Mərhum Xalq artisti Səyavuş Aslanın aktrisa Ofeliya Əfqanlıdan olan oğlu Çingiz Aslan “Bizimləsən” verilişinə çıxaraq evsiz-eşiksiz olduğunu etiraf edib.

Müstəqil.az xəbər verir ki, verilişin dünənki buraxılışında Çingiz Aslan studiyaya gələrək hostellərdə gecələdiyini qeyd edib. Aparıcı Zaur Baxşəliyev bildirib ki, hostel sakinləri Çingizdən şikayətçi olaraq onunla bir yerdə qalmaq istəmədiklərini deyib. Qaraciyər serrozundan əziyyət çəkən Çingiz Aslan dünən müvəqqəti olaraq sığınacağa yerləşdirilib.

Məlumat üçün bildirək ki, Xalq artisti Səyavuş Aslanın şəhərin mərkəzindəki bahalı evi Çingiz Aslana miras qalıb. Lakin Çingiz Aslanın atasından ona miras qalan evi sataraq pis vərdişlərə xərclədiyi iddia edilir. Çingiz Aslan özü isə 2017-ci ildə “Şərq” qəzetinə verdiyi müsahibəsində evinin pulunu itirdiyini və oğruların hələ də tapılmadığını söyləmişdi:

“Atamdan sonra həyatımız dağıldı. İki qardaşıq. İkimizin də həyatı məhv olub. İkimiz də evsiz-eşiksiz qalmışıq. Qardaşım yenə birtəhər başını dolandırır. Mənim vəziyyətim daha ağırdır. Sanki atamdan sonra evimizin, ocağımızın işığı söndü, ruzisi kəsildi. İndi tufeyli bir həyat yaşayıram. Xəstə insanam. Ürəyimdə ciddi problemlər var. Birtəhər yaşayırdım. Gördüm dolana bilmirəm, işsiz-gücsüz qalmışam, evi satıb başqa bir yerdə ev almaq istədim. Bilirsiniz ki, atama məxsus evimiz şəhərin mərkəzində yerləşirdi. Düşündüm ki, şəhərin mərkəzində olan evi satıb Bayıl tərəfdə ev alım. Yerdə qalan pulla həm müalicələrimi edim, həm də borclarımı bağlayım. Bir iş qurum ki, çörəkpulu qazana bilim. Evin behini almışdım. Ev alqısı bitdikdən sonra yerdə qalan məbləği də aldım. Həmin gün Milli Parkda bir az hava almağa çalışdım ki, ürəyimin ağrısı keçsin. Elə Milli Parkda ürəyim tutub, huşumu itirmişəm. O məqamda mənə kömək edənlərdən kimsə cibimdə olan 11 min dollar pulumu cibimdən oğurlayıb. İndi həm evsiz-eşiksiz qalmışam, həm də yeməyə pul tapmıram. Bu barədə polisə məlumat vermişəm. Artıq 3 aya yaxındır mənim evimin pulunu oğurlayanlar tapılmayıb. Mənimlə maraqlanan yoxdur. Heç kim mənə inanmaq istəmir ki, evimin pulunu oğurlayıblar. Yəni Milli Parkda kameralar yoxdur, mən yıxılanda mənə yaxınlaşanın kim olduğunu öyrənmək bu qədərmi çətindir? Bu insafdandır ki, qışın günündə kirayələrdə qalıram?!

Atam gənc ikən qibtə olunası həyatımız olub. Amma həyat sərt tərəfini bizə də göstərdi. Bir neçə il atam xəstə yatdı. Onun müalicəsini, qulluğunu çəkmişəm. Təbii ki, bu, övlad olaraq borcum idi. Atamı itirdikdən sonra isə tamamilə tək qaldım. Bu yaşda yetimliyin ağır olduğunu dərk etdim. Ailəm yoxdur, illər öncə həyat yoldaşımdan ayrılmışam. Uşaqlarım məni axtarmır. Mənimlə heç kim maraqlanmır. Yəni həyatı dağılan insanam. İndi bir isti ocağa, bir qab isti yeməyə möhtacam. Çox xahiş edirəm ki, mənə kömək edəsiniz. Bəlkə, səsimi eşidən olar. Axı mən Səyavuş Aslan kimi böyük sənətkarın oğluyam. Ən azı atamın adına görə mənə kömək edən olar, bəlkə”.(publika)

17 baxılıb