“Əntiqə bir xanıma ƏNTİQƏ bir yazı QONAQlığı…”-Aydın Caniyev həmkarı Əntiqə Qonaq haqqında yazır…

 

Tanınmış jurnalist Aydın Caniyev həmkarı əməkdar jurnalist və hüquqşünas Ənqitə Qonağın yubilek yaşı münasibətilə sosial şəbəkədə öz fikirlərini və arzularını paylaşıb.

Müstəqil.Az  Əntiqə xanımı ad günü münasibətilə təbrik edir,həmin yazını olduğu kimi təqdim edir:

 

Təbəssümün son sığınacağına: Əntiqə bir xanıma ƏNTİQƏ bir yazı QONAQlığı

Həyatda elə qadınlar var ki, onların varlığı adamı vicdanlı olmağa məcbur edir. Amma qanqaraçılıq salmadan deyim ki, son iki ayda baş verənlərə görə özümə söz vermişdim: hətta Müqəddəs Məryəmin özündən olsa belə, xoş söz deməyəcəyəm, istisna yalnız Zeynəb idi – “qardaş başının qanı zülflərində həna”. Çünki…
Həə, o vicdanlı olmağa məcbur edən xanımlardan biridir mənim həmişə gülərüz dostum. Amma gözünün yaşı həmişə içindən… içinə axıb! Həmişə dostu, atanı, ananı, qardaşı, bacını, iş yoldaşını, döyüş dostunu fikirləşib!
Yaddaşının bir problemi var: özünü düşünmək yaddaşının ağlına gəlmir! Bəlkə də Yer üzündə tanıdığım iki-üç istisna qadından biridir ki, özünün qadın olduğunu unudub – bəzəkdən, sığaldan, nazdan-işvədən xəbəri olmadı ki! Qız, bacı, həyat yoldaşı, ana, rəfiqə, işçi olmağı düşünmək mafar vermədi!
Mənim “Həyat” (indiki “Azərbaycan”) qəzetində çoxlu iş yoldaşım olub – dost olduqlarım da çoxdu, bircə cümləsi, sözüylə yadımda qalanı da var, “kaş tanımayaydım” dediklərim də! Amma Əntiqə ilə birgə işləməyə təzə başlayanda etiraf edirəm, düşünmüşdüm ki, bu qızda elə ƏNTİQƏ olan təkcə adıdır! Yazdım axı – özünü düşünməyən xanımdır: bər-bəzəksiz, kosmetikasız, indiki dillə desək, brend olmasa da, həmişə səliqəli geyim! Amma yazıları özü boyda və özü ağırlıqda. Mənə bir az çöçün gəlirdi ki, qadın da belə yazılar yazar? Nədən, haradan, kimlərdən yazmırdı? Sovet dövrünün tələbəsi, məzunu, vətəndaşı olan Əntiqə xanıma XASİYYƏTNAMƏ vermək lazım olsaydı, mütləq belə ifadə olunacaqdı:
“Qarabağın dağlıq hissəsinə erməni quldurlarının təcavüzü başlayan gündən jurnalist kimi dəfələrlə cəbhə bölgələrində, səngərlərdə olmuş, torpaqlarımızı qoruyan könüllülərə, əsgər və zabitlərə, ordu heyətinə mənəvi dayaq olmağa çalışmışdır. Xocalının soyqırımdan əvvəlki vəziyyətində, Şuşada, Ağdamın Gülablı, Mərzili, Baş Qərvənd, Papravənd, Füzulinin Qacar, Xələfşə, Cuvarlı, Gövşatlı, Veysəlli, Arış, Hoğa kəndlərində və Məngələnata yüksəkliyində, Cəbrayılın Sur yüksəkliyində, Zəngilanın Novlu, Kollu, Rəzdərə, Yeməzli, Günqışlaq, Pirveyisli, Şərifan, Aşağı Göyəli, Nəcəflər, Ağbənd, Vejnəli, Qubadlının Çardaqlı, Əyin, Məlikəhmədli, Tarovlu, Yuxarı Cibikli, Aşağı Cibikli, Əliquluuşağı, Zor, Laçının Səfyan, Güləbird, Aşağı Fərəcan, Yuxarı Fərəcan, Türklər, Qazağın Barxudarlı, Sofulu, Qızılhacılı, Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Tovuzun Ağdam, Əlibəyli, Koxanəbi, Göyəbaxan, Böyükqışlaq, Ağdərənin Yarımca, Seysulan kəndlərində, Vəng yüksəkliyində olmuş və ön cəbhədə gedən döyüşlərin iştirakçılarından müxtəlif səpkili yazılar yazmışdır. 1988-1994-cü illərdə Füzuli cəbhəsində 12, Ağdamda 8, Qubadlıda 4, Laçında 2, Zəngilanda 2, Şuşada 2, Cəbrayılda 1, Xocalıda 4, Ağdərədə 2, Kəlbəcərdə 2, Qazaxda 2, Tovuzda 2, Gədəbəydə 1 dəfə olmuş və burada şahidi olduğu hadisələr, canlı döyüş epizodları, döyüşçülərin vəziyyəti, qayğı və problemləri ilə bağlı yazılarla çalışdığı mətbu orqanlarında çıxışlar etmişdir. Bundan başqa, mütəmadi olaraq xəstəxanalarda müalicə olunan yaralı əsgər və zabitlərimizə baş çəkmiş, şəhid ailələrinə maddi və mənəvi dayaq durmuşdur”.
Mənim o vaxt döyüşməkdən çox, qadın gözəlliyinə aşiq olduğum zamanlar idi. Əntiqə də belə yazılar yazırdı: parfümeriya-kosmetika əvəzinə, səngər qoxuyurdu, barıt iyi verirdi Əntiqə!
İndi bildiniz niyə fikirləşirdim “bu qızda elə ƏNTİQƏ olan təkcə adıdır?”
… Mən olduğum yerlərdən həmişə erkən getmişəm – təkcə redaksiyalardan, iş yerlərindən yox ki? Həm də ürəklərdən, dostlardan, düşmənlərdən… O uzaq 90-cı illərin əvvəllərində mən öz toyumu eləməyə rayona gedəndə, heç bilmirdim ki, Əntiqənin toyu olub, ya yox?
Amma mən Əntiqəgilin qapısına- kəndlərinə… hüzr məclisinə getmişdim kollektivlə – yasdan sonra redaksiyaya gələn Əntiqəni nə mən tanıdım, nə də Şamile Həjar!
Əntiqəni ürəyimdə kəndimə yazılarıyla yox, yazımdakı bircə cümləyə verdiyi dəyərlə aparmışdım: Kəlbəcərə qrup yoldaşım İlham Məmmədlinin toyuna getmişdim, qayıdanda rəsmi dövlət qəzetində “Ancaq… həyat davam edir” adlı yazı yazmışdım. Sözarası deyim ki, indi “başlıq əjdahaları” qımışa bilər, onda isə həqiqət elə o başlıqdan ibarət idi və ən superi də mənim yazdığım. O boyda redaksiyadan təkcə Əntiqə gəlib təşəkkür etdi: “Aydın, eşq olsun! “Kəlbəcərlilər ölümü öldürməklə məşğuldu. (…) Qardaşın biri gərdəkdə, biri səngərdə ”.
Əntiqəni bir də 10 il sonra onun qrup yoldaşıgildə mətbəxdə oturub söhbətləşəndə gördüm – ikimiz də qonaq gəlmişdik. Mən Əntiqəni bu qədər duyğusal, bu qədər kövrək, bu qədər zülm içində yaşayan, uşaqlığı qoltuğunda kitab qoyun otaran, at minən, evin bütün işlərinə çiyin verən, toyuq ütülməyindən qorxan olan qızçıcığazdan çevrilib gəncliyi güllələr altında keçən jurnalist, qalan ömrünü də 2 və 3 yaşlı iki oğlunu təkbaşına böyüdən ana əzəmətində bilmirdim! Ağlıma gəlməzdi heç kimdən təbəssümünü əskik etməyən Əntiqənin özü üçün əntiqə bir mərsiyə çatmır! Əntiqəni ağlamağa 9 ana lazım idi dəsmal götürüb ağlasın!
Onda Həsən uşaq idi: Həsənin ana nənəsinin başına açdığı oyunları danışıb bizi güldürürdü! İndi Həsən Türkiyənin Mərsin şəhərində makina mühəndisliyi öyrənir!
Onda Şəhriyar lap balaca nadinc uşaq idi. İndi Şəhriyar Lələtəpə döyüşlərinin qəhrəmanı və artıq veterandır. O da hərbi xidməti bitirəndən sonra qardaşının dalınca Türkiyənin Mərsininə üz tutub. İdman ixtisasını seçib.
Əntiqə bu ölkənin “əməkdar jurnalist”idir – qadın yazarlardan layiq görülənlərdən çox azlardan biridir ki, eşidəndə sevinmişəm! Əntiqə “Salatın Əsgərova” mükafatını alan ilk imzadır!
Mən bu yazını tamam ayrı məqama görə yazıram: Bu gün mən bir dostumla Xaçmaza gedib qayıtdım. Xaçmaz Əntiqəyə görə 1992-ci ildə ilk dəfə üz tutduğum bölgədir. Təbiətinin əsrarəngizliynə ovaxtdan heyranam. Sonralar da ayağımı kəsməmişəm. Azər Həsrətə, İmran Bədirxanlıya görə də səfər etmişəm. Ən çox da son vaxtlar Cəmil Məmmədli ilə görüşürəm. Habil RzaNur da dost siyahısında yer tutub. Məmməd Qədiri də lap axırda tanıdım. Xaçmazın özünün və kəndlərinin, insanlarının cazibədarlığı mənə zövq verir. Amma bu gün Əntiqə yadıma düşdü.
25 ildən artıqdır ki, bizi təbəssümüylə aldadan xanım… Bizi incitməyən, bizim dəyərlərimizə dəyər verməyi bacaran, bizə “sağ ol”u da vaxtında deyən, bizdən hər dərdini gizlədən xanım. “Ölməzlik” və “Vətən, səndən keçmək olmaz!” adlı iki kitabın müəllifi, Qarabağ Müharibəsi veteranı olan xanım həmkarımızın qəfil yadıma düşməsinə görə səhifəsinə baxdım: sabah ad günüymüş. Mən fb hesabımı bağlamışdım. Aldığım bir xəbərə və Əntiqəyə görə açdım. Xəbər oydu ki, 29 il qabaq 20 yanvarda Sumqayıt yolunda rus hərbçilərinin tank altında maşınlarını əzib keçdiyi dörd elm adamından sağ qalan biri bu gün dünyasını dəyişmişdi. Paylaşdım statusda. Amma Əntiqədən yazası oldum!
Çünki Əntiqə 20 yanvardan sonra doğulanlardandır – sözün həqiqi və müstəqim mənasında!
İnanmayanların menyüsünə:
1983-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin əyani bölməsini radio-televiziya jurnalistikası ixtisası üzrə, 2010-cu ildə isə hüquq fakültəsinin qiyabi bölməsini fərqlənmə diplomu ilə bitirib. Tələbəlik illərindən başlayaraq Televiziya və Radio Verilişləri Komitəsinin Gənclik verilişləri baş redaksiyasında “Nəgməli-sözlü gənclik”, “Nəgməli-sözlü tələbə”, “Natəvan qızlar klubu”, “Tələbə dünyası” və sair müəllif verilişlərilə dinləyici və tamaşaçıların qarşısına çıxıb. 15 ilə qədər radio-televiziyada ştatdankənar müxbir kimi fəaliyyət göstərib.
1984-cü ildə təyinatla jurnalistlik fəaliyyətinə başlayıb. Avtomobil Nəqliyyatı Nazirliyinin “Magistral” qəzetində korrektor, müxbir (1984-1990)
Kimin yadındadır o Əntiqə Qonaqova?
“Həyat” qəzetində baş müxbir (1991-1992), “Biznes” qəzetində şöbə müdiri (1992-1993), “Ana” müstəqil qadın qəzetində təsisçi və baş redaktor (1993-1996), “Azərbaycan” qəzetində müxbir (1999-2001).
Oxucu xatırlamaya bilər, amma yüzlərlə, minlərlə döyüşçü bu imzanı əzizləyir!
Dediyim məqama gəlim: Əntiqə yazıları bəh-bəhlə qarşılanmayan müxbirlərdən olub. Döyüşçülər üçün vuruşan Əntiqə həm də yazıları üçün döyüşüb. Üstünə qışqıran redaktor da olub, yazısına irad tutan da. Amma bu qızcığaz döyüşüb: həyatla və həyatda hamıyla, hamı üçün!
Əntiqə Qonaq sanki onu jurnalist kimi sinirə, həzm edə bilməyənlərin gözü qabağında jurnalist diplomunu “kosmetiçka” əvəzinə sumkasına qoyub, gedib hüquq fakültəsinə qəbul olunub: “O siz, o da sizin məni bəyənməyən jurnalistikanız” demiş kimi!
Əntiqə 2001- 2017-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun hüquqi təminat və informasiya idarəsinin mətbuat xidmətində baş məsləhətçi vəzifəsində işləyib. Dövlət qulluğu müşaviridir.
YAZIYA SÖZARDI: Əslində, mən gileyli nəsə yazmamalıydım: hökumət də, övladları da Əntiqə Gülməmməd qızı Qonaqovanın xidmətlərini vətəndaş-jurnalist və ana kimi veriblər. Bilirsiniz məni incidən, göynədən nə oldu?
Əntiqə… QONAQ olduğu bu dünyada XANIM kimi yaşamadı ki! Yazdım ki, siz də ona deyəsiniz: ƏNTİQƏ, əsl məqam indidir: uşaqlığını təzədən yaşamağa başla – 6 yaşından, gəncliyini yaşat özünə, qocalmaqdan isə çəkinmə! Sən özünü bir dəfə qocaltmısan, öhdəsindən gəlmisən!
Yoxsa, mən ona nə qədər desəm də ki, ay Əntiqə xanım, sən elə mənim yaddaşımda 1992-ci ilin sentyabrın 10-dakı kimi qalıbsan: özündən 10 yaş balaca həmkarına gəlib “ölümü öldürənlər də varmış həyatda” dediyin kimi…, inanmaz!
Sən… təbəssümün son sığınacağısan, əziz bacım! Sən ölümü öldür ki, mən də Səni təbrik edim!

 
mersin escort