Belarusla Rusiya arasında qarşıdurma səviyyəsi yeni mərhələyə daxil olub.

Müstəqil.Az Axar.az-a istinad edərək xəbər verir ki, bunu “Apostrof” saytına müsahibəsində Belarus Xristian Demokratik Partiyasının həmsədri Vitali Rımaşevski deyib.

“Rusiya tərəfindən Belarus xalqı və hökumətinə suverenliyinin verilməsiylə bağlı təhqiramiz, eləcə də dəqiq tələblər səsləndirilib. Bu tələblər ilk növbədə sıx inteqrasiya və vahid gömrük xidməti formasında dilə gətirildi. İkincisi isə Rusiya bundan sonra Belarus iqtisadiyyatına ucuz enerji daşıyıcıları ilə yatırım etməyəcəyini Minskin diqqətinə çatdırıb. Bu, Belarusun suverenliyi üçün yeni ciddi çağırışdır. Ruslar ictimai şəkildə bütün səviyyələrdə öz dəqiq və sərt mövqelərini ortaya qoyublar. Yəni pul qarşılığında müstəqilliyimizi almaq istəyirlər”, – deyə o bildirib.

Onun sözlərinə görə, Lukaşenko hakimiyyətinin başlanğıcında çox ciddi səhvə yol verdiyi üçün Moskva indi ona bu cür təkliflər irəli sürür:

“O, hakimiyyətə SSRİ-nin reanimasiyası şüarları altında gəlib və hətta canlandırılmış İttifaq Dövlətinin lideri olmağa cəhd edib. Məhz Lukaşenko bu ideyaya lobbiçilik edib. Boris Yeltsinlə müqayisədə onun həmin dövrdə Rusiyada reytinqi çox yüksək idi. Lukaşenko Rusiyaya inteqrasiya ideyasına lobbiçilik edirdi. Bu, Belarusu Rusiyanın həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan əsirinə çevirdi. 25 illik hakimiyyəti dönəmində Lukaşenko bu ideyasını reallaşdırmağa cəhd edib. Planlı şəkildə Belarus dilinin, mədəniyyətinin əhəmiyyəti azaldıldı, güc strukturlarına rusiyayönlü agentlər daxil edildi. İdeoloji vertikal baxımından da belə şeylər oldu. Qərb xalqa təhdid kimi təqdim edildi.

Xatırladıram ki, belarus ideoloqlar hər dövlət müəssisəsində, universitetində, orduda var. Məhz onlar vasitəsilə Rusiya ilə ittifaq və vahid xalq anlayışı təbliğatı aparılıb. İqtisadi müstəqillik böyük səhvlərlə məhv edilib. Lukaşenko son 5 ildə yol verdiyi əsas səhvləri baş düşüb. Onun Rusiyada hakimiyyəti ələ keçirmək şansları sıfıra düşüb. Belə ki, orada hakimiyyəti Putinin rəhbərlik etdiyi FTX və digər güc strukturları nəzarətdə saxlayır. Lukaşenko başa düşür ki, onu böyük dövlət çərçivəsində ya sadəcə məhv edə, ya da kiçik vassal edə bilərlər. Ona görə də Belarusun siyasəti yavaş-yavaş dəyişməyə başlayıb. Artıq tez-tez iqtisadiyyatın diversifikasiyası, belarus dilinin və mədəniyyətinin zəiflədilməsindən bəhs edilməyə başlanıb. Lakin artıq zaman əldən gedib. Bu gün bütün Belarusda ana dilində təhsil alan uşaqların sayı cəmi 1-1,5%-dir. Bu da Lukaşenkonun uzun siyasətinin nəticəsidir və bunun hesabı verilməlidir”.

O, Rusiyada iqtisadi vəziyyətin ürəkaçan olmaması ucbatından Belarusun anneksiyası üçün burada Putinin “rus torpaqlarının toplayıcısı” kimi qələmə veriləcəyini bildirib:

“Məhz bu kontekstdə Krım işğal edildi. Belarusun faktiki anneksiyası ilə Putin toplayıcı obrazını möhkəmləndirmiş olacaq. Rusiya ictimaiyyətinə bu, Rusiyanın növbəti qələbəsi kimi təqdim ediləcək. Bu, iqtisadi böhranlar fonunda Rusiya hakimiyyəti üçün böyük uğurdur.

Kremlin məqsədi ən yaxşı halda Belarusu anneksiya etmək, ən pis halda Belarus ərazisində Rusiya hərbi bazalarını yerləşdirməkdir. Bu bazaların yerləşdirməsi o deməkdir ki, ruslar bir daha buradan, Sevastopolda olduğu kimi, getməyəcəklər. Bu bazalar Belarusun anneksiyası üçün plasdarm olacaq”.

İlkin Həsənli

25 baxılıb