Faiq BALABƏYLİ

Özümə yazdığım şeir…

Deyirəm, bir qədər boş vaxtın ola,

Alnına yazılan xoş bəxtın ola,
Bir xoş gün verdiyin xoşbəxtin ola
Dura əzizləyə, oxşaya səni.

 

İşdən qayıdanda yorğun hər axşam,
Yatmış övladının oğrun hər axşam
Üzündən öpəsən, yuxun hər axşam
Bir az şirinləşə, ballaşa sənin…

 

Dincəlib bir hovur çimir etməmiş,

Yuxusuz gözünün acısı qaça.

Tural yaxın gələ, bacısı qaça,
Qaça, ayağına dolaşa sənin.

 

Xoş günlər, arzular hələ qabaqda!
Qönçələr açacaq yaşıl budaqda!

Deyirəm, nə ola, ömür də, baxt da

Həmişə üzünə qımışa sənin!..

1996

****

Nə deyim, sənə, İlahi,
nə deyim ki, eşidəsən?
Əlimi necə qaldırım
əlimdən tuta biləsən?

Köksümün alt qatında
nələr yatır –
görmürlər, İlahi!
Sevincimi bircə-bircə aparanlar
kədərimi
niyə mənlə
bölmürlər, İlahi!

Od tutanda ürəyimi
göz yaşları
söndürməyə qadir deyil.
Sənin nəfəsin toxunmasa,
ürəyimi bir başqası
güldürməyə qadir deyil.

Ayağımın ucundayam, Allah,
əlim yenə sənə çatmır.
Susmuşam, eşidirsən?

 İçimdə ağrıları cücərdəcəm

Hər şey belə qalacaq,

ümüd sona qalmayacaq
lap əvvəldən öləcək.
Kim deyir ki
gələcək,

xoş bir niyyətlə
ömrümüzə gələcək?

Solacaq yarpaqlar,
doğulduqları budaqdan
ölümə tullanacaqlar.
Yüksəklikdən beləcə
gələcəyə yollanacaqlar…
İçimdə ağrıları cücərdəcəm,
dalayacaq yalın sevinclərimi –
yaz ağzı cücərən qanqal kimi…

Ovuc-ovuc sevincimi

kürətək qızaran ürəyimdə

qalayacam

tonqal kimi…

 

Hər şey belə qalacaq…

Hər şey belə olacaq…
Alnımıza yazılan

Olmayanların hamısı

Zaman-zaman olacaq…

Bir kimsə bilmədi

Gəldim uzaq bir səfərdən,
Gəldim, bir kimsə bilmədi.
Qəlbimdəki ağrılara
Güldüm, bir kimsə bilmədi.

 

Bağrım başı param parça,
De kimdə var yara bunca…
Gözlərimi, yaş olunca,
Sildim, bir kimsə bilmədi.

 

Gözü qara bulaq üstə,
De sözünü varaq üstə.
Səndən ötrü ayaq üstə
Öldüm, bir kimsə bilmədi.

****

İndi sən hardasan,
nə iş görürsən?
Mənim heç işim yox
oturub səndən
zəng gözləyirəm,-
bilim ki sağam.

Bilimki həm də
gedəsi yerim var,
hələ qonağam
sənli xatirələrə.

Eləcə əlimdən
bir iş gəlməyir,
durub darıxmaqda
bezdirib məni.

Sənli xatirələr
dolub qəlbimə
sənsiz küçələrdə
gəzdirib məni.

 

23 baxılıb