Ədəbiyyat, sənət sahəsində elə tədbir dəvətləri olur ki, ora candərdi gedirsən. Amma, bəzən elə yerə (tədbirə) dəvət alırsan ki, eşidən kimi ürəyin atlanır. Ora yüyürə-yüyürə getmək isdəyirsən.

Və tam səmimiyyətimlə deyirəm – bu zamanada sevinə-sevinə gedəcəyim tədbir olanda Allaha şükranlar edirəm. Belə şükranlarla getdiyim tədbirlərdən biri bu gün oldu. Ayaz Arabaçının “Uzaqlar yaxın olsa” kitabının imza günü…

Ayaz Arabaçı çağdaş şeirimizin istər ictimai-siyasi, istər sevgi, istərsə də başqa mövzularda ən gözəl nümunələrini ortaya qoyan şairdir. O bu gün bir çoxları tərəfindən başı bəzədilib ortalığa çıxardılan, bəh-bəhlə tərif edilən bic şeirlər yazmır. Nə yazırsa, səmimi və təmiz ana dilimizdə yazır. Başqaları tərəfindən əllaməçilikə sapdırılan oxucunu şeirlərinin gücü və işığıyla düz yola qaytarır.

Mənə daha çox xoş gələn onun ictimai-siyasi məzmunlu şeirləridir. O bir rəssam kimi sözlə dövrün, zamanın və məkanın şəklini çəkir. Tam məsuliyyətimlə deyirəm ki, gələcək oxucu bu günün Azərbaycanının simasını onun şeirlərində görə biləcək. Körpə uşaqlar öz etirazlarını ağlamaqla (göz yaşıyla) bildirdikləri kimi şair də dövrə, zamanaya etirazını şeirlə bildirir. Ölkədə körpə uşaq gözləriylə dövrə, zamana qarşı ağlayan (oxu – etiraz edən) 4-5 şair varsa, onun biri də Ayaz Arabaçıdı. Onun şeirlərindən bu gün İnstitutlar, tənqidçilər ilan vuran ala çatıdan qorxan kimi qorxurlar. Neyləməli… bu da belə bir taledir.

Kəndin ortasında itə daş atanda it zingildəyə-zingildəyə sahinin qapısına qədər qaçır. Qapıya çatandan sonra səsi kəsir. Bu gün Azərbaycanda sözü elə bir günə qoyublar ki, sözün həmin it kimi qaçıb canını quratacaq, toxdayacaq çox az qapı qalıb. Belə qapılardan biri də Ayaz Arabaçının qapısıdır. Söz onun qapısında özünü tam təhlükəsiz hiss edir. Söz ona sığına bilir. Başını onun qələminin, barmağının üstünə qoyub dincələ bilər.

Həm də belə bir deyim var – filankəsin ətəyində namaz qılmaq olar (və ya olmaz). Sözün ölkəmizdə ətəyində namaz qılacağı şairlər bir əlin barmaqlarının sayı qədər ola olmaya… Ətəyində sözün namaz qıla biləcəyi şairdi Ayaz Arabaçı. Mən sözün kürəyinə kürək söykəyən belə bir şairlə müasir və dost olduğuma görə Allahımdan çox razıyam. Təklik hissi adamı çox üzür və ağrıdır. O harda olur olsun, fərqi yoxdu, məni tək qoymayan şairdi.

 İlham Qəhrəman