Tanınmış şair Saday Şəkərli ölkə başçısı tərəfindən əfv olunduqdan sonra səhhətində yaranan problemlərlə bağlı Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində bir müddər müalicə olunduqdan sonra Vətənə dönüb.
Müstəqil.Az şairlə əlaqə saxlayaraq səhhəti ilə maraqlanıb. Maliyyə problemlərinə görə müalicəsini yarımçıq saxlayan şair, bizimlə söhbətində oxucularına, iş adamlarına, tanıdıqlarına müraciət hazırladığını və özünün sosial şəbəkədəki şəxsi səhifəsində paylaşdığını bildirdi.
Xatırladaq ki, S. Şəkərlini hələ ötən əsrin 80-ci illərində bütün sosialist məkanı tanıyırdı, onun ilk şeirlər kitabını 85-ci ildə ruslar nəşr etmişdilər. S. Şəkərli yaraıcılığı Azərbaycan ədəbiyyatını dünyada təmsil etmək qüdrətindədir. Şairin işi şeir yazmaq, bizim işimiz onun yazdıqlarını təbliğ etməkdən ibarətdir. O, Rusiya, Başqırdıstan Yazıçılar İttifaqının, eləcə də Londonda yerləşən Azad Qələmlər Təşkilatının üzvüdür.
Bir vaxtlar iş adamı kimi fəaliyyət göstərən, sonradan bir qrup dələduz tərəfindən əmlakına əl basılan Saday Şəkərlinin müraciətini olduğu kimi yayınlayırıq:
“Salam, əzizlərim!
Bu müraciəti yayınladığıma görə məni kimsə qınaya bilməz. Yaşadığım ömür gözünüzün önündədir; əyilmədim, sınmadım, yalvarıb kiməsə əl açmadım. Məhkəmənin qərar verdiyindən beş il ötsə də qərar icra olunmur, məmurlar dələduzu müdafiə edir, yüz min dollarımı geri ala bilmirəm. Türmədən sonra səhhətimlə yaranan problemlərlə bağlı üç ay ərzində Rusiya xəstəxanalarında müalicə aldım, vəsait çatışmazlığından müalicəm yarımçıq qaldı, geri qayıtmalı oldum. Düşdüyüm ağır durumla nəinki bir kəs maraqlanmır, hətta unutmağa çalışırlar.
Bundan əlavə 60 illiyim yaxınlaşır, yubiley həvəskarı olmasam da, düşünürəm, oxuculara hesabat verməyimin vaxtı çatıb. 5 cild şeirlər və poemalardan ibarət kitablarım çapa hazırdır. 3 cild rus dilində, eləcə də digər dillərdə nəşr olunmağım gözlənilir. Lakin, tərcümə prosesinin nə qədər çətin olduğunu, nə qədər vəsait tələb etdiyini bilənlər bilir. Bu əməlləri qətiyyən şöhrət naminə başa gətirmək arzusunda deyiləm, sadəcə, ölkə dışında şeirlərimi oxuyub dəyərləndirən mötəbər söz adamları bu əsərlərin bütün dünya dillərinə tərcümə edilməsinin vacib olduğuna məni inandırmışlar. Dünya ədəbiyyatından məlumatı olan birisi kimi deyə bilərəm ki, ədəbiyyatın dünya çapında öz kriteriyaları var və mənim niyyətim ədəbiyyatımızı ləyaqətlə təmsil etməkdən ibarətdir.
İmkansızlıqdan nə qədər əzab çəkdiyimin fərqindəsizmi? Bu kimi müraciətimdən onqat artıq əzablar çəkdiyimin isə özüm fərqindəyəm. Əsrlər, illər öncəsi də şairlərin milyonçularla münasibətləri olub, milyonçuların kapitalları özləriylə bərabər tarixin qaranlıqlarında əriyib yoxa çıxsa da, mədəniyyətə, eləcə də şairlərə xərclənmiş pulları havayı geməyib, azından onların əsərləri bugünümüzə qədər gəlib çıxıb.
Belə milyonçularımız saysızdır, lakin, mətbuat səhifələrində xeyirxahlıqda, səxavətdə, mərdlikdə bərabəri olmayan messanat Mübariz Mənsimovun adı tez-tez çəkilir, müsahibələrinə rast gəlirəm. Bilirəm ki, mətbuata bağlı birisidir və haqqında yazılanları oxuyur, operativ reaksiya da verir. Onunla əlaqəsi olanların da bu mesajı ona çatdıracağına ümid bəsləyirəm. O ki, müstəqildir.
Vaxtilə Həsən bəy Zərdabini Qarabağ bəyləri əliboş, bir susatan erməninin isə erməni elçisini əlidolu qaytardığını da, böyük Sabirin kitabının ölümündən sonra ermənilər tərəfindən nəşr olunmasını da xatırlayaraq, hələ də bu xəcalətdən qurtula bilmədiyimizi də unutmamalıyıq.
Başqa kimsə mənimlə maraqlanmaq istərsə əlaqə yarada bilər.
Az sonra edilmiş yardımları qaytarmaq iqtidarında olacağıma da inanmanızı istərdim.
Dostlarımın da bu müraciətə münasibət bildirməyinin fərqindəyəm. Allah amanında…”
Müstəqil.Az
182 baxılıb