Vəhdət vadisi və eşq məqamı… – Əsəd Cahangir yazır

Vadiyi-vəhdət həqiqətdə məqami-eşqdir…
Füzuli

Tanınmış şair, ixtiraçı alim Elçin İsgəndərzadə haqda illər öncə yazasıydım. Amma Elçin az yazmayıb, üstəlik, onun barəsində o qədər yazıblar ki, bütün bu elçinşünaslıq butaforiyasını bir yerə toplamaq, saf-çürük eləmək mənə Suvorovun Alp dağlarını aşması qədər zor görünürdü. Şairin “Vektor” Beynəlxalq Nəşrlər Evi tərəfindən yayımlanan beşcildliyi bu problemi çözdü. Akad. N.Cəfərovun redaktorluğu ilə işıq üzü görən bu kitablarda hər şey var – Elçinin yazdıqları da, onun haqda yazılanlar da.

***

Şair M.Araz şeirlərdən ibarət 1-ci cildə ön sözündə Elçinin düşüncəsindəki vəhdətdən yazır. “Gerçək sənətin ən ekstremal zirvəsi söz, səs və rəngin vəhdətidir” – deyə Elçin də ustadı təsdiq edir. Qədim yunan liriki Simoniddən fransız rejissoru Qodara qədər bu vəhdəti çoxları axtarıb, biri “rəsm lal poeziya, poeziya danışan rəsmdir”, o biri “kino musiqi kimi eşidilən rəsmdir” deyib. Bizimkilər arasında bu məsələdə Elçin qədər israrlısını tanımıram. Onun V.Səmədoğlu və A.Mirseyidi özünün ustadları sayması da, məncə, birincidə sözün səslə, ikincidə isə rənglə canlı vəhdətini görməsindən irəli gəlir.

Elçin kitabda onlarla söz, musiqi, rəngkarlıq ustasından danışır, bir çox fəsilləri musiqi (“Türkülər”, “Ebrülər…ebrülər”, “Miniatür motivləri”) terminləriylə adlandırır. Düzdür, “məni Şuşa şair elədi” deyən Elçini doğma şəhər bəstəkar eləməyib. Buna baxmayaraq, mən onun poeziyasındakı musiqini bütün intonasiyasına (tonu, tempi, hətta tembrinə!) qədər eşidirəm. Gülü özündən olan parça kimi bu şeirlərin də bəstəsi özündəndir:

Bakıda Ay doğmadı
Ay doğmadı Şuşasız
Könlüm qərib odasıdı,
pəncərəsi şüşəsiz

“Arzu türküsü”

“Mənim rəngə bağlılığım Cıdır düzündən başladı” deməsindən görünür ki, Elçini sözün rəssamı eləyən də Şuşa olub. Rəng maddi anlayışdır. Onun enerji halını görmək üçün Nizami və ya Höte kimi dahi olmalısan. Rembo, Rəsul Rza kimi istedadlarda rəngin energetikasına maraq isə daha çox estetik hadisədir. Elçində də rəng söhbəti, məncə, eyni səciyyəlidir:

Hər kəs xoşbəxtliyin bir küncünə qısılı
Heç kəs xoşbəxt olduğunu bilmir…
Çobanyastığının ləçəkləri kimi
ömür tökümündə bir ümid gözləyir hərə.
Ya gələcək, ya gəlməyəcək.
Mən çoxdan xoşbəxtəm
lap anadan olandan.
Xoşbəxtəm ki, həyatı gördüm.

“Xoşbəxtliyin rəngi”

Elçinin şeirlərindəki vəhdətin daha bir yönü fərqli yaradıcılıq metodlarının bir araya gəlməsidir. O, gerçəkliyi realist kimi kənardan görür, romantik kimi yuxarıdan seyr edir, modernist kimi isə özündə tapır. Çünki modernist real aləmdən üz çevirib (Munk, “Qışqırıq”), dünyaya göz yuman (Maleviç, “Qara kvadrat”) və gerçəkliyi öz içində tapan (Pikasso, “Hernika”) adamdır. Modernizmdə yaradıcı və onun yaratdığı eyniləşir. Dali “…sürrealizm elə mən özüməm” deyəndə bunu nəzərdə tuturdu. Elçinin “Mən… gördüklərimi öz beynimdəki kimi qələmə almışam” sözləri də onun modernist bəyanatıdır. Modernizm bir yuxu, insanın özüylə dialoqudur. Bu üzdən Elçin, sadəcə, sərbəst şeirlər yazdığı yox, sərbəst (özü kimi!) düşündüyü üçün modernistdir. Onun hətta türküləri də mahiyyətcə modernizm örnəkləridir:

Söylə, söylə mən kiməm,
mən kiməm bu dünyada,
mən sənin yuxundayam,
sən də mənim röyamda.

“Qürbət türküsü”

Amma bu, onun şeirlərindən digər “izm”lərin ayaq izlərini silməyə əsas vermir. Çünki xalis modernist M.Prust, S.Valexa, S.Dali kimi şüuraltının (yuxunun!) ixtiyarında olur. Elçində isə şüur ikinci planda həmişə oyaqdır. Mən Pikasso olsaydım, onu əlində qələm, qarşısında vərəq, bir gözünü yumulu, o birini açıq çəkərdim. Amma fərqli metodların Elçində eklektikası yox, sintezi var:

Jasmina – yasəmən qız,
Ohriddə çimib çıxmış
Sanki sehrli yıldız.
Sən sirr kimi əzəlsən,
Şeir kimi gözəlsən.
Üsküp çarşısında şeir şöləni…
Amma sənin gözlərin ovsunlayıbdır məni.

“Üsküp çarşısında”
Vəhdət vadisi və eşq məqamı... - Əsəd Cahangir yazır
Bu parça romantik üslubdadır. Şair günəşli bir gündə baş verənlərə aylı gecənin sehri ardından baxır. Elə bil, hansısa makedon qızı yox, məhəbbət və gözəllik ilahəsi Kiprida özü suların qoynundan çıxır. Üstəlik, “ulduz” əvəzinə “yıldız” işlədən şair bu cavidanə manerayla öz romantik təsvir ədasına bir çimdik duz qatır.

Gözəllik önündə heyrət şairi özündən alır (özünə qaytarır!) onun daxilində çarşıda olduğu kimi aləm bir-birinə qarışır, fərqli zaman və məkanlar toqquşur, hadisələr zahirdən daxilə keçir:

Xəyalımda yanıçar atlarının
nallarından qopan odlu qığılcım.
Hanı mənim kəhər atım, Jasmina,
hanı mənim yatağanım, qılıncım?!

Makedoniya söhbəti, ya nədənsə, burda Homer qələminə layiq bir lövhə alınıb. Qala divarları üstündə ilahələr kimi vüqarla yeriyən Yelenanı görüb, – “Beləsindən ötrü vuruşmağa dəyər!”, – deyə yumruqlarını sıxan və ayağa qalxan troyalılar yada düşür. Hər iki halda gözəllik (qadın!) qəhrəmanlığı (kişini!) oyadır və ona romantik vüsət verir. Amma şeirin metodoloji səciyyəsi bununla məhdudlaşmır. Realizm şeirə yaralanmış barmaqdan (ürəkdən!) dumduru suya qan sızan kimi qarışır:

Fransada yaşayan qozbel bir erməni qarısı
şeir oxuyurdu Üsküp çarşısında,
qala divarları qarşısında
burnunu çəkə-çəkə
şairlərin zəhləsini tökə-tökə…

Gənc Jasminanın antipodu olan erməni qarısı, sadəcə, qarı düşmən deyil, şər, eybəcərlik və ölümün rəmzidir. Şeir oxuması – onun maskalanması, qozbelliyi – heç vaxt düzəlməyəcəyi, Fransadan olması – ermənipərəst beynəlxalq güclərə işarədir. Şair vaxtilə fütuhat yapan türkün erməni əlində qalmasına dözməsə də, qəzəbini boğub, işarələrlə danışır. Çünki bu, sıradan biri yox, otuzdan artıq dilə çevrilən, dünyanı düşünüb yazan şairin sözüdür. Dünya isə fikrin “nəzakətli” ifadəsini qəbul (tələb!) edir. Üstəlik də, ideyanın çılpaqlığı şeirə aşırı patetika gətirər, şairi tribuna çevirərdi.

Çöldən içə (və əksinə!) interaktiv keçidlər, kliplərdəki kimi ani zaman-məkan dəyişmələri yuxuda ola bilər. Odur ki, burda realizm də, romantizm də bütün mətni çevrələyən modern karkasın içindədir və şeir ayrı-ayrılıqda onların heç biri yox, üçünün vəhdətindən ibarət “elçinizm” örnəyidir.

Elçinin bənzətmələri də orijinaldır. Onun “şeir kimi gözəlsən” bənzətməsi fransızların “Sid” qədər gözəldir” ifadəsini yada salır. Şairə görə, şeir gözəllik ölçüsüdür. Amma sənət fanidir, çünki əvvəli var və deməli, axırı da olacaq. Əsl gözəllik isə əzəli və əbədidir. Jasminaya “sən sirr kimi əzəlsən” deyəndə Elçin buna işarə edir. Bəs, o hansı sirrdir? Platon deyir ki, aşiqlə məşuqun ruhu əzəldən bir olub, sonra yarı bölünüblər. Kim öz yarı(sı)nı tapıb, əzəli ruhi birliyə qovuşsa, bütövləşər və eşqdən intəhasız zövq bular. Əsl gözəllik də bundadır – ruhi vəhdətdə.

Xatırlayırsızsa, R.Rövşən “Ayrılıq” şeirini başdan-başa platonik xatırlamaya həsr edib. Amma xatırlama intervalı cəmi min ilə çatan (“bəlkə, bu dünyada on-on beş il yox, min il bundan qabaq ayrılmışıq biz”) ustaddan fərqli, Elçin işin kökünə – ruhların hələ ikiyə bölünmədiyi, vəhdətdə olduğu əzəl gününəcən gedir. Bu durum, sadəcə, iki şair yox, həm də iki dönəmin düşüncə fərqini göstərir.

Sovet şairi varlığa ancaq maddi aləm, insana, sadəcə, bədən kimi baxırdı. 60-cılar ruhu qəbul etsələr də, “ruhum, dur yığış gedirik, sən yuxarı, mən aşağı” (R.Rövşən), – deyə sonucda özlərini cismlə eyniləşdirirdilər. Bunların hər ikisindən fərqli düşünən Elçin aşağının payını aşağı, yuxarınınkını yuxarı verir, hər şeyi öz yerinə (öz göyünə!) qoyur:

Ruhum göylərə uçdu,
Cismim bir qəbir oldu…
Sanki azıymış yer-göy
Yarıtorpaq,
Yarıgöy
Göy olmağa tələsdim,
Yer olmağa tələsdim.

“Tələsdim”

Bəs, bu kosmik pay-puruşda “mən” dediyimiz o cövhər kimə düşür – ruha, yoxsa cismə? Hara gedir – yerə, yoxsa göyə? Məsələ açıq qalır. Bəlkə, Elçin insanın zərrələrə parçalanıb, yerlə-göylə bir olacağı, toz dənəcikləri kimi kainatın sonsuzluğunda yoxa çıxacağını düşünür? Əgər elə olsa, “mən” öz fərdiyyətini itirmirmi? Bu, Elçinin şeirlərində cavab tapmadığım yeganə sualdır. Hər kəsin Yer həyatındakı Əsas İşi (“Maqnum Opus”u) isə, məncə, bu suala cavab verməkdir.

Buna baxmayaraq, Elçin məkan, zaman və insana yanaşmada daha konkretdir. “Ayrılıq”dan fərqli olaraq, “Üsküp çarşısında” hadisənin yeri (Üsküp) və vaxtı (günəşli bir yay günü), personajın adı (Jasmina) və milləti (makedon) məlumdur. Elçinə bütün bu adları Allah öyrətməyib. O, modern şeirin rəsul və nazimlərinin (R.Rza, N.Hikmət!) epik şeir ənənəsindən görüb-götürüb. Onun “ən çox sevdiyim, təsirləndiyim şair Rəsul Rza olub” sözləri də bunu göstərir.

Elçinin tarixə ekskursu da milli müstəvidə, ümumtürk dekor, anturaj və rekvizitlərinin (yanıçar atları, yatağan, türk əsgəri, mehtər marşı, hilal…) müşayiəti ilə baş verir. Bu yöndən şeir qədim türk dastançılığı ruhunda yazan N.Yıldırım, eləcə də H.N.Adsız poeziyasıyla səsləşir. Amma bu səsləşmənin birbaşa təsirmi olduğu, yoxsa analoji düşüncədənmi doğmasında israrlı deyiləm. Bunu yalnız Elçin özü bilir.

R.Rövşən poeziyasının da Elçinə, şübhəsiz ki, bəlli bir təsiri olub. Amma bu onun çoxsaylı qaynaqlarından, sadəcə, biridir və ən başlıcası deyil. Elçin yaşıdlarının bir çoxundan fərqli olaraq, ustada yeni oranjiman vermək, onun kədərinə yumor qatmaq, onunla öcəşməkdən uzaqdır. O özünü ifadə edir və bu özünüifadə öncəkinin təkrarı (və ya əksi!) yox, davamı kimi meydana çıxır.

Elçinin şeirlərindəki vəhdətin ən aktual yönü dünyanın birliyi ideyasıdır. Axundovdan sövetə qədərki ədəbiyyat milli “qamışlıq” problemi üzündən dünya önündə yarımçıqlıq kompleksi duyur, sovet yazarları isə “xoşbəxt” sosializm adından “bədbəxt” kapitalizmə qızıl-qırmızı(casına) yanıq verirdilər. 90-lardan sonra yazarlar yenidən qamışlıq kompleksinə yuvarlandılar.

Elçin Azərbaycanı nə aşağı, nə yuxarı tutmayıb, dünyayla vəhdətdə qavrayır. Buna görə Yelisey meydanından Cıdır düzünün, Ermitajdan “Kəpəzin göz yaşları”nın xəyalıyla keçir. Rumın gözəlləri ona vətən qızlarını, Piteşta yolu Ağsu dolaylarını, Fələstin şəhidi Xalid isə qarabağlı Məmmədi xatırladır:

Qarabağlı qaçqın Məmmədə
Yaman oxşayır fələstinli Xalid,
Onun da gözlərində bir cüt xarı bülbül
qan içində ölümə gülümsəyir elə bil.

“Fələstinli Xalidin havası”

Nəyə baxsa, Allahı görən sufi kimi, Elçin də harda olsa, Azərbaycanı görür. O, Ha(Qor)di düyününü bir qələmlə çözərək, var “millətimin xətti ol imzalar içində” deyir və göstərir ki, İsgəndərzadə soyadını elə-belə daşımır. Amma yapon qızına “aramızda sevgi fərqimiz var… Tokio ilə Bakı arasındakı saat fərqi qədər” (“Bir sevgi bayatısı”) deməsindən görünür ki, Elçin dünya ilə fərqlərimizə də biganə deyil. “Dünyanın hər yerində ölkələr, insanlar, dillər, dinlər fərqli, şairlər və nəğmələr qardaşdır” (“Piteşta yolunda”) deyən şairə görə, sənətin missiyası məhz bu fərqlərə üstün gəlməkdir.

***

Poemalardan ibarət ikinci cildə ön sözündə şair N.Həsənzadə “Elçinin türkçülüyü … onun poeziyasının leytmotividir” – deyir. Şairin özünüdərkinin iç-içə yerləşən üç çevrəsi (azərbaycançılıq, türkçülük, ümumbəşərilik) arasında turançılıq, doğrudan da, mərkəzi yer tutur. “Dünyaya gələndən içimdə turançılıq ideyası olub” – deyən Elçin “Cavid cihadı” poemasında Cavidi, “Turan savaşçısının nəğmələri”ndə Çingiz Ağa Terekul oğlunu, “Bu qala bizim qala”da X.Məmmədovu, “Şahmar şikəstəsi”ndə Ş.Əkbərzadəni turançılığın böyük ozanları kimi tərənnüm edir:

Mənim eşqim həsrətim
Diyari-yar cənnətim.
Müqəddəs məmləkətim
Turandı bu dünyada!

“Cavid cihadı”

Ərəb baharından danışan “Mavi Mərmərə” poemasında ozan səslərinə azan da qarışır, axınçılıq və cihad vəhdətə gəlir. “Oğlum Əliyə dualar”da şair gələcək nəslin milli ruhda tərbiyəsi görəviylə çıxış edir.

Qaçqınların problemlərindən söz açan “Qarabağ xronikası”nda savaş ideyası daha konkret ünvana bağlanır. Akad. N.Cəfərov Elçinə “ədəbiyyatımızın Qarabağ şikəstəsi”, rəssam C.Əziz isə onun portretinə “Qarabağ” adı verib və bu, boşuna deyil. Şair hətta sosial etinasızlıqdan danışan “Biganəlik iqlimi” poemasında da diqqəti Qarabağa yönəldir:

Gecə barlarında gənclər
Qol götürüb oynayır
əcnəbi musiqi havasına.
Qulağı sırğalı oğlanların
Nə dəxli var, mənim balam,
Qarabağ davasına?
Ağılları başdan alır
Musiqi, viski, heroin.
Burda nə qanun var, nə namus, nə din…

“Biganəlik iqlimi”

“Rəssamın pəncərəsi”ndə Modilyaninin faciəli sevgisi, “Van-Qoqun günəbaxanları” və “Salvador Dali üçün madriqal”da kütlənin istedadı başa düşməməsi, “Adil Mirseyidin göyərçinləri”ndə sənətin xilaskar rolundan söz gedir:

Göyərçinlərin son ümid yeri
bir şairin kirayə pəncərəsidi…
Göyərçinlər şirin-şirin
söz dənləyir pəncərədə.
Ürəyini göyərçinlərə yedirən
Bir şair olmalıdı
bu gözəlim məmləkətdə…

“Adil Mirseyidin göyərçinləri”

“Lorka və siyah Ay”da Lorka ilə Müşfiqin, “Qoyya”da Saraqon maçarossu ilə Bakı gilavarının, “Pikasso və minotavr”da Xocalı ilə Hernikanın paralel dərki isə göstərir ki, Elçin özünün bəşəri vəhdət ideyasına poemalarında da sadiqdir:

Mən bir türk şairiyəm,
sən Parisdə bir ispan.
Hara getsək, harda olsaq,
İnsanıq, Pablo, İnsan…

“Pikasso və minotavr”

Nəhayət, Elçinin cami-cəmi olan “Eşq” poeması! Çaylar axıb dənizə töküldüyü kimi, onun bütün yazdıqları da bulanıb, durulub bu poemada aram tapır. Şairin ömür-gün yoldaşına yazmaq istədiyi şeir getdikcə genişlənərək dünyəvi mafiha haqda dastana çevrilir. Aləmi dolaşan şair bir şeyi görür – eşq hər şeyi göstərən aynadır. Bir şeyi anlayır – bütün yollar eşqə aparır. Bir şeyi anladır – eşq hər şeyin bir şeyə döndüyü vəhdət vadisidir:

Dərviş kimi dolaşdım
uzaq-uzaq şəhərlərdə, ellərdə.
Bir şeir yazmaq istədim
bir şeir sənə
insanlığın danışdığı bütün dillərdə.
O şeir sən özünsənmiş, gülüm,
pıçıldadı mələklər bu anda-
səndən gözəl şeir yoxmuş cahanda.

“Eşq”

***

Elçinin poeziyasından danışan Z.Yaqubun məqalə, ön söz və rəylərdən ibarət 3-cü cilddə ön sözü öz təyinatına uyğun gəlməsə də, şairin obrazını səciyyələndirə bilir. Elçin hazırda çalışdığı Texniki Universitetin professorları – X.Yahudov, K.Mədətov, S.Qarayev,H.Quliyev, X.İmanov… haqda yazıları ilə öz peşə müəllimləri, R.Rza, V.Səmədoğlu, N.Gün, Q.Mehdi, Ç.Əlioğlu, V.Bayatlı, A.Mirseyidə dair yazıları ilə sənət ustadları qarşısındakı borcunu qaytarır. “Filip bədənimin, Aristotel ruhumun atasıdır” deyən İsgəndər bir daha yada düşür.

A.Abbas, A.Səməd, S.Vəliyeva, V.Bəhmənli, Ə.Mədətoğlu, M.Urud, R.Məcid, A.Turan, A.Şirin, A.Şıxlı və digərləri haqda yazıları Elçinin öz qələmdaşlarını etiraf mədəniyyətindən, R.Sabir, O.Hacımusalı və digər cavanlar haqda yazıları gənclərə qayğısından, Y.Akengin, İ.Kayacan, N.Tan, O.Baş, İ.Bozqurd, N.Y.Sarıgül, O.Bozqurd, İ.Esenskiyə dair yazıları ümumtürk düşüncəsi, Q.S.Təbrizi, M.Əlirza, L.Cavanşirə dair yazıları isə bütöv Azərbaycan arzusundan xəbər verir.

İstənilən yazısında Elçin bir ideoloq, ədəbiyyat yönətmənidir. Amma bu, onun məqalələrinin elmi dəyərini üstələmir. Onun “Azərbaycan folklorunda Qarabağ”, “Azərbaycan qadın ədəbiyyatı”, özəlliklə də, “Azərbaycan şeirinin dünəni və bu günü” məqaləsi müəllifin, sadəcə, araşdırmaçı iddiası yox, həm də imkanından xəbər verir. Bu, məntiqidir, çünki biz dünyada eyni zamanda həm texniki, həm də filoloji elmlər üzrə doktor dərəcəsi olan yeganə şəxsdən danışırıq.

Amma hara fırlansa da, Elçin şairdir və “V.Bayatlının şeirlərindən… milyon ildir ki, bənövşə iyi gəlir”, yaxud “Sona xanımın şeirləri Şuşadakı evimizə bənzəyir”, yaxud da “A.Mirseyid beşinci mövsümdə yaşayır” tipli metaforalar onun tənqidçiliyinə şairliyinin müsbət təsiri kimi üzə çıxır. Çünki bu fikirlərin “elmi” ifadəsi üçün bütöv abzaslar lazım gələrdi. Poetik dil isə, Haydeggerin dediyi kimi, məqsədə bir həmlədə çatır.

Şairin bəzi fikirləri isə dartışma meyli doğurur: “Orta əsrlərdən üzü bəri Şərq şairləri filosof libasına bürünüblər… Məncə, şeir fəlsəfənin görəcəyi işdən tam azad olmalıdır”. Şərq şairləri filosofdan daha çox, əhli-irfandır və bunlar fərqli anlamlardır. Təsadüfi deyil ki, Füzuli “Quran”la müqayisədə “fəlsəfə cəmi süfəha” (fəlsəfə səfehlər yığınıdır) deyirdi. Mən, əlbəttə, dahi şairin bu maksimalist fikriylə də razı deyiləm. Din ilahi hökm, fəlsəfə insani ağıldır və hərəsinin öz yeri var, sadəcə, indi bunu çözməyin yeri deyil…

Ən ilginci budur ki, illər sonra gənc şair F.Hüseynlə müsahibəsində Elçin öz fikrinə redaktə edərək deyəcəkdi: “Lirizm yaradıcılığımın ilkin dövründə… şeirlərimdə daha çox müşahidə olunurdu. Sonra yaşa dolduqca fəlsəfi düşüncələr özünə yer tapdı”.

***

Yazıçı Q.Mehdinin məqaləsiylə açılan 4-cü cild məqalə, esse və çevirmələrdən ibarətdir. Kitabdakı müsahibələr Elçinin qeyri-adi səmimiyyəti və informasiyanın zənginliyi baxımından maraqla oxunur. Türk dünyasının Ç.Aytmatov, M.Şaxanov, R.Denktaş, N.Alimbekov kimi bilgələri ilə söhbətlərdə Elçin əsas vurğunu xalqlarımızın birliyi probleminə salır. Bu yöndə ən maraqlı cavab Ç.Aytmatovdan gəlir: “Bunun ən üstün modeli Türkiyə-Azərbaycan münasibətləridir”.

Ə.Mədətoğlu, R.İncəyurd, F.Balabəyli, C.Musaoğlu, E.İvgin, Ə.Qoşalı, F.Hüseyn, A.Evrən və digərlərinin suallarına cavab olaraq Elçin özüylə bağlı onlarla maraqlı fakt açıqlayır: uşaqlıqdan Lomonosovu ötüb-keçmək arzusuyla yaşaması; Cıdır düzündəki qayalardan birinə öz adını həkk etmək istəyi; Bəşər Əsədin ona qızıl saat bağışlaması; xarici ölkələrdə 34 kitabının çıxması; rəhbərlik etdiyi “Vektor” Beynəlxalq Nəşrlər Evinin 700-ə yaxın şair-yazıçının kitabını öz hesabına nəşr etməsi; “Dünya Böyük Şeir Mükafatı” laureatı adını alması…

Şair ədəbi mühit və ayrı-ayrı yazıçılar barədə də altı cızılası fikirlər deyir: “Muğanna Markesdən daha böyük sənətkar idi, amma onun ölümü haqda o qədər də məlumat verilmədi. Bizim xalqda belə bir xüsusiyyət var. Kənardakılara daha çox qiymət verirlər”.

Elçinlə razıyam, amma məni maraqlandıran niyə Muğanna yox, Markesin ölümünə dəyər verməyimizin səbəbidir. Məncə, Muğannanın ölümü yox, ölməzliyinə qiymət vermək olar. Çünki Markes ölüm, Muğanna isə ölməzlik carçısıdır. Biz isə, görünür, hələ ölümdən o yana keçməmişik.

***

Qırxdan çox məqalə, səksənə yaxın şeirdən ibarət 5-ci cild A.Turanın vaxtilə Elçinə yazdığı məqaləylə başlayır. Kitabdakı məqalə və şeirlər də Elçinə həsr olunub. Bir ömür boyu şairdən dünyaya ünvanlanan sevgi bu yazılarda yenidən ona qayıdır. Türkiyədən İ.Doğramacı, ABŞ-dan T.Vietsen, Almaniyadan L.Seçer, Rusiyadan M.Zamşev, Bolqarıstandan G.Rırvanov, Ukraynadan A.Baqriana, Gürcüstandan M.Qonaşvili, Özbəkistandan S.Muxammedova, Qazaxıstandan U.A.Coldasbayev, ərəb ölkələrindən A.A.Orsan…bir sözlə, Antarktidanı çıxmaqla dünyanın hər yerindən gələn bu yazıları oxuyanda görürsən ki, Elçin “hanı mənim kəhər atım, hanı qılıncım?” sualını boşuna vermirmiş. Beşinci cild İsgəndərzadənin “İsgəndərnamə”si, bu yazılar Elçinin fütuhatıdır. O, torpaqların yox, könüllərin fatehidir.

Anardan tutmuş, ta gənc yazar Ç.Ömraya qədər özümüzünkülərin (M.Vəkilov, S.Səxavət, V.Bayatlı, N.Şəmsizadə, A.Əmrahoğlu, A.Abbas, M.Urud, V.Bəhmənli, R.Məcid, Q.Ağsəs, B.Xəlilov…) etirafına nail olmaqla isə Elçin, sadəcə, mümkünsüzü mümkün eləyir. Buna artıq möcüzə deməyim gəlir.

Elçinin çağdaş türk dünyasındakı yerini Ç.Aytmatov belə təyin edir: “Elçin İsgəndərzadənin poeziyasının son illər dünyanın onlarla ölkəsində yerli dillərə çevrilərək çap olunması ondan xəbər verir ki, türk poeziyası da artıq dünya poeziya okeanına yelkən açmaqdadır”. Avropa Ədəbiyyatçılar Birliyinin prezidenti M.Pekelis isə şairi belə görür: “Elçin… gözəl şair və görkəmli alimdir. O, Yeni Renessans adamıdır… Azərbaycanın Leonardo da Vinçisidir”.

Fikrin sərrast və gözlənilməz ifadəsi baxımından Q.Mehdinin “Elçin böyümüş ürək yox, böyük ürək sahibidir”, N.Cəfərovun “Elçin hisslərin filosofudur”, A.Mirseyidin “Elçinin şeirlərində Ay doğub”, A.Turanın “Elçin… neçə illərdir ki, erməni işğalındadır, Ə.Əkbərzadənin “Elçin… atalı günlərimə açılan pəncərədir” sözləri duyğuya toxunur, yaddaşa köçür. Amma, məncə, şairin qiymətini onun təyyarə ilə səfərlərdə çox olmasını göz önünə alan Azər Abdulladan dəqiq verən olmayıb: “Elçin… gözəl misraların haçansa yerə gəlib çıxmasına səbri çatmadığından, özü göylərə qalxaraq elə göylərdəcə onları ovlayır”. Əgər Elçin haqda söz demək yarışı keçirilsə və mən münsif olsam, zəfər çələngini tərəddüd etmədən Azər müəllimin başına qoyardım.

Elçinə həsr olunan məqalələr kimi, şeirlər də göstərir ki, o, təkcə “Eşq”in müəllifi yox, həm də eşqlərin ünvanı, öz aralarında düz gəlməyənlərin belə birləşdiyi vəhdət vadisidir. Bu şeirlərin hərdən umacaq, qanacaq, Oqtay Rzanın diliylə desək, hətta “yanacaq” pərisindən doğulması belə bu vəhdətin gözəlliyini poza bilmir. Nə xoş ki, Oqtay müəllimin Elçinə yazdığı şeir bunların heç birindən deyil. Ona görə fikrimi çağdaş ithaf şeirimizin bu şəriksiz liderindən bir bəndlə tamamlamağa heç nə mane olmur:

Duman içindədir yurd yerin Şuşa,
Haqqın var taledən incimək üçün.
Bir gün hüzuruna gedərik qoşa
İsa bulağından su içmək üçün.

İsa bulağı bizim istər ədəbi, istərsə də dini yöndən dirilik suyu simvolumuzdur. Nə vaxt dodağımızı o bulağın gözünə dayayıb, onun müqəddəs sularından doyunca içsək, ölməzliyimizi tapacağıq. Son nöqtəmi bu arzunun tezliklə gerçəkləşməsi ümidilə qoyur, Elçin qardaşıma yeni uğurlar arzu edirəm../edebiyyatqazeti.az/

Müstəqil.Az

mersin escort