“Çölümdə qaməti qürurlu biri, içimdə ürəyim əriyir axı…”-Əfşan Yusifqızının şeirləri

 

Müstəqil.Az şair Əfşan Yusifqızının yeni şeirlərini təqdim edir:

YERIYƏN YALAN
Deyirlər yalanın ayağı olmur,
Yalanın üstümə yeriyir axı.
Sənin ucbatından mələr qalan eşq,
Mənim ürəyimdə kiriyir axı.
 
Mən ölü kimiyəm olsam da diri,
Ağrıyır qəlbimin əzilən yeri.
Çölümdə qaməti qürurlu biri,
Içimdə ürəyim əriyir axı.
 
Görürsən? Çıxmayır cınqırım qəti,
Məni göynətsə də eşqin möhnəti.
Bu dünya hər qəmi, zülmü, zilləti,
Hirs ilə üstümə kürüyür axı.
 
Məndə hansı dərddən desən bil ki, var,
Sevinc yükündən çox ağrı yükü var.
Sevginin günahdan hər nəyi ki, var,
Məcburi boynuma sırıyır axı.
 
Sənin ucbatından mələr qalan eşq,
Mənim ürəyimdə kiriyir axı.
 
YAMANIM MƏNIM
Sən hardan biləsən mən nə çəkirəm,
A məndən məhəbbət umanım, mənim.
Pərişan halımdan xəbərin varmı,
Artıq yox taqətim, amanım mənim.
 
Könlünü almağa edib yüz fəndi,
Sözümə qatardım, şəkəri-qəndi.
Belə zülm etməyin axı nədəndi,
Yaxşı ad altında yamanım, mənim.
 
Sənsizlik telimdə qardı, ya dəndi?
Gözlərim doluxub, kipriyim nəmdi.
Başım buludludu,
qəlb evim çəndi,
Çəkilmir önümdən dumanım, mənim.
 
 
BƏLKƏ
“Bəlkəni əkərsən bitməz” demişlər,
Sən demə həm bitib, həm çoxalırmış.
Bəlkələr ömrümə qənim kəsildi,
Bəlkənin “bəlkə”si nə çox olurmuş?
 
Bəlkə halım bilər dedim,bilmədi,
Bəlkə bir gün gələr dedim, gəlmədi.
Bəlkə üzüm gülər dedim, gülmədi,
Bəlkənin həsrəti lap ox olurmuş.
 
“Adəmdən xatəmə”gələndi, bəlkə,
Mənə boş ümidlər verəndi, bəlkə.
Elə mənimlə bir öləndi, bəlkə,
Bəlkələr nə zaman bəs yox olurmuş?
 
 
YAS TUTUB
Boyuna ip ölçüm belə zəmanə,
Şahın mat qalıbdı, Topun pas tutub.
Nə udanın bəlli,nə uduzanın,
Vəzirin ölübdü, Atın yas tutub.
 
Piyadan yorulub yolda qalıbdı,
Filin əldən düşüb dalda qalıbdı.
Aşiqlərin gör nə halda qalıbdı,
Eşq-məhəbbət yerin boş həvəs tutub.
 
Nə yazın seçildi, nə də payızın,
Çox aşiq batırıb dərin-dayazın.
Yazmadın ömrümə rəngin bəyazın,
Qəm yükündən zəngin bir miras tutub.
 
 
ÜZƏRLIK OLAYDIM
Boşuna yanmağın nə xeyri var ki,
Bir topa üzərlik olaydım, barı.
Dolanıb sevdiyim kəsin başına,
Qadasın, bəlasın alaydım, barı.
 
Bir çimdik duz olub bir bədnəzərdən,
Uzaq saxlayardım, günahdan, şərdən.
Yanıb qoruyaraq daha nələrdən,
Müqqədəs inanctək qalaydım, barı.
 
Xəfifcə çəkilən bir “eh”ə dönüb,
Tüstü-duman olub, zirehə dönüb.
Şəfalar gətirən bir mehə dönüb,
Duatək qəlbinə dolaydım, barı.
 
mersin escort