Müstəqil.Az gənc şair Elməddin Mətləbin yeni şeirlərini təqdim edir:

 

 

 

Ömür…

Ömür-yelləncəkdi,
Bir ucu beşikdən,
Bir ucu qəbirdən asılıb.
Bu dünya
min dünya boyda sirdən asılıb…
Asılıb hər tale bir ümiddən,
Saralmış yarpaq
budaqdan asılan kimi…
Qar üstündə iz salan
Köməksiz ov kimiyik,
Torpaq əl uzadır ac aslan kimi…

 

Çağırdım…

Ha çağırdım yuxunu,
Yaxın gəlmədi, neynim?!
Yəqin, yuxuya getdi
Yuxum, gəlmədi, neynim?!

Nə dan sökülməkdədi,
Nə can çıxır canımdan!
Bu saatlar nə umur
Sonsuz həyəcanımdan?!

Siqaret tüstüsündən
Göz gözü seçə bilmir!
Yuxum harda sülənir,
Bir dalan, küçə bilmir!

Eyni yüklü zərrəcik
Misalıdı kirpiyim;
Gözlərimi yumuram,
Rədd eləyir bir-birin…

Elə yorulmuşam ki,
Yatam, dincələm bir az…
Özümdən də getmişəm,
Özümə gələm bir az…

Bir çırpınan ürəkmiş –
Zamanın addım səsi.
Heçmiş qum saatında
Üyüdülən qum səsi…

Don vurub əqrəbləri,
Saat şəkil kimidi…
Haçan ki, yuxu yoxdu,
Bir gecə il kimidi…

Ha çağırdım yuxunu,
Yaxın gəlmədi, neynim?!
Yəqin, yuxuya getdi
Yuxum, gəlmədi, neynim?!

 

Darıxmağın dadı…

Və bir də darıxmağın damaqda dadı var ha,
Elə zəhər dadır ki, udmaq, udqunmaq olmur…
Və bir də darıxdığın o inad qadın var ha,
Xatirələrdən özgə bir nəsə ummaq olmur…

Qıvrılarsan eləcə içini sancı deşər,
O yana çevrilərsən, bu yana çevrilərsən…
Gözündən dodağına tökülən damcı deşər
Və göynəyər… təpədən dırnağa kimi tərsən…

Dağıdarsan fikrini dodağı çeynəməklə,
Barmağın saçlarını qarışdırar eləcə…
Özünə söz verərsən “Darıxmıram!” deməklə,
Özünü aldadarsan, darıxarsan hər gecə…

Küləklər nəfəsiylə sirkələyər pərdəni,
Bir az fikrin dağılar pərdənin kölgəsinə…
Və durarsan dağılmış yatağından tərpənib,
Bir az yaxınlaşarsan damcıların səsinə…

Ayaqların çəkilməz pəncərənin önündən…
Gözünü zilləyərsən küçələrə qırpmadan…
Və kimsə duya bilməz, darıxdığı o gündə
Alnı dirsəklərinə söykəli yatır adam…

 

         Bu ölkənin…Bu ölkənin yazı da qış, qışı da qış,
Bu ölkənin azı azdı, çoxu azdı.
Bu ölkəni talayanı tanımamış,
Boş-boşuna küləklərə danışmazdım.

Bu ölkənin xeyri də şər, şəri də şər,
Bu ölkənin yası yasdı, toyu yasdı!
Gündən-günə “tufanlaşan”, “küləkləşən”,
Dumanlaşan bir iqlimə tərif yazdıq!

Bu ölkənin əyrisi düz, düzü əyri,
Bu ölkənin ölkələşən günü yoxdu!
Bu ölkəni ömrü boyu bu çirkabdan,
Bataqlıqdan çıxaracaq gəmi yoxdu!

Bu ölkənin kasıbı ac, varlısı “ac”
Qarnı doyan, gözü aclar bizdə, qardaş!
Qapazları açıq-aşkar görmək asan,
Sən özünü sığallardan gözlə, qardaş!

Bu ölkədə qapaz kələk, sığal kələk,
Gülüşlərin kölgəsində min hiylə var.
Gümanında, şübhəsində hazır tələ,
“Yəqin”ində, “bəlkə”sində min hiylə var!

Nələr yoxdu bu ölkədə, nələr, nələr,
Nələr gördüm bu ölkədə, nələr, bala…
Yıxdı bizi daha çürük düşüncələr,
Satdı bizi əqidədən şikəst olan!