“Mənim sevgidən deyil, Səndən islanıb saçım…”-Aləmzər Sadıqqızının şeirləri…

Müstəqil.Az şairə Aləmzər Sadıqqızının şeirlərini təqdim edir:
Sən adda ölənin ola…
Balaca bir küncün ola,
Ağlayasan , kiriyəsən.
Dərdin də duz yükü ola,
Ağladıqca əriyəsən.
 
Qəfildən qapın döyülə,
Görəsən bir mələk gəlib.
Gözlərində min bir yalan,
Əllərində kələk, gəlib…
 
Nə arxanca ağlayanın…
Nədə ki, gülənin ola.
Tutub əlindən gedəsən,
Sən adda ölənin ola…
Sənsiz darıxmıram ki…
Bir azca gündüzlər gecəyə dönüb,
Bir az da gecələr al-əlvan keçir,
Gündə çox yox…on iki ,ya, on üç saat…
Xəyalın gözümdən anbaan keçir…
Mən sənsiz ölürəm, darıxmıram ki…
 
Bir azca əllərim üşüyür sənsiz…
Bir az duyğularım uşaqlıq edir.
Mənim göz yaşlarım quruya bilmir,
Bir az da ürəyim cığallıq edir…
Mən sənsiz ölürəm…darıxmıram ki…
 
Bir az həyat sıxır, bir az sənsizlik,
Ömür gözlərimdə qara qəfəsdi…
Mənim yaşamağım yaşamaq deyil…
Aldığım-verdiyim quru nəfəsdi.
Mən sənsiz ölürəm…darıxmıram ki…
 
Bəlkə, də yoxsan heç sən bu dünyada,
Bəlkə Tanrı məni yarı bölməyib?
Bir az şübhəliyəm bəlkə göylərdən,
Gələn cismim olub, ruhum gəlməyib?
Mən sənsiz ölürəm…darıxmıram ki…
 
Bir azca Aləmin dünyası başqa…
Sənsiz bu dünyadan kam ala bilmir…
Mən sənsiz dünyanı sevə bilmirəm…
Dünyada heç mənə ram ola bilmir…
Mən sənsiz ölürəm…darıxmıram ki…
 
 Səndən islanıb…
Ruhuma yağan yağış,
Gəl sənə bir sirr açım…
Mənim sevgidən deyil…
Səndən islanıb saçım…
 
Səni sevdiyim kimi,
Bir kimsəni sevmədim…
Sənlə danışdığımı,
Sevdiyimə demədim.
 
Səni alıb ovcuma,
Dönə-dönə öpürəm…
Çəkirəm ürəyimə,
Gözlərimdən tökürəm…
 
Qoşulub mən də sənə,
Uşaq kimi yağıram…
Bəlkə kipriklərimlə,
Sənə nağıl yazıram…
Biri varmış, biri yox…
Bir payız, bir yaz varmış…
Biri göyü sevirmiş…
Biri yerə aşıqmış…
 
Sən iki sevgilinin
Söhbətisən ,sözüsən…
Yerlə Göy arasında,
Məhəbbətin dilisən!
 
Bəlkə o üzdən səni,
Sadəcə sevən anlar,
Kimsə bilməz dərdini…
Sənə danışar ağlar…
Sənin…
 
Nə səni sevməyə gücüm çatmadı,
Nə güldürə bildim üzünü sənin.
Könlümün yüz yerdən daman yerinə…
Sürdüm məlhəm kimi sözünü sənin.
 
Bilmədim qədrini sevən könlünün,
uçurdum qurduğun sevgi mülkünü…
Qoymusan boynuma ölüm yükünü,
Gəzirəm tapmıram izini ,sənin.
Bu da bir ömürdü keçir yel kimi,
Bulud tək yağıram hər gün sel kimi,
Gəlləm məzarına bir gün gül kimi,
Yığaram yollardan gözünü sənin!
 
 
Bir də günlər sənsiz keçir
Həyat nura boyanmır…
Ölüb bütün arzularım,
Yağış yağır oyanmır.
 
Gün yerinə Ay görünür,
Qar yerinə yağışlar…
Üzü dönüb Allahın da,
Bəlkə bizi bağışlar…
 
O qədər söz verən var ki,
Söz də düşüb qiymətdən…
Bir gün bizi asacaqlar,
Vətən adlı qürbətdən…
 
Bir də sənsiz keçir günlər,
Yaşamağın adı yox..,
İçimdə güllər əkirəm,
Nə ətri, nə dadı yox…
 
Ölsəm…həyatı örtün üstümə…
 
Ümidlərim xəcalət təri tökür hər gün…
Arzularım yanıq iyi verir…
Xəyallarımı çox ucaya atdım deyə…tuta bilmədim …
Düşüb çilik-çilik oldu…
Ürəyimə öyüd verə bilmədim…
Sözümə baxmır…
Sevgilərim sabun köpüyü kimi…
Göz yaşımla yudum…
Uşaqlıqda qurduğum evciklərim indiki evimdən gözəldi deyə…
Ayrıla bilmirəm uşaqlığımdan…
Hamı deyir gözlərin gözəldi…
Güzgüyə baxıram doğrumu görən?
Göz yaşım kəsib yolu…
Mənə gözəlsən deyəndə…
Əllərimi gizləyirəm…
Ömrümün rəsmi çəkilib əllərimə…
“Necəsən?”- sulına cavabım susmaqdır…
Çox küsdüyüm biri var…
Dünən gördüyümü unudan…
On yaşında məni atıb gedəni dünən kimi xatırlayan…
Ayaqlarım can verən yiyəsiz xəstə kimidi…
Qucağım üşüyür xoşbəxt günlərə…
Saçlarımı darayan küləyə minnətdaram…
Dodaqlarımda gizlənən misralar var…
Ağzımı açmağa qorxuram…
Məni ələ verərlər…
Qulaqlarım möcüzə eşidəcəkmiş kimi hələ susur…
Yanaqlarım allanır…Şuşadan söz düşəndə…
Bir dünya qurmuşam içimdə…
Orda Qarabağım sağdı…
Sadəcə 24 ildi qış fəslini yaşayır deyə…
Şəhidələri üşüyür bayraqlalara…
Bu da belə ömürdü…
Ölsəm həyatı örtün üstümə…
Heç vaxt görmədiyim…
 
 
Bir vaxt…
 
Bir vaxt bu səssiz gedişin…
Ürəyinə gəlişi olacaq…
Gözlərinə baxa bilməyəcəksən…
Qırdığın ümidlərin…
Üşütdüyün çiçəklərin…
Bitirdiyin arzuların…
Güzgüyə baxanda kiçildiyini görəcəksən…
Səni mən böyütmüşdüm axı…
cəhdlərinin uğursuzluğunda anlayacaqsan…
Ən böyük uğurun məndim…
Boşuna xəyallar quranda biləcəksən…
Yıxdığın xəyallarımın çığlığını…
Ürəyinin ağrılarında döyünəcək…
Mənim də ağrılarım…
Heç vaxt dinləməyəcəksən…
Biri vardı…deyə başladığım nağılları…
Cənnətdə köməyinə gəlməyəcək…
Məni xoşbəxt etməyinin savabları…
Sən mələklərin seçdiyiydin…
Şeytanların alıb apardığı…
 
 
Soruş…
 
Gör həsrət nə imiş, hicran nə imiş…
Bir gündə ağaran telimnən soruş.
Niyə özgə yerdə açılmır ürək…
Onu xarı bülbül gülümnən soruş.
 
Yuvası dağılan, yurdu alınan,
İçindən sevinci, dəmi çalınan,
Doğma vətənində qaçqın sayılan,
Gör nələr yaşayır…elimnən soruş.
 
Qovruıa-qovrula dərdini yazan,
Dipdiri canına hey məzar qazan,
Çölündə var olan, içində azan,
İçindən “xəbərsiz” çölümnən soruş.
 
Özüm öz yurdumda sağır olmuşam,
Susub dayanmışam, fağır olmuşam,
Nədən batman gəlib, ağır olmuşam?
Dişimlə tutduğum dilimnən soruş!
 
Qarabağ adında oda qalandım,
Arazda bölündüm, Arazda yandım,
Necə yağmalandım,necə talandım,
Hələ də közərən külümnən soruş!
 
Yaşayım bilmirəm, ölüm bilmirəm,
İllərdir gözümün yaşın silmirəm.
Şuşam gedən gündən niyə gülmürəm!
Onu bir Şuşasız ölənnən soruş!
mersin escort