Haxverdi – Şərif Ağın hekayəsi

Dünən eşitdim ki, Haxverdi haqq dünyasına qovuşub.

Ürəyindən gedib rəhmətlik. Axşamdan sinəmdə küt ağrılar var deyib uzanıbmış. Yeməyə qaldırmaq istəyəndə arvadı baxıb ki, keçinib.

Kimdir Haxverdi? Hey, gidi dünya, hey! Bu dar macalda o boyda adamı necə anladım sizə. Əvvələn onu söyləyim ki, Laçın qəzasının İşıqlı obasındandı. Adını elə pasportunda da Haxverdi yazıblar. Deyirlər, doğulan günün səhəri atası atını sürüb qonşu kənddəki sovet sədrinin yanına, onu muştuluqlayıb. Buyurub ki, oğlumun adını Haxverdi qoyuram, rəhmətlik atamın adıdı. Sovet sədri də kişi necə deyibsə eləcə köçürüb sənədə.

Laçın dağılandan sonra bizimlə birlikdə, yəni doğma el-obasının içində gəlmişdi rayonumuzun Kür sahillərindəki boz çöllükdə yerləşən torpaqlarına. Burda camaat yığışıb bir oba saldı, adını da qoydu İşıqlı. Hərə özünə qarğı-qamışdan bir koma qaralayıb başladı bu bivec dünyada mənalı-mənasız ömür sürməyə.

Haxverdinin dili nə qədər şirin, xasiyyəti nə qədər həlim idisə, qələmi o qədər sərt idi. Səhv başa düşməyin, yazıçı-zad deyildi, ərizə yazmağı vardı. Sözü daşdan keçirdi! Ona görə kənddə ikən ona “Danos Haxverdi” deyirdilər. Şair ruhlu xalqımız onun şəninə bayatı da çağırmışdı:

Lampa yanar yana-yana
Qəsd eləyər şirin cana
Bir gecədə yüz ünvana, ay Haxverdi,
Yazmağı kimdən öyrəndin?

Çox vaxt bu bayatını mahnı üstdə oxuyurdular və sonuncu misranın ardınca deyirdilər: “Ay öyrəndin, can öyrəndin, deginən kimdən öyrəndin?!”

Qaçqınlıq həyatı Haxverdinin qələmini daha da itiləşdirdi. Bakıdan, Moskvadan tutmuş dünyanın ən böyük şəhərlərinə, ən ali qurumlarına, ən nüfuzlu təşkilatlarına yazmaqdan yorulmurdu. Üzünü köçürüb nənəsindən qalma köhnə sandığa yığdığı bu ərzi-halların, demək olar, hamısı xalqın çətin güzəranından bəhs edirdi. Çox zaman yazdıqlarının səs-sədası çıxmırdı. Deyirdilər, Haxverdi, gözlərinə hayıfın gəlmir, qələminə-kağızına gəlsin, indi sovet hökuməti nə gəzir ki, bir ərizədən ötrü rayona komissiya göndərsinlər. İndi kapitalizm əsridir, heç kəsin heç kəslə işi yoxdur, başlı-başın saxlasın zəmanəsidir.

Haxverdi diz yerə qoymurdu:

“Ay-hay! Hələ siz bilmirsiz ki, sover hökuməti qədər ədalətsiz quruluş olmuyub. İndi demokratiya var, insan haqları var!”

Bir gün şıdırğı yağış obamızdakı bütün evləri az qala yuyub aparacaqdı. Haxverdinin daxması da üç-dörd yerdən dammağa başladı. O, tez damcıların altına vedrə-qazan düzüb elə o damcıların tıqqıltısından ilhamlanaraq yazmağa başladı. Aidiyyəti qurumlara ünvanladığı ərizədə şahanə bir cümlə işlətmişdi:

“Mən inanıram ki, hökumətimizi uğurlu daxili və xarici siyasəti nəticəsində torpaqlarımız geri alınacaq, amma qorxuram, ailəlikcə soyuqda-şaxtada qırılıb-bataq, o xoşbəxt günü görməyək!”.

Üstündən on-on beş gün keçmiş Haxverdini rayonumuzun elə həmin boz çöllükdə yerləşən qərargahına çağırdılar. Elə həmin gün obamıza gələn xır yolunun üstündə bir yük maşını göründü. Gəlib Haxverdinin daxmasını təmir etdilər, üstünə təzə müşəmbə çəkdilər.

Qərargahda ona yaxşı qulaqburması vermişdilər:

“Toyuq hini boyda daxalın üstünü örtmək nəmənədir ki, ondan ötəri aləmi vurmusan biri-birinə?! Gəlib adam kimi deyəydin, biz də kömək edəydik!”

Haxverdi söz altında qalsa Haxverdi olardımı:

“Yoldaş rəis, obamızda çoxlu daxalı sel-su yarıtmaz hala salıb, gedin təmir edin, görək!”

Bu səfər həmən rəis kimmişsə möhkəm əsəbiləşib. Möhkəm əsəbiləşib və cocuyub Haxverdinin üstünə:

“Ağlını yığ başına! Elə eləmə ki, səndən ötəri ciddi ölçü götürək!”

Allahüçünə Haxverdi qorxmurdu:

“Mənə neyləyəcəklər? Oğurluğum yox, əyriliyim yox!”

“Ay Haxverdi, doğrudan iki-üç arşın müşəmbədən ötrü o qədər əziyyətə dəyərdimi?” – bir dəfə də özümü saxlaya bilməyib soruşdum.

Boğazını arıtlayıb udqundu:

“Hələ cavansan, belə şeyləri qanmazsan. Mənim məqsədim o idi ki, obamızı rayon rəhbərliyinin yadına salam!”

Deyəsən, obamız rayon rəhbərliyindən əvvəl qəza mələklərinin yadına düşdü. Haxverdinin müşəmbə söhbətindən bir həftə keçmişdi ki, qonşuluğumuzdakı kimsəsiz Nisə arvadın olan-qalan damazlıq inəyini oğurladılar. Ardınca obaya işıq paylayan transformator yandı.

Kürün kimsəsiz sahillərinə doğru uzanan çöllükdə zülmətlərə qərq olan obamızın əli hər yerdən üzüldü. Dünyayla əlaqəmiz itdi. Yollar narahat olduğundan maşın-filan da görünmürdü biz tərəflərdə. Belə bir vaxtda hamının ümid yeri Haxverdi idi.

Yaz, deyirdilər, Haxverdi! Gücün nə qədər yetir, o qədər yaz!

Haxverdi zülmətə qərq olmuş həyatımızı kələ-kötür xətti ilə varaqlara köçürür, camaatdan pul toplayıb piyada qərargaha yollanır, palçıqlı ayaqlarını otluqda təmizləyib Ağcabədiyə gedən maşınlara minir, özünü tələsik şəhər poçtuna çatdırırdı. Bütün məktubları sifarişlə göndərir, aldığı qəbzləri camaata gətirirdi. Ümumi məbləğdən yolxərcini və kolbasa çörəyin pulunu da çıxırdı. Zəhmət haqqı istəmirdi! O da dərd ortağımız idi axı.

Günlərin bir günü Nisə arvadın inəyini oğurlayan tapıldı, amma bu xəbərə zülmətlərə qərq olmuş obamızda heç kim sevinmədi. Çünki oğru bizim obadan idi: Nisə arvadın doğmaca bacısı oğlu Qafar.
Dağılasan dünya!

İnanın, bu xəbər transformatorun yanmasından da ağır gəldi bizə.

Polis qafarı qandallayıb aparanda obada hamı ağlaşırdı. Ən çox da Nisə arvad ağlayırdı. “Mən ondan şikayət eləmirəm” – deyirdi.

Qafarın ardınca obamıza daha bir polis maşını gəldi. Bu dəfə Haxverdini soruşdular. Haxverdi həvəslə daxmasından çıxıb polislərin yanına gəldi. Biz də sevindik ki, yəqin işıqla bağlı tədarük görürlər.

Amma…

İnanmayacaqsınız…

Haxverdini həbs elədilər!

Deyilənə görə, rayon rəhbərliyi ilə işıq üstündə tutaşıb, onlar da hirsləniblər ki, bunu aparın atın qoduqluğa.

Hadisəni təfsilatı ilə səhəri gün içəridən çıxan Haxverdi özü danışdı.

Rayonun polis rəisi Haxverdini çağırıb, deyib, sənə demədimmi, ora-bura az yaz?! Haxverdi deyib, nəçənnik, axı camaat zülmətdə qalıb, neyləyim? Rəis buyurub ki, transformator elə də ucuz şey deyil, bu saat alıb gətirə bilmərik, bir az hövsələ etmək lazımdır.

Haxverdinin beyninin qapağı atıb:

“Sən özün bir həftə işıqsız qala bilərsən?”

Bu səfər rəis hirslənib:

“Ay avara, sən kimnən danışdığını bilirsən?”

Haxverdi Sokratsayağı soyuqqanlılıqla söyləyib:

“Niyə bilmirəm? İkimizi də Allah yaradıb! İkimiz də torpağımızı qoyub qaçmışıq! Dübarə ikimiz də bu ölkənin vətəndaşıyıq. Sadəcə sən rəissən deyin işığın var, bizim vəzifəmiz yoxdu, işığımız da yoxdu!”

Rəis bu cavabı gözləmədiyindən özünü ələ ala bilməyib və yan-yörəsindəki serjantların üstünə qışqırıb:

“Aparın bu demaqoqu basın dama, ağlı başına gəlsin!”

Dam da nə olsa yaxşıdır? Bakı kubikindən tikilmiş balaca bir otaq. Haxverdi deyir mal tövləsinə oxşayan bu “türmə”ni görəndə gülmək tutdu məni.

İçəri girəndə kimi görsə yaxşıdı? Öz xalasının damazlıq inəyini oğurlayıb Ağcabədi qəssablarına satan Qafarı.

Gözləri dolub Haxverdinin. Deyib, ay Qafar, bilmirsən qiblə hansı tərəfdədi?

Qafar gülüb, qibləni neynirsən, deyib, namaz qılacaqsan?

“Yox, sən göstər” – səsi boğulub Haxverdinin.

Qafar əlini gündoğanla günbatanın arasından bir az maili uzadıb.

Haxverdi qəflətən dizlərini yerə atıb və əllərini Qafarın tuşutduğu tərəfə açaraq deyib:

“Ay Allah, deyirlər sən varsan, hər şeyi görürsən və iki mələyin durmadan xeyri-şəri öz dəftərinə yazır. Əgər həqiqətən də varsansa, iki mələyinə xeyir-şər yazdırırsansa, camaata işıq istəyən bir adamla, öz xalasının inəyini oğurlayan bir adamın eyni dama qatılmasına necə dözürsən?!”

…Bəli, deyirlər kişi rəhmətə gedib

Hava pis olsa da gərək yasına gedəm.

Nədən ki, harda işıq görürəm, yadıma Haxverdi düşür.

2011

mersin escort