu il də bir təhər qoşuldum sənə,
Geridə buraxdım mən də bir sənə.
Dərdini-sərini demirsən mənə,
Daha əvvəlki tək yeni deyilsən.

Elə bil bağlanıb ayağım, əlim,
Yadların əlidə əsirdir elim.
Bu həsrət bitərmi, bir söylə bilim,
Daha əvvəlki tək yeni deyilsən.

Necə qərinələr üstündən axıb,
Olanlar qəlbini yandırıb yaxıb.
Qamətini büküb, evini yıxıb,
Daha əvvəlki tək yeni deyilsən.

Zirvələr bürünüb dumana-çənə,
Keçən il soruşdum, soruşum yenə:
Səndəmi əyildin yağı düşmənə?
Daha əvvəlki tək yeni deyilsən…
Niyə əvvəlki tək yeni deyilsən?..

 Müstəqil.Az
mersin escort