Abşeron yarımadası, Bakı  kəndlərindən biri…  

Xəzri narın qum dənələrini göyə sovurur, göz-gözü görmür, külək qapı-pəncərəni, həyət-bacanı döyüb fəqan edir…

Kəndimiz dəniz sahilində yerləşdiyindən balıqçılıqla, gülçiliklə  məşğuldu. Mənim atam balıqçıdı. Onun qəhvəyi rəngli qayığı, ucu qarmaqlı tilovu, bir də anamın çalın-çarpaz toxuyub düyünlədiyi  iri bir toru var. Ailəmizin dolanışığı bu ucu qarmaqlı tilovdan və anamın çalın-çarpaz toxuyub düyünlədiyi   bu tordan – balıq ovundan çıxır. Balıqçılıqla məşğul olan kişilərimiz külək, fırtına olanda ölümün bir addımlığında olurlar. Bəzən sahilə yan alan qayığın boş olduğunu görən kənd camaatı itgin düşəni öz evinin içi bilər, hər kəs bacardığı köməyi əsirgəməzdi. Həmin günlərdə analarımız səcdəyə daha çox qapılar, Tanrıdan aman diləyər, nəzir-niyaz edərdilər. Havanın sərt, tufanlı  günlərində atam qaşqabaqlı halda evdə vurnuxar, darıxdığından “Kazbek” qutusundakı  papirosu bir-birinə calayardı. Onda hamımız atamdan çəkinər, gizlənməyə yer axtarardıq. Ağlım kəsdikcə zəhmətlə qazanılan bir tikə çörəyin qədrini atamın beli bükülmüş qamətində, qabarlı əllərində daha çox hiss edirdim. O, nadir hallarda məni özüylə balıq ovuna aparardı. Bəzən söz arası verdiyi nəsihətləri anlamasam da, başımı razılıqla tərpədərdim. Hələ uşaq ikən xəzri, gilavar deyiminin nə olduğunu bilmiş, yaddaşıma ömürlük həkk etmişdim. Qəfil başlayan küləklərdən qum dişimizin dibində xırçıldayanda, dalğalar coşub şahə qalxanda anamın  nigaran baxışları dənizdən çəkilməzdi. Bacımla məni bağrına basaraq pıçıltıyla dualar edər, göz yaşı töküb səsizcə ağlayardı. Dənizə, dalğalara qəzəblənib yeri-göyü lənətləsə də,  köpüklü sularda ləngər vuran qayığı, atamın kölgəyə bənzər vücudunu görüncə bir andaca üzündə işıq, gözündə təbəssüm  Tanrıya şükürlər edərdi…

Gəncliyin qanı vücudumda coşanda seyrangahım qumlu çınqıllar, qulaq yoldaşım dalğaların səsi oldu. Həyatın faniliyi, sevgilərin nakamlığı mənə agah olanda Vətəndən uzaqlara gedib dənizçilik məktəbini oxudum, şəhərlər, ölkələr gəzib dünyanı dolaşdım…

****

Dənizdə həyat qurudakından heç də fərqlənmir. Hər kəs öz işi ilə məşğuldu. Qış aylarında şaxtalı havada əlcəksiz əllərin bir andaca donub qaxaca dönər.  Şimali okean o qədər soyuq olur ki, tüpürcəyin havada buza dönub damcı şəkilində yerə düşür. Çoxumuz təzə gələndə yırğalanmadan dəniz xəstəliyinə tutuluruq. Güclü dalğalarda yuxubasma, halsızlıq daha çox olsa da, zamanla bu şəraitə uyğunlaşır, vərdiş edirsən. Bağladığın müqavilə əsasında elə gəmilər olur ki, okeanda uzunmüddətli məskən salır. Günlərlə hər tərəfdən su ilə əhatədə olduğunu görüncə torpaq üçün darıxır, ağacın, otun, qanqalın belə həsrətin çəkirsən. Yad şəhərlərdə doğmalarından uzaq olsan da, bu qəriblik səni sıxmır. Eləki, gəmi lövbərini şəhər sahilinə salır, dənizçilərin hay-küyü sevinci ətrafı bürüyür. Şəhərin küçələrində matroslar qızlarla tanışlığa can atır, insan axınında restoranlar, barlar qaynayır, sevənlər kam almağa  tələsir…

***

Bu dəfəki səfərimiz Sakit okeanın Saxalin adalarına idi. Biz Yapon dənizini keçib okeana istiqamət almışdıq. Hava günəşli, səma aydın olsa da, şaxta kələyimizi kəsirdi. Ətrafda iri tuneslər havaya qalxaraq dövrə vurub suya düşür, quyruqlarını şappıldadaraq səs salırdılar. Bu mənim çox xoşuma gəlirdi. Gənc, çalışqan olduğumçün ən çətin işlərə can atır, hər şeyi öyrənməyə çalışırdım. Əlbətdə, artıq pul cibimi yırtmadığından mən zamanla gəmilərdə fəhlə, matros, kapitan köməkçisinə qədər işləmişdim. Biz balıqları qarmaqla, çox zaman da gəminin arxasından süründürülən, tirlə, şəbəkələrlə ovlayırdıq.

1985-ci ilin noyabrı, şaxtalı bir gün…

O gün növbətçi idim, şturval arxasında dayanmışdım. Küləyin sürəti şiddətli olduğundan kiçik gəmimiz  yerində duruş gətirə bilmir, nənni kimi çalxalanırdı. Şahə qalxmış dalğalar gəmiyə dolur, köpüklü halda geri qayıdırdı. Gecəyarı olsa da Kapitan hamımızı səfərbər etmişdi.

Diqqətlə cihazlara baxdım, ətrafda heç bir gəmi, qaya olmadığını göstərən  sakitlik hökm sürürdü. Aşağıda hansısa qapı açıq idi. Gəmi silkələnir, qapı  divara çırpılaraq tak-tak edirdi. Əsəblərimə toxunan bu səs məni narahat etdiyindən şturvalı Oleqə təhvil verib qapını bağlamağa getdim. Ətraf qaranlıq, duman idi. Qapıya yaxınlaşıb bağlamaq istədim, alınmadı. Bir –iki cəhd etdim, güclü külək, gəmiyə dolan dalğa üzümə vurduğundan heç nə görmürdüm. Su dizimə kimi vurur, məni titrədirdi. Deyəsən soyuqlamışdım. Birtəhər  qapının tutacağından tutub bağladım. Geri  dönmək istədikdə gəmi aşdı. Hündürlüyü olmayan gəmidə iri həcimli dalğa məni vurub geri atanda özümü buz kimi okeanda gördüm…

***

Qorxu, həyəcan vücudunu bürümüşdü. Soyuqdan tir-tir əsirdi. Bütün səylərinə baxmayaraq dalğalar ayaqlarını, qollarını gücdən salırdı. Getdikcə beyni, qolları sustalıb keyiyirdi. Həyatla-ölümün bir addımlığında balıqçı oğlu müqavimət göstərmədən okeana təslim olurdu. Donmuş vücudu, heyrət dolu baxışları imdad diləsə də, dəniz onu ağuşunda sıxır, təngiyirdi. Ölüm mələyi bir addım öndə onu arxasınca aparırdı…

***

Sübh azanına az qalmış Rəfiqə gördüyü yuxunun  təsirindən dik atıldı, yatağı, üst-başı tər içində idi. Bisimillah deyib, xoflu halda yanakı yatmış Rüstəm kişiyə baxdı, xorultusuni dinlədi, az da olsa canı isindi. Durub o biri otağa keçdi. Ərgən qızının balışa tökülmüş saçlarına, açıq çiyninə baxıb üşüdü, yorğanı üstünə örtüb xəfifcə köks ötürdü. Qəlbində yumruq boyda ağrını daşıyıb həyətə çıxdı. Alatoranda səmaya baxıb gördüyü yuxunu yenidən xatırladı. Əlləri əsdi, buza dönən bədəni iliklərinə qədər ağrı çəkdi. Həyətdəki krantı açıb axar suya bir müddət baxdı. Əlləri titrəyə-titrəyə üzünü göyə tutub dua etməyə başladı:

“İlahi, səni and verirəm böyüklüyünə, mərhəmətinə Vətəndən uzaqda, qürbətdə olan bütün övladları qoru, mənim balam da onun içində. Gördüyüm yuxunu xeyrə cala, axar su aydınlığa çıxarsın. Balama gələn qada-bala mənə gəlsin, Ya RəsulAllah. verən də sənsən, alan da, balamı səndən istiyirəm. Oğlum  Rüfətdən yaxşı xəbər gəlsin, salamat olsun, nəzir deyirəm, şükür namazı qılacam.

Qəhər boğazında düyünləndi, qadın için-için ağladı, o, dualar etməkdən usanmırdı.  Artıq Gün çıxmış, hava açılmışdı. Ana hələ də səcdə də titrək əllərini Tanrıya uzadıb dualar edir, göz yaşı tökürdü…

***

Özünə gələndə dənizdə yox, quruda olduğunu anladı. Alaqaranlıq otaqda  qara uzun saçları belinə tökülmüş ağ xalatlı qızı gördü. Gözlərinin qıyıqlığı, sifətinin girdəliyindən yaponlara oxşayırdı. Ayılmağını sevinclə qarşılayan tibb bacısı rus dilində səlis danışır, onun sağ qalmasını möcüzə sayırdı. Hadisədən xəbərdar olan yerli  jurnalistlər onu çəkmək, müsahibə almaq istəsələr də, həkimlər icazə verməmişdi. O, deyilənə görə, dənizdə təxminən üç dəqiqədən  az qalmışdı. Bu inandırıcı deyildi, o anlar günlər kimi uzun, dözülməz idi. Sakit okean, noyabr ayı, ağ akulaların bol olduğu yer! Bu heç vaxt ola bilməzdi. Axı, onu necə salamat tapmışdılar. Bəs yırtıcı akulalar onun qoxusunu niyə sezməmişdilər? O, həkimlərin ciddi səyi, nəzarəti altında uğurlu müalicə almışdı. Bircə bədəninə tuluq kimi ağırlıq edən ayaqlarını, onların həyat fəaliyyətini hiss etmirdi. Onu Saxalin adasının cənubundakı  mərkəzi xəstəxanaya yerləşdirmişdilər. Ayaqlarını don vursa da, ürəyinin sağlam olması onu ölümdən qurtarmışdı. Zamanla  müalicə bəhrəsini verəcək, o, yeriyəcəkdi. Həkimlər bir müddət işini dəyişməyi məsləhət versələr də, o imtina etmiş, yenidən vurğunu olduğu dənizə qayıtmışdı…

Təranə Fazilqızı.

05.01.2019