“Payız dodağında oxunan nəğməm…”-həkim,şairə Rəfiqə Abbasovanın şeirləri…

Müstəqil.Az həkim,şairə Rəfiqə Abbasovanın şeirlərini təqdim edir:
Asmışam sevgimi bu tənhalıqdan…
 
Tənha evdi..dörd divardı,bir də mən,
Üzümə bağlanıb,sən gedən yollar.
Bir dəfə boynuna sarılmaq üçün,
Sənə həsrət qalıb,indi bu qollar.
 
Hopub divarlara səsin,nəfəsin,
Sığalın,tumarın tellərimdədi.
Soyuq baxışlarla süzüb gedənim,
Əlinin istisi əllərimdədi.
 
Yavaş döy,qapımı çırpma, ey külək,
Xatirəmin zərif tavanı uçar.
Gedirəm sözünü alma dilinə,
Tənhalıq nisgili könlümü qucar.
 
Asmışam sevgimi bu tənhalıqdan,
Üzümü dalayır gözümün şehi.
Qorxuram sevgimi tənha qoymağa,
Üşüdər sevgimi ayrılıq mehi..
Mən də gedəcəyəm….
 
Mən də gedəcəyəm sən gedən yerə,
Darıxmaq adında bir dünya varmış.
Sınıq tavanından baxıb göylərə,
Sən demə ürəyə bu cahan darmış.
 
Nə ünvanı bəlli,nə yurd yuvası,
Gündüzlər üzümə bağlı dünyanın.
Hər gecə taybatay açıq qapısı,
Günləri qaralı,ağlı dünyanın.
 
Paslı saatları səssiz işləyir,
Əqrəblər beş sayıb bir dəfə vurur.
Dünyanın yox imiş zəngli saatı,
Yatan oyanmasa,zaman da durur.
 
Deyən darıxacam sənsiz dünyada,
Sevgimə,hissimə güman qatacam.
Qalsam da min cürə sorğu sualda,
Ünvansız məkanda itib-batacam.
 
Gəl, birgə darıxaq yeni dünyaya,
Darıxan dünyada bir yerdə qalaq.
Həyəcanlı anlar,saatlar ötsün,
Səninlə bir ömür bir yerdə olaq.
 
Kədər kölgələnsə…
 
Kədər kölgələnsə gözəl gözündə,
Gözlər baxışını gizlədib baxar.
Bəzən də utanıb,gözəl gözündən,
Bələnər yaşına üzünə axar.
 
Hərdən də allanar solğun yanağı,
Çəkilər bir küncə yer darlığından.
Bir əlçim pay umar,bəzən sevincdən,
Bəzən də utanar,öz varlığından.
 
Sevincdi,nəşədi ürəyin payı,
Qəm,kədər hərdənbir ürəyi sıxar.
Kimiyə az düşər,çoxu kiminin,
Ayağından girib,başından çıxar.
 
Dənizə yetirsə kədər özünü,
Dalğalar acıqla cənginə alar.
Bölər qəlpələrə kədər sözünü,
Xırda hissələri sahildə qalar..
 
Halıyla gözələ xələl gətirməz,
Alsa da gözləri kədər qoynuna.
Gözəl gözlərində kədər uduzar,
Sevinclə mərcləşib girsə oyuna.
 
Payız dodağında oxunan nəğməm.
 
Bir payız küləyi saçımı darar,
Könlümü üşüdər soyuq nəfəsi.
Göyün sinəsinə çökər buludlar,
Azalar köç edən quşların səsi.
 
Oxunur payızın nəğməsi bəmdə
Ötən xatirələr düşür yadıma..
Pəncərəmi döyən nakam damcılar,
Oxşar göz yaşıma, çatar dadıma.
 
Payız dodağında oxunan nəğməm,
Olmasın sevgimin axırı,sonu.
Bir namə almışam payız rəngində,
Biçilib sarıdan sevgimin donu.
 
 
mersin escort