“Özünüzü məhrum etməyin: Zəka və ZƏKA zövqündən!”-Aydın Canıyev Zəka Vilayətoğludan yazır…

Özünüzü məhrum etməyin: Zəka və ZƏKA zövqündən!

Adətən, ruslar belə tədbirləri “svetskaya xronika” rubrikasıyla təqdim edirlər. “Kultbomond”un toplaşdığı kuluarda maraqlı mükalimələr, çoxdan görüşməyən tanışlar, səslənən kreativ və orijinal fikirlər, “nou-hau”lar ədəbi-mədəni ictimaiyyət üçün yaxşı “çərəz” olur. “Desert”lərin dadı-tamı uzun zaman unudulmur, məclislərdə, kulislərdə və yeri gəldikcə də mətbuatda xatırlanır! “Kitab təqdimatı”, “imza günü” formatında bu tip “bal-maskarad”ı təbii ki, bizim ədəbi menecerlərimiz elə bəsit səviyyədə sərgiləyirlər ki, bəzən “acıdil tənqidçilər” köşələrində “sünnət toyu” qədərincə aşağılamaqdan da çəkinmir. Halbuki, ədəbi mühitin “ağsaqqalları”, “Dədə və Nənə Qorqud”ları unudurlar ki, kitabın oxunması elə onun təqdimatından başlayır!
HAŞİYƏ: Bir dəfə Moskvada “Buran” kosmik gəmisinin konstruktoru Füzuli Fərəcovla evinə getdik. Onda indi xaricdə iki ali məktəbdə təhsil alan qızı təzə dünyaya gəlmişdi. “Yuduq”. Və biz… yeməyi yeyəndən sonra Füzuli müəllim qabları elə də vannaya düzəndə, yumağa cəhd etdim. Bundan inciyən Füzuli müəllim “qonaqsan” deyə nəzərimə çatdırdı. Yaşda və başda məndən böyük olan Füzuli müəllimin dediyinə özü də gözləmədən arqumentləimi çatdırdım:
– Bax, biz yedik, içdik, bulaşıq qabları, iyli qədəhləri saxladıq və getdik. Xanım da qayğısı ölkə qədər olan körpəylə gəldi evə. Yeməyimizə-içməyimizə “nuş olsun” deməyi öz yerində, haqlı olmazmı həm də desin “qabiliyyətinizə bərəkallah”? Vaxtımı olacaq bizim yeyib-içib buladığımız qabları-qədəhləri yumağa?
Bu tonda söhbət davam edərkən, heç vaxt unutmayacağım bir fikir səsləndirdi: “Yeməyi necə bişirmək yox, onu necə təqdim etmək-süfrəyə vermək önəmlidir”.
Biz “prepodnosit” eləməyi bacarmırıq – nə siyasi həyatımızda, nə ədəbi mühitimizdə, nə də digər sahələrdə.
Biz çörəyi, kartofu, kələmi, arağı, qarpızı necə satışa çıxarırıqsa, eləcə də kitabı elə çıxarırıq. Hətta daha bir moskvalı həmyerlimiz Sultan Mərzili demişkən, Azərbaycanda kitab satanlar kartof satanlardan öyrənməlidir satış bacarığını!
Nə isə… mənim dediklərimi boş verin, fikriniz Yazıçılar Birliyinin üçüncü mərtəbəsindəki zala yönlənsin!
Əvvəla, sizi “Natəvan klubu”na buraxmamış soruşum: Azərbaycanda BU GÜN neçə BARD (özü şeiri yazır, özü bəstələyir, özü oxuyur) tanıyırsınız?
Tanımırsınız!
O BARD Zəka Vilayətoğludur!
Azərbaycanda benqal Nəzrül İslam statusunda neçə nəfərimiz var?
Bilmirsiniz!
Benqal şairi, bəstəkarı, filosofu Nəzrül İslam statusunda bir nəfər tanıyıram – onun da adı Zəka Vilayətoğludur.
Romanı da var, povesti də var, şeir kitabını da bu gün təqdim elədi, hətta mənim kimi vurdumduymaz adamın bayıldığı mahnıları da!
İndi mən neynim, Zəka neyləsin? Ki… siz oxumursunuz, izləmirsiniz, dinləmirsiniz, üstəlik də ittiham edirsiniz, legitimlik haqqına girirsiniz!
İndi siz oxumayıbsınız, sizin “kruq”un “Atobbası, Balobbası” deyil deyə, saytınıza çağırmayıbsınız, Belinskinin hərçi-bətərini hərraca çıxarıbsınız adamın qələt eləyib zövq haqqında dediyi fikirlə, kim gedib o kitabları axtarasıdı ki? Belə niyə “tretiyskiy sudya”lıq edirəm?
Həə, keçən dəfə Ayaz Arabaçının imza günü oldu – bu ölkədə “ay aman, kitab oxumurlar, millət şeir nədir vecinə almır, ədəbi tənqid məhəlləçilik və məhəlliçilik edir” deyənlərn heç biri yox idi!
Amma orada həqiqi oxucular var idi: ən ünlü imzalardan, şairlərdən, yazıçılardan, redaktorlardan, BÖYÜK OXUCULARdan tutmuş sıravi vətəndaşa qədər!
Gəlmək lazım idi, görmək lazım idi və bilmək lazım idi ki, xalq-oxucu, sənət adamı kimi oxuyur və niyə oxuyur! Çünki Ayaz Arabaçı şikayətlərini hekayət edənlərdən yox, Sözə Sərkərdəliklə Sənət Ləşkəri yaratmaqla məşğul olanlardandır!
Ayaz Arabaçının istənilən şeirini götür və tamaşa elə: hər bənd necə sürət yığır, hər şeir qırıcı təyyarə kimi necə “vzlyot”-uçuş edir, yerdən qopur, İddianın, İttihamın əngin səmalarında süzəndən sonra necə “posadka”ya gəlir, qanadlarını necə gərir sözlər, necə 90 dərəcə dikəlirsə, necə 45 dərəcə sağa, təzədən 90 dərəcə sola süzür… yenidən 45 dərəcə sağa flirt etməklə tarazlığını bərpa edir. İlk növbədə isə, hər misra – həyatdır, həyatın inikasıdır, həyatın tələbidir, həyata ittihamdır, həyatla və həyatı bizim üçün zəhər edənlərlə mübarizədir!
Sevgidən umsuqsan, yardan nigaran – oxu!
Xanım küsüb, oğul-uşaq gileylidir – oxu!
Günündən-güzəranından gileylisən – oxu!
Hökümətə sözünü qısa və kəsə demək istəyirsən – oxu!
Özü də quş kimi yüngül yox e, AN-225 “Mriya” kimi tonnajlı!
Uçuşun özü bir möhtəşəmlik, “süfrəyə gətirilməyi” bir xarüqə!
… İKİNCİ HAŞİYƏ: Moskvada Həqiqət Rzayevanın oğlu, Məmməd Aslanın “Ağla, qərənfil, ağla”sına musiqini bəstələyən, bizim də keçən iləcən hər il 20 yanvarda matəm mərsiyəsi kimi dinlədiyimizin bəstəkarı Həsən müəllimlə görüşdüm. 1998-ci il idi. Giley etdi. Unudulmağından: “Elə bil yoxam. A bala, mən buradayam e, Moskvada. Burdan-bura görünmürəm ki?”
Doğrudan da, a bala, bu Ayaz, bu Zəka burdadırlar e. Görmək o qədərmi çətindir!?
Ayazın 50 yaşı oldu… Səməd Vurğuna imperialist SSRİ rəhbərliyi o yaşacan bütün titulları vermişdi e! Dünyanın da hər yerinə göndərmişdi! Ayazın Gədəbəyin Arabaçısına getməyə arabası yoxdur. Ayxan Ayvazın özünü Səməd Vurğundan böyük saydığı ölkədə Ayaz Arabaçı niyə “sağ ol” eşitməsin ki?
Bu gün Ayaz Arabaçı bu “sağ ol”dan məhrum edilirsə, dünən bu aqibət Ramiz Qusarçaylıya, Zahid Sarıtorpağa yaşadılıbsa, sabah Şərif Ağın, Ayxan Ayvazın adı it dəftərinə yazılmayacaq! Necə ki, Kəramət artıq yeddinci onilliyini, Murad Köhnəqala Rasim Qaracayla altıncı onilliyini xərləməkdədirlər. Ömürlərini, sözlərini, zəhmətlərini SÖZ üçün xərcləyənlərə sevgi etirafı bu qədərmi təmənnalı olmalıdır!? Elə bilirsiniz bu imzalar elə həmişə bəs qədər olacaq? Elə bilirsiniz bundan sonra yazılacaqlar adlarını sadaladıqlarımın yazdıqlarından üstün olacaq?
Dostlar, tanışlar danışır – İlqar Türkoğlu, Nizami Saracoğlu, Arzu Nehrəmli, “Hancarısan, hancarı” şeirinin müəllifi Mirzəxanlı…
Mən üçüncü dəfə zaldan çıxıb dördüncü dəfə qayıdıram…
Ehtiram İlhamla birinci, Kənan Hacı ilə ikinci, Rəfael Həbiboğlu ilə üçüncü, İlqar Türkoğlu ilə dördüncü, Ayaz Arabaçı ilə beşinci siqareti çəkirəm və məni təzədən zala… mahnı sədası qaytarır: Zəka Vilayətoğlu oxuyur – mikrofonsuz, müşayiətsiz! Bir vaxtlar sazda “Baş sarıtel”i özünəməxsus və əvəzsiz şəkildə oxuyan oğlan.
Mənim Zəka Vilayətoğluna çox böyük rəğbətim var. Mən İlqar Türkoğlu deməsəydi, bilməyəcəkdim Ayaz Arabaçının qardaşıdır. Sən demə, heç tədbirin aparıcısı Fərqanə xanım Mehdiyeva da bu günəcən bilmirmiş!
Mən həm də onu da bilmirdim ki, Zəka gözəl bir romanın da müəllifi imiş! Üstəlik povestləri də varmış!
Zalım balası, şair belə olur da, aşıq belə olur da, nasir belə olur da, bəstəkar belə olur da! Siz nə istəyirsiniz – ədəbiyyat inkubatora dönsün? Hamı Qədir Rüstəmov olsun, hamı Füzuli olsun, hamı Kafka olsun? Allah evini tikməsin, bəs Rəfael Həbiboğlu kim olacaq, Şərif AĞ kim olacaq, Ayaz niyə olmasın, Zəka niyə olmasın, Ayxan Ayvaz haçan indiyəcən dahi olanlardan özünü pis apardı?
Mən, adətən, belə yazılarda müəllifin əsərindən sitat gətirirəm! Amma bu dəfə acığa heç bir misal gətirməyəcəm: bu yazı bir növ “na zlo konduktora” alınmış tramvay bileti kimi bir şeydir.
Zəhmət çəkin, tapın Zəka Vilayətoğlunun özünü, sözünü, mahnılarını, danışdırın, oxuyun, zövq alın!
Rus demiş: “udovolstviye – eto doroqoy veş!”
Mənim aldığım kayfdan sizə danışmaqla nə kayf alarsınız ki? Bəlkə siz məndən daha artıq məsti-xumar olacaqsınız?
Özünüzü məhrum etməyin Zəka və ZƏKA zövqündən!
p.s. Mən vicdansız adam deyiləm, ürəyim dözmədi, yazdım: Zəka Vilayətoğlu “Şah ölüm” romanının, “Güllələnmiş qaranlıqlar”, “Küsmüş ay”, “Milena” povestlərinin, “Sənə bir söz deyəcəyəm” şeir kitabının və çoxlu gözəl mahnıların bəstəkarıdır. Birdən dilimdən tutmaq istəyərsiniz, bəs hanı filosofluğu, oxuyun təklif etdiklərimi, ondan sonra…
p.p.s. Fərqanə xanım tədbirə yekun vuranda gözəl bir fikir səsləndirdi: “Görünən yerdə də görünür”. “Tak ışto”, görməzlikdən gəlməyin: Zəka da, Ayaz da hər yerdən görünənlərdəndir! Sadəcə, bizə ayıb olmasın dedim…

 Aydın Canıyev
mersin escort