50 – ÖMRÜN KÖLGƏ XƏTTİ

Onu görəndə sanarsan ki, nəsə deyəcək indicə – üz-gözü daim söz içində olur. İlk andan anlaşılır ki, dərin və çevik düşünən adamdı. Sabahı bügündən görür…

Millət mövzusunda söhbət düşəndə tüstüsü siqaretinin tüstüsünə qarışır…
Sözlə nəfəs alır, sözlə qidalanır, amma balı soğana qatmır…

Məqsədi içindən çölünə axan Söz çeşməsində arınıb Tanrıya yetməkdir…
Bu adam dostcanlı, dostqanlı şair Ehtiram İlhamdı.

Bütün şeirlərində dünyadan uzaqda daha ağrısız bir dünyaya canatmaların yanğısı var. İctimai mövzularda olduğu kimi həyat təcrübələrindən yaranan şeirlərində də qəribə bir fərqlilik var, sanki şair özünü Azərbaycan xalq şeirinin içinə atmaqla orada indiyədək görə bilmədiyimiz bir boşluğa işıq salır. Dərli-toplu saydığımız o yerdə az da olsa hələ də hərəkətliliyin davamını görürük. Demək ki, ədəbiyyatda mükəmməllik, proqreslik deyilən anlam zamanın ekfrasis dəyişiminə uğrayır.

Ehtiram İlham dostlar arasında “Dərdiş” adıyla tanınır. Bəziləri bu adı “Dərviş”lə qarışdırır, amma Ehtiram bildiyimiz dərvişlərdən, sufi şairlərdən deyil, şair sufilərdəndir – yəni şeirlərinin dili ilə deyil, mənası ilə zahirdə xalq, batində haqq ilə olanlardandır.

“Hamı gördüyünü görə bilmirik, heç kim görməyəni görürük hər gün…” fikrilə dünyanın keçici rənglərinə kor olan insanların üzündəki görünməyən sirr pərdəsini, o pərdənin arxasındakı həqiqəti görə bildiyini deyir. O həqiqqət ki, insanın mayasına yaradılışdan qoyulan vicdan, əxlaq, mənlikdir.

Şairin şeirlərinin çoxu həyat yolçuluğunda illərin qısa xülasəsidir. Oğlu Atilay üçün yazdığı şeirlərdə həyatın bu qədər acımasızlığı içində uşaqların yenə də gələcəyə bir ümid olduğunu göstərir, çünki insanı düşdüyü bəlalardan insanın özündən başqa qurtaracaq biri olmadığını bilir.

Ehtiram İlhamı oxuduqca anlayırsan ki  o, bədənindən çox qəlbini, ruhunu bəsləyib.

Adam görkəmində, adam biçimdə
Adam sevgisində, adam gücündə
Adam axtarıram adam içində…

-deyərək, sanki yazmaya bilmədiklərini yazmaq üçün şair olduğunu izhar edir: “Qaçmadım şeirin, sözün dalınca, Mən adam olmağın dalınca qaçdım.”

Ehtiram İlham minor şairdir, şeirlərinin əhval-ruhiyyəsində kədər boyaları var. Ancaq o boyalar açıldıqca durulur, arınır və təzələnir. Nəzərə alaq ki, şeir ədəbiyyatın ən gözəl yavrusudur, – şairi alqışlayaq.

Bu yazı Ehtiram İlhamın yaradıcılığının təhlili deyil, ömürünün 50-ci ilində ona bir dost hədiyyəsidir.

Hər yaş insan üçün önəmlidir, amma əlli ömrün kölgə xətti kimidir. Sonrası dəyişkən olur. Bir qisim insanlar yaşlanır, ikinci qisim insanlar yaşının üstə yaş alır. Ehtiram İlhamın dostları ona ikinci qisimdən olmağı arzu edirlər.

Biz ədəbi yolda dost olduq – dosta vəfalı olmaq yola vəfalı olmaqdır, yoldakılara vəfalı olmaqdır, yolun sahibinə vəfalı olmaqdır. Yol sahibinin nəzəri üzərinizdə olsun, Dərdiş!

Adilə Nəzər

Filologiya üzrə fəlsəfə doktoru, şair

128 baxılıb