“Şeirlər quruyur dodaqlarımda, Şəhadət gətirir, dilimdən gedir…”-Ülvi Səmazənin şeirləri…

 

Müstəqil.Az gənc şair ÜLVİ SƏMAZƏNİN yeni şeirlərini təqdim edir:

 “Ağlayasan”
 
Ağlayasan bir qədər,
Bir qədər ağlayasan.
Keçmişinin başına daş qoyub ağlayasan,
Bir ana qollarında hıçqırasan doyunca,
Bir bacı dizlərinə baş qoyub ağlayasan.
 
Ağlayasan bir qədər,
Bir qədər ağlayasan..
Bir ata əllərində itirəsən özünü.
Canı çıxmış gözünü,
Yastığının üstünə yaş qoyub ağlayasan..
 
Ağlayasan bir qədər,
Bir qədər ağlayasan,
Taleyin it yorğunu düşə çiyinlərindən.
Heç heyin də qalmaya…
Tanrının ətəyində tapşırasan canını,
Ürəyində bir qırıq gileyin də qalmaya,
Hər şeyi keçmişində kaş, qoyub ağlayasan.
 
Ağlayasan birqədər,
Bir qədər ağlayasan,
Keçmişinin başına daş qoyub ağlayasan.
Bir ana qollarında hıçqırasan doyunca,
Bir bacı dizlərinə baş qoyub ağlayasan
 
 “Ölüm qoxusu”
 
Bir məzar sızlayır ovuclarımda,
Saçımı ağardır, belimi bükür.
Fələk omuzumdan günah toplayır,
Əcəl əllərində əlimi bükür.
 
Bəlkə son sabahdır bu oyandığım,
Bəlkədə həyatım əlimdən gedir.
Şeirlər quruyur dodaqlarımda,
Şəhadət gətirir, dilimdən gedir.
 
Soyuq otağımda soyuq bir sükut,
Ölüm əllərimdə açır gözünü.
İlhamım dilimdə intihar edir,
Pərilər saçımdan asır özünü…
 
Gülüşlər üzümdən nəxşə çəkilir,
Sallanır bir yığın zar tavanımdan.
Pəncərəm havadan ölüm dilənir,
Başıma tökülür qar, tavanımdan…
 
 “Göyçək”
 
Gözləri göydən gözəlim,
Tazə baharım göyçək.
Zülfü behişt, çöhrəsi şəms,
Sevgili yarım göyçək.
 
Baxışı dəryadan dərin,
Sözləri baldan da şirin.
Qara gözlü, can dilbərim,
Ləbləri alım göyçək..
 
Gecədən qara şanəsi,
Busəsi qəlbim nəfəsi.
Baxışları eşq tələsi,
Nazlı nigarım göyçək.
 “Siqaret kimidir bəzi qadınlar”
 
Siqaret kimidir bəzi qadınlar,
Tərgidə bilmirsən, ata bilmirsən,
Bəzən də könlünə elə düşür ki,
Qoxusun çəkmədən yata bilmirsən.
 
Bir ömür yaşayır dodaqlarında,
Təsiri içində sərnişin olur.
Birdə görürsən ki, alışqanlığa
Çevrilir, ən axmaq vərdişin olur.
 
Siqaret kimidir bəzi qadınlar,
Çəkdikcə alışır, bədənin, əlin.
Sonra bu vərdişə peşman olursan,
Çəkdiyin tüstülər gözündən gəlir.
 
Bəzən də, o qədər ağır olur ki,
Nə götür əlinə, nə yandır onu.
Onun üzərində yazılmır axı,
Yazılmır, qoxusu ziyandır onun.
 
Siqaret kimidir bəzi qadınlar,
Dumanlar içində itirir səni.
Canına çəkdikcə, canından gedir,
İçinnən məhv edib, bitirir səni.
 
Siqaret kimidir bəzi qadınlar
 
 
 “Darıxarsan Mənimçün”
 
Darıxarsan mənimçün,
Qış qapını kəsəndə.
Soyuq məhəllələrdən,
Evinə tələsəndə.
 
Çatar çatmaz evinə,
Qapını bağlayarsan.
Yastığı qucaqlayıb,
Oturub ağlayarsan.
 
Deyersen darıxmışam,
Kimsə duymaz səsini.
Səsin çıxmasın deyə,
Tutarsan nəfəsini.
 
Boğularsan elə bil,
Kinində, qəhərində.
Nakam məhəbbətlərin,
Ayrılıq şəhərində.
 
O qədər ağlayarsan,
Boğularsan elə bil.
İçin-için ölərsən,
Yox olarsan elə bil.
 
Doğular gözlərində,
Qəharətin yaşları.
Eşq qarışar nifrətə,
Səngiməz qarğışların.
 
İncə barmaqlarınla,
Çarpayını sıxarsan.
Gündüzləri yatarsan,
Gecələr darıxarsan.
 
Darıxarsan mənimçün,
Qış qapını kəsəndə,
Ayaqların donanda,
Əlin tir-tir əsəndə.
 
Darıxarsan mənimçün.
 
 
 
“Qara bəxtli qara taleli qadın”
 
Salam sən..
Hə-hə, sən!
Qara bəxtli, qara taleli qadin.
Bu gün axşama bişirdiyin şorbanın
içinə nifrətini də qatarsan,
Biraz duz da atarsan.
Səhər otağını yığışdıranda,
Yastığına gizlətdiyin göz yaşlarını
Yuyub sərərsən otağının eyvanına.
Yastığında qurumasın deyə,
Ayaqların altında
Çilik-çilik olmuş
xəyallarını
Saçlarınla süpürərsən qapının ağzından,
Pəncərəyə ilişib qalan həsrət dolu baxışlarını 
Silib təmizləyərsən
Paltarının ətəyi ile.
Sonra gülümsəyərsən..
Yene yastığına gizləyərsən dərdlərini,
Gözləyərsən..
Gözləyərsən heç sevmədiyin ərini.
Axı sən məcbursan, gözəlim
Məcbursan gözləməyə
Gülməyə,
Sevməyə,
Yemək bişirməyə,
Ev yığışdırmağa,
Sən sevişməyə də məcbursan.
Gözlə,gözəlim,gözlə…
 
Müstəqil.Az 
mersin escort