“Həsrətə qaladım ümidlərimi…”-Xalidə Nurayın yeni şeirləri…

Müstəqil.Az şairə Xalidə Nurayın yeni şeirlərini təqdim edir:

 

Şeytanlar… Tanrıdan alıb

Dünyaya göz açdım bir qış səhəri
Çatanda gecəyə baxıb ağladım.
Mənimlə doğuldu ömrün qəhəri,
Səsimi içimə sıxıb ağladım.

Hələ də danışa bilmirəm dünya,
Arzular qalanıb yanır səssizcə.
Doğrunu danışan dilimi udub,
Sözümü yeyirəm qəmlə gizlicə.

Yalanlar başyeyən Bayquşa dönüb,
Doğrunu göynədən duzuyla yeyir.
Əyninə qaradan don geyindirib,
Başına börk qoyub,böhtanı deyir.

Ümidsiz insana yıxılan dünya,
Boğulan vicdana,boş məzar olub.
Adəm övladını aldadıb çoxdan,
Şeytanlar dünyanı Tanrıdan alıb.

Ana yurdum

Darıxmışam-
uşaqlıq illərinin,
şirin xatirəsinə.
Kəndimizin gecəsinə
hay-haraylı səhərinə…
Sübh çağı oyanıb,
Xoruzun ban səsinə,
pəncərədən yarıyuxulu
boylanıb…
qoyun-quzu mələşməsinə,
Təbiətin ecazkar
nəğməsini duymağa,
çox darıxmışam.
Dağətəyi yaylağınıın,
tər-təmiz havasını,
ciyərimə çəkməyə,
“Qızlar” bulağının…
buz suyundan içməyə,
lap yanıxmışam….
Yaşıl yamaclarında,
kəklikotu, bir də çaşır, bolunu,
baldırğanı, qazayağı, şomunu…
əlimlə yığmağa,
çox darıxmışam…
Ordubad limonu,
Şahbuzun balı,
Sədərək üzümü,
həm də, doşabı,
Şərurun göycəsi,
ərik, şaftalı…
dadını almağa,
çox alışmışam.
Yığışıb təndir başına,
baxmazdıq,
tüstüdən anamın…
yanağında göz yaşına.
Dartışardıq,
bölüşməkçün,
bişirdiyi fətirini, lavaşını…
Yaman darıxmışam
Görməkçün anamın
O müdrik baxışını…

………………….

35 illik həyat yollarının ağırlıqlarını
çiyinlərimizdə,əzablarını isə qəlbimizdə
“gülə-gülə” daşıdıq…
“35 illik ömrümüzdən düşən ləçəklərin ağrısına birlikdə məlhəm olduq”

Sevgi ağlayır
Bir sevgi ağlayır içimdə yenə,
Qəhrinə düşübdü ötən illərin.
Söndürüb eşqindən yanan çırağı,
Zülmünə sığınıb itən illərin.

Yol gedir ümidlər zülmətə sarı,
Özümü-özümdə tapa bilmirəm.
Sənli xatirələr didir qəlbimi,
Suallar əlindən qopa bilmirəm.

Ruhuma can verir arzu-diləyim,
Gözümdən məhəbbət axır yaş kimi.
Tablaşmır ürəyim, ürək neyləsin,
Nifrətə sarılıb olub daş kimi.

Yetim uşaq kimi ağlayır sevgim,
Neyləsin ocağı uçub, dağılıb.
Göz yaşı içində sökük divardan,
İslanan şəklimiz asılı qalıb.

Bu nə sirdir İlahi
Nə zaman doğulur nə zaman ölür,
Dərk etmirik bu nə sirdir, İlahi?
Olanda da, öləndə də ağlayır,
Heç bilmirik bu nə sirdir, İlahi?

Kiminin bəxtinə sevinc ələyir,
Kiminsə könlünü qəmə bələyir,
Qismətə,taleyə məğlub eyləyir,
Heç bilmirik bu nə sirrdir, İlahi?

Uşaqlıqda nələr olur bilmirsən,
Cavanlığın yaşa dolur bilmirsən,
Gözəlliyin gül tək solur bilmirsən.
Heç bilmirik bu nə sirrdir,İlahi

Gördüklərin keçmişinə ox olur,
Sevinən az, kədərlənən çox olur,
Bu gün olan, sabah üçün yox olur.
Heç bilmirik bu nə sirrdir,İlahi?

Ruhsuz ömür
Əhdi-peyman etdim bir vəfasıza,
Könlünə adımı yazdığı üçün.
İnandım, güvəndim etibarına,
Ruhuma gizlicə sızdığı üçün.

On altı yaşında sevib, sevildim,
Sanki yer də mənə asiman oldu.
Sevda dənizində üzdüm dalğa tək,
Sonda ümidsizlik bir liman oldu.

Acılı-şirinli günlər yaşadım,
Acılar yolumda pillələr oldu.
Qürurla dərdimi yaşadım, ancaq-
Bu namərd həyatda gör nələr oldu?!

Ən yaxın yolumu uzaq eyləyib,
Bəzədi ömrümü qarla, yağışla.
Könlümdə buzlanan xatirə kimi,
Qırdı ürəyimi soyuq baxışla.

Həsrətə qaladım ümidlərimi,
Könlümün qəhrində solan mən oldum.
Xəyanət ömrümün durdu qəsdinə,
Ruhumu dəfn edib, qalan mən oldum.

Xəyallarımın göz yaşı
Xəyaldan asılı ümidlərimdən,
Sevgisiz həyata nifrət doğulur.
Arzular dalınca qaçan könlümün,
Gözündə boy atan arzu böğulur.

Üçan xəyalımda gizlənir eşqim,
Allanır həyalı utanc yanağım.
Hərdən küskünləşib boynunu bükür,
Hərdən gülüşümə olur qonağım.

Nəmli xəyalımın göz yaşı olur,
Üşüyən ümidin, donan baxışın.
Könüldə silinməz ilmə toxuyur,
Qəlbimi oxşayan sevda naxışın.

Qara xəyallarım azır səmada,
Zülmətə bürünür, dolur buludlar.
Qərib duyğularım göz yaşlarıyla,
Əl atıb içimdə köksümü odlar.

Buludlar içində ötən xəyallar,
Məni uzaqlara aparır yenə.
Bir vüsal soraqlı dərd aşiqi tək,
Məni öz mənimdən qoparır yenə.

Naxçıvanım
Naxçıvanım qeyrət qalam,
Doğma müqəddəs torpağım.
Qərinələr yaddaşısan,
Məğrur, bölünməz oylağım.

Ayna gözlü “Zorbulağın”,
“Əlincən” alınmaz qala.
Batabatın havasında,
Könül istər yata, qala.

Əshabi-Kəhf məbəd yerin,
Daşlarından şəfa damar.
Ümidlərlə qovuşanda,
Dərdlilər əlacın tapar.

Mirzə Cəlil hər daşında,
Qopan haqqın sədasıdı.
Məmməd Said Ordubadi,
Nəsrimizin nidasıdı.

Vətəniylə qucaqlaşan,
Cavidin həsrət gözüsən.
Məmməd Araz dühasının,
Şah əsəri, şah sözüsən.

Möminə-Xatun türbəsi,
Hüsnünə bir yaraşıqdı.
Qürbətdə Təbriz elinə,
Şərqdən boylanan işıqdı.

Hər an səni didib udan,
Düşmənlərə göz dağısan.
Unutmasın düşmənlərin,
Nuh Peyğəmbər ocağısan.

Xalidəyəm, hər an sənin,
Sevgin ilə yaşayıram.
Səndən aldığım qüruru,
Fəxarətlə daşıyıram.

Canlı ölüyük
Ömrün pilləsinə uşaq yaşımdan,
Əzabla qalxmağa tək öyrənmişəm.
Namərdlər əlindən çox yara alıb,
Qalxdığım zirvədən hərdən enmişəm.

Əzəldən çətinlik olub qismətim,
Niyyətim hər zaman düzə yönəlib.
Düşən anlarımda mənə gülənin,
Qalxanda gülüşü qəmə bələnib.

Yaxşını-yamanı tanıyım deyə,
Min kərə oyulub könül oylağım.
Qoymadım qürurum başını əyə,
Dar gündə Allahım, olub dayağım.

Bəlkə də, dünyanın çatıbdı sonu,
Nə qədər günahıq ,günah yüklüyük.
Nəfsiylə boğulan Şeytan xislətli,
İnsanlıq öldürən canlı ölüyük.

Oğul gərək
Vətənimi qorumağa-
Mübariz tək məğrur, qorxmaz,
Əsrlərlə yaddan çıxmaz,
Damarında,
qanla qoşa qeyrət axan,
Tapdaq “Vətən”torpağında,
Şimşək kimi alov çaxan,
İldırım tək parçalayan,
Oğul gərək!
Vətənimi qorumağa-
Arxasına dönüb baxmaz,
Vətəninin şərəfinə qara yaxmaz,
Həyatını qurban verən,
Qüruruyla, hünəriylə,
Hər əzaba sinə gərən,
Düşmənin murdar izini,
Öz qanıyla daşdan silən,
Fərid kimi paralayan,
Oğul gərək!
Vətənimi qorumağa-
Soy -kökündən əsla dönməz,
Tarixlərin yaddaşında heç vaxt ölməz,
Milyonları bir ürəkdə qovuşduran,
Ocağında qora dönüb alışdıran,
Vətənimdən ayrı düşən,
Ulduzları barışdıran,
Öz canını ana yurdun
Torpağına qarışdıran,
Vətən üçün ölümüylə qürurlanan,
Oğul gərək!

Divanə tək
Sənlə keçən günlərimi,
Vərəq-vərəq yada salır,
Ağlayıram için-için.
Göz yaşlarım süzülərək,
döyəcləyir kipriyimi,
Dağ qoynunu yarıb gələn,
Sərt daşlara dəyə-dəyə,
İntihara sürüklənən,
Şəlalə tək…
Arıyıram tapmaq üçün,
Bölüşərək ah-zarımı,
Səssizlikdə inildəyən,
fəryadımı
Kam almayan,tənhalaşan,
Sən olmayan,
öz dünyamı,
Çiliklənən…
Biçarə tək…
Yalvarıram “Allah”ıma
Həyatımdan atmaq üçün,
Keçmişimi,
Qəlbi didən saxta üzü,
Ögey baxışlı gözləri,
Yaddaşımdan qara izi
Tonqal quram,cayır-cayır,
Mən yandıram,
Sevdasından dəli olan,
Divanə tək…

Azərbaycan
Azərbaycan, ana yurdum!
Bu kəlmələr yaranışdan,
Müqəddəslik məbədinin,
Qibləgahı, zirvəsidir!
Neçə əsr oyanışdan,
Zülümlərin, zillətlərin
Dinən həqiqət səsidir.
Bu zirvəni fəth etməyə,
Sevgi gərək, hünər gərək.
O kəslərin ürəyində vətən eşqi,
Vulkan kimi aşsın, daşsın…
Səni sevən, gərək sənlə qoşalaşsın.
Sinəsini sipər etsin,
Ağır, çətin günlərində.
Yad oğullar doğmalaşsın.
Dağ çəksinlər düşmənlərə.
Yurdumuzda iz qoymağa,
Nərə çəksin bircə kərə,
Yol verməsin yağılara.
Əsrlərlə parçalanmış torpaqları,
Qaytarsınlar öz elinə.
Qərib düşən İrəvanı,
Zəngəzuru, Drbəndimi,
Həsrə gözlü Təbrizimi,
Ozan havalı Göyçəmi…
De, dərdimin hansın deyim…
Birdimi?!
İllərdi düşmənin gözünü oyan
Cavanşirlər yurdu Qarabağımı,
Şikəstənin doğulduğu Şuşamı.
Susan “İsa” bulağımı!
Şəhid qanlı torpaqlarda
Qoy çalınsın cəngi səsi,
Haraylasın vətən üçün,
Candan keçən,vətənsevər oğulları.
Azad edək yağılardan torpaqları.
Düşmənlərdən qisas alaq.
Təmizləyək Xocalının,
Ləkələnmiş yaddaşını.
Əvəzləyək sevinc ilə
Anaların
axan qanlı göz yaşını.
Azərbaycan, ana yurdum,
Türk oğlunun məskənisən!
Qürurunla, hünər göstər,
Qeyrətinlə tarixləri yenilə sən!
Şərəfinlə, şöhrətinlə öyünərək,
Gələcəyə haqq yoluyla,
Zəfər ilə irəlləyək!
Zəfər ilə irəlləyək!

Gözəl deyilmi?
Hikmətli sevgidən yarandı bəşər,
Günün doğuşundan açılar səhər,
Ana təbiətdir qüsursuz əsər ,
Tanrının naxışı gözəl deyilmi?

Ülvi baxışınla baxsan cahana,
Eşqiylə çağlayan,coşan cavana,
Mənəvi qidadı eşqdən yanana,
Sevənin baxışı gözəl deyilmi?

Daş altda bulağa,bitən mamıra,
Çiçəyin ləçəyi batar çamura,
Bahar günəşiylə yağan yağmura,
Şimşəyin çaxışı gözəl deyilmi?

Göldən ürkək-ürkək ceyran su içər,
Kəklik kol dibindən gizlicə keçər,
Ovçu tələ qurub,ovunu seçər,
Həyatın axışı gözəl deyilmi?

Vətən,səni sevənlərin özü “Vətən”.
Yaranışdan “Vətən”bizim özülümüz,
Keçmişimiz,bu günümüz,sabahımız,
Tarixlərin yaddaşında,”Vətən”səni,
Qorumasaq bağışlanmaz günahımız.

“Vətən”sənsiz bu dünyada bizlər kimik?
Qol-qanadı sındırılmış solan gülük,
Düşməninə ovuc açan muhacirik,
Vətənsizin ocağında sönən külük.

“Vətən,səni sevməyəni sən də,sevmə,
Satqınlarla,xainlərlə barışmağa…
“İzin vermə”,səni qoyub gedənlərə,
Öləndə də,torpağına qarışmağa…

Daş altında bulağının gözü “Vətən”,
Ürəkləri sızıldadan sazı “Vətən”,
Xalidənin tükənməyən sözü “Vətən”,
“Vətən”səni sevənlərin özü “Vətən”.

mersin escort