“Onlar elə özləri kimi sıfır hisslər,heçlik yaradır.Elə bil mələklə şeytan mərkəzdə görüşüb sıfırlaşırlar.”-Sadiq Qarayev…

SƏHƏR DÜŞÜNCƏLƏRİ

Axşamçağı idi. Quzuları çəpərə qatdıqdan sonra, dayım mənə dedi ki- eşəyyimiz obada deyil, get gör hardadı, tap gətir…!! Cin vurdu başıma. Axı mən yorulmuşam, indicə quzuları otarmaqdan gəlmişəm. Səhər də quzuya mən getmişəm !! Sən bütün günü obada qalıb kef etmisən!! Mələk- dümbələk oynamısan!! Həbə çillo oynamısan!! Xaş-xaşa getmisən!! Saqqıza getmisən!! Meşəyə gəzməyə getmisən!! Niyə məni gözləyirdin ki, vaxtında gedib o eşəyyi gətirərdin da!!-dedim. Amma ürəyimdə dedim. O məndən üç yaş böyük olduğu üçün, qorxudan bunları deyə bilmirdim. Məni vurardı, döyərdi… Mən o boz heyvanı tapıb gətirənə kimi, beləcə ürəyimdə ona çox sözlər deyər, onu söyər, həm də əsəbdən az qala ağlayardım.. Növbəti bu cür hadisə təkrarlananda, yenə ürəyimdə onunla dalaşmağa başladım.. əsəbləşdim…

O bunu hiss edirdi və deyirdi:-içini yeyə-yeyə getmə! Ona görə kökəlmirsən!! Və mən yolda öz-özümə düşünürdüm “ Bir halda ki, mən onun dediyini edirəm, bu əziyyəti çəkirəm, üstəlik həm də niyə əsəbiləşim? Elə olmaz ki, gülə-gülə , fit çala-çala gedim ö boz heyvanı tapım, bir az da minib o yan bu yana cüt ayaq qaçırdım, kefi kök obaya gəlim??” Və belə də etdim. Bunu özümə vərdiş etdirdim. Öz mənfi xüsusiyyətimi tərbiyə edə bildim.

Və uzun illər keçsə də, bu mənim yadımda qaldı. Özüm dərk etdiyim mənfi xüsusiyyətlərimi tərbiyyə etməyi, faydalı vərdişlər qazanmağı qarşıya məqsəd qoydum..

İndi səhər-səhər Botanika bağında gəzirəm, o hadisəni xatırlayıram… Düşüncə və xəyallarımın müsbət və mənfi müstəvilərdə dolaşdığını hiss edirəm. Ümumiyyətlə insanın düşüncələri və buna uyğun olaraq da əməlləri  ömrü boyu gah sıfırın solunda- şeytan tərəfdə, gah da sağında-mələk tərəfdə gəzişir.. Və bəlkə də bu yürüşün riyazi ortaq rəqəmi İLAHİ qiymətləndirmənin əsas meyarıdır… Özümə sual verirəm ki- axı nə üçün bu cür sağlam havada, bir-birindən əsrarəngiz bitkilərin arasında mən mənasız düşüncələrlə gəzməliyəm? Xəyallarım şeytani hisslərin qanadları ilə uçmalıdır? Sağlamlıq təkcə təmiz havada sürətli piyada yerişlə möhkəmlənir??… Xeyir! Belə deyil, REAL SAĞLAMLIQ- ruhun, mənəviyyatın, düşüncə və hisslərin fiziki sağalamlıqla vəhdətindədir. Yəni, biz fiziki tərbiyə ilə mənəvi tərbiyəni birgə aparanda effektli, real sağlamlıq əldə edə bilərik.

İbn Sina deyirdi ki, “bizim sağlamlığımızı daha çox idarə edən, gözlə görünməyən böyük qüvvə vardır. Bu bizim hisslərimiz və düşüncələrimizdir”.. Mən bunu çoxdan, lap uşaq vaxt bir aptekdə divardakı yazıdan oxumuşdum.. Görünür o aptekçi də dərman satmaqdan bezmiş, dərmanların faydasız olduğu fikirini divardan asmışdır… Necə ki biz çox vaxt düşüncə və hisslərimizi nəfsimizdən asırıq.. Bax elə bu səbəblərdən orucluq real sağlamlığa aparan- ruhi, mənəvi, düşüncə və fiziki pəhriz, tərbiyyə faydalı vərdişlər sistemini özündə ehtiva edən yollardan biridir…

Sonuncu fikir, mənə müəyyən qərar çıxarmağa kömək edir… Bağda yürüş zamanı ancaq ALLAHI dərk etməyə yönəlik düşüncələrlə beynimi məşğul etmək… Belə etməyi özümdə vərdişə çevirmək istəyirəm.. Təkrar-təkrar fatihə surəsini ürəyimdə deyirəm. Azərbaycanca deyirəm. Nə qədər etdimsə, bu 7 cümləni ərəbcə əzbərləyə bilmədim.. yadımda qalmadı. Ümumiyyətlə mənasını başa düşmədiyim mətinləri heç vaxt yadımda saxlaya bilmirəm. Eyni zamanda hadisləri və insanları da… O şeyi ki, dərk edirəm, həmişəlik yadımda qalır.. Bunu faydalı xüsusiyyət hesab edirəm. Mənasız şeyi yadda saxlamağın nə mənası vardır??

Sürətlə yeriyirəm.. Yaradanı düşünmək, dərk etməyə çalışmaq.. Bunu ürəklə etmək, necə gözəl, sakit, möhtəşəm hisslərdir.. Bu hisslər kim möhtəşəm bir çinar ağacının yanından keçirəm.. Onun çox kiçik, təxminən küncüt boyda toxumunu gözlərinizin önünə gətirin.. Deyək ki, əlli il.. bu əlli ili nəzərə almayın.. O kiçik toxum bu boyda nəhəng ağaca çevrilir.. Və bu qədər biokütlənin hamısı təkcə torpaqdan udulumş su, mineral maddələr və havadan udulmuş oksigen və karbon qazının, fotosintez nəticəsində əmələ gələn üzvi maddələrin birgə məcmusundan ibarət deyil.. Bu biokütlənin müəyyən hissəsi günəşdən gəlmişdir. Yarpaqlar tərəfindən udulan işıq kvantlarının enerjisi mürəkkəb üzvi birləşmələrin kimyəvi rabitələrindəki enerji formasında toplanmışdır.. insan da bu enerjidən istifadə edir.. Ya bir başa, ya da heyvan mənşəli qidalar vasitəsi ilə… Demək, canlılar üçün yeganə enerji mənbəyi günəşdir.. Enerji yığını isə kütlə, kütlə özü isə enerji yığınıdır.. Böyük alim Eynşteynin məşhur düsturu da bunu sübut edir.. Deməli bütün canlıların, o cümlədən də insanın biokütləsinin bir hissəsi günəşdən gəlmişdir (ALLAH etməsin ki, bir də o oda qayıdaq)… Necə möhtəşəm sistem, nizam intizamlı aləm… Həmd olsun aləmlərin Pərvardigarına-deyirəm.. Nə qədər aləmlər vardır??- ALLAH bilir.. Və hamısı ALLAHIN qüdrəti, istəyi, məqsədi ilə nizamlanmış, bir-biri ilə vəhdətdə olub, onun   nəzarətindədir. Hökmünə tabedir. Quranda deyilir ki, hər nə yaradılıbsa ALLAHA ibadət edir.. Təkcə bəzi insanlardan başqa..

Bütün bunları düşündükcə, yaradılanlar haqqında, təbiətin qayada-qanunlarını az da olsa dərk etdikcə, həm təssüflənirsən, həm də xöşbəxtlik-elə bir zövq ki, dünyəvidən çox İLAHİ zövqə yaxın- hiss edirsən.. Təəssüflənirsən ona görə ki, həqiqətlərin, elmin çox cüzi hissəsini bilirsən.. Amma Tanrının öz elminin az da olsa bir hissəsini dərk etməyə icazə verdiyini anlayınca, bənzərsiz zövq alırsan…

Diqqətimi yürüş edən, beli bir az bükülmüş, yaşlı kişi cəlb edir. Onu müşahidə etməyə başlayıram.. O, daha çox sərvlərin, şamların yanı ilə gəzir.. Az qalır ki, özünü bu həmişəyaşıl,  bu vaxtlar dah çox öksigen verən ağaclara yapışdırsın.. Deməli ağaclardan sağlamlıq dilənir.. Onlara pənah aparır.. Qocalıqdan, əzrayıldan qaçıb, ağacların oksigen dənizində üzmək, güc toplamaq istəyir… Pis qoca.!! Buna bax, canının qədrini nə bilir.. !! Bəlkə də güclü vaxtı bir ağac əkməyib… Gücsüz pöhrəyə heç bir kömək etməyib!! Su verməyib. Onlara yaxşlıq etməklə ALLAHA ibadət etməyib.. Bəlkə də vəzifələrdə işləyib, haram pullarını kefdə, damaqda keçirməyə,  itticəsinə mülk yığmağa sərf edib.. !! Ölməmək üçün inildəyən, yarpaqlarının bir hissəsi ilə vidalaşan tinglərə mənasız insan qüruru ilə baxıb..! İndi ağaclar bu qoca insanı niyə yaşatmalıdır??!! Ona oksigen verməlidir, gəncləşdirməlidir!!?? Deyəsən bu ağaclar da, hərdəmxəyal, vecsiz, etibarsız bir şeylərdir… Yaxşını pisdən, sahibi düşməndən ayıra bilmirlər.. Belə olmasaydı indi Cıdır düzündə xarı bülbül bitməzdi.. Şuşada alçalar eyni   tərzdə çiçəkləməzdi.. Niyə ağaclar insanlara fərq qoymurlar??..

Əsəbləşirəm, yoruluram !! Necə oldu düşüncələrim gəlib insanın üzərinə çıxdı?? Axı mən onları tərbiyə etmək istəyirdim?? Pis düşüncələr insan görəndə ortaya çıxır?? Ya elə günəşin dalğa və zərrəcik kimi dualizm xüsusiyyətliri insan düşüncələrində də təzahür edib?? Axı insanın bir hissəsi günəşdəndir… Düşücələrdə ikiüzlülük, şeytan və mələk xisləti təbiidir,qaçılmazdır?? Xəstəlik və sağlamlıq kimi.. Xeyir!! Möhtəşəm tənzimləyici vardır. İradə. Ancaq İNSANDA olan iradə… O düşüncə və hissləri istiqamətləndirə, paklaşdıra bilər.. Çirklənmiş havasını təmizləyə bilər. İradə elə mənəviyyatımızın ağaclarıdır… Bərkidir, eroziyadan qoruyur, sağlamlaşdırır.. Necə ki, fiziki xəstəlikləri sağaltmaq mümkündür..

Bəlkə o yaşlı insan çox xeyirxah insandır? Ömrü zəhmətlə keçib? İndi-indi ağ günə çıxıb, özü üçün gəzir… Həm də görünür iradəli, nizam-intizamlı insandır ki, yuxusuna haram qatıb, alatoranda burda gəzir.. Bəkə də vaxtı ilə nə qədər tinglər əkib. İndi ağaclardan ayrıla bilmir, onları sevir.. Heç onu oksigen filan maraqlandırmır..

Şuşadakı Xarı bülbül, alçalar çiçəkləyirlər ona görə ki, yaşasınlar. Çoxalsınlar. Bu elə mübarizədir. Və o çiçəklər öz sahiblərini gözləmək ümidindən alınan gücün gözəlliyinin, ətrinin daha pak aləmdə təzahür formalarıdır…

Kefim kökəlir bu hisslərdən, düşüncələrdən. Elə bil ayaqlarıma güc gəlir. Yeriş sürətini artırıram. Fikirləşirəm ki, məşq etməklə, sağlamlaşmaqla, faydalı vərdişlər etməklə, fiziki və mənəvi aləmin həmrəyliyini yaratmaqla insan, elə cəmiyyətin özü də çox şeyə nail ola bilər.. Çox uzaqlara gedə bilər. Dincəlmədən birbaşa Şuşaya da gedə bilər…

Birdən ağlıma gəlir ki, o yaşlı kişi, xarı bülbül, alçalar barədə təzadlı qənaətlərim sıfırın sağındakı və solundakı düşüncələrimdən doğan təxmini məntiqin məhsullarıdr.. Hər şey çox sadədir? İnsan qocalanda sağlamlığı haqqında düşünməsi və bitkilərin vaxtında çiçəkləmisi təbii haldır..? Qoca üçün cavanlıqda nə etdiyinin, bitkilər üçün isə kimlərə çiçəkləyib meyvə verməyin heç bir fərqi yoxdur..??

Bu fikirlər məni gəzmək həvəsindən salır… Neytral düşüncələrin hərəkətverici qüvvəsi olmur. Onlar elə özləri kimi sıfır hisslər, heçlik yaradır. Elə bil mələklə şeytan mərkəzdə görüşüb sıfırlaşırlar.

Bax bu sıfırlaşmadan sonra, yaranacaq yeni düşünclərin istiqamətini əvvəlcədən sağa və ya sola yönləndirmək üçün yeni güc, yeni iradə lazımdır… Hər mənada sağlamlığımız  bundan asılıdır. Sağlamlıq isə böyük nemət və həqiqi uğurdur.

Bizi doğru yola hidayət et. Nemət verdiklərinin yoluna. Qəzəbinə uğramışların və satqınların yoluna yox!!

Bakı. Botanika Bağı. 23.01.19

Sadiq Qarayev  (AYB-nin üzvü,yazıçı)

mersin escort