“Qəribə yazı…”-Gənc yazar Aygün Sadiqdən günün yazısı…

Qəribə yazı

Mənə tez-tez irad tuturlar, evdən çıxıb harasa gedəndə qapını açarla bağlamıram deyə. Qəribə düşüncə sahibidirlər. A başınıza dönüm, oğrunu məcbur eləsən belə, müəllimin evinə girib vaxt itirməz. Əksinə, məvacibinin onu nə zillətlərə saldığını, “karoçi”, Söz mülkünün sultanı’nın bərat kağızından daha bəd xislətli maaş kartının olduğunu bilsə, nəinki oğurluqdan vaz keçər, hələ üstəlik, bir miqdar pul da xərclik üçün orda qoyub çıxar.!


Axırda, “əşşi” deyib üz tutdum təqvimə sarı və başladım ordakı günləri, saatları, dəqiqələri….saymağa. Saqın gülməyin.

Sonra uşaq bağçasındakı ətfalım yadıma düşdü və hövlnak çıxdım övladları evə gətirməyə…
Tərbiyəçi və dayə üzümə təəssüflə baxıb( əlbət, öyrətmən olduğuma görə kasıblığıma təəccüblənmədilər) dedi ki, uşaq bezi bitmək üzrədir, sabaha yetməz….

Dərd götürdü məni ki, aya, nə edim, nə tövr edim, hansı pulla alım….

Bir də gördüm, oğlum ətəyimdən dartır ki, “ana, gəl də”.
Hirs vurdu təpəmə. Dedim, “ay bala, qoymazsan, bir fikrimi cəmləyim”.
Uşaq sözümü anlamadı və genə başladı ətəyimdən dartmağa, bu dəfə onu qabaqladım. Dedim, “gəlirəm”. Dedi :”ana, çağırmıram ey, o dükanı göstərirəm. Bax. Orda yekkə polis maşını satırlar”

Könülsüzcə və görməmək ümidi ilə() arxaya- uşaq bağçasının həyəti ilə üzbəüz oyuncaq dükanına baxdım.
İlahi. Bu qədər də olmaz axı. Bu dükanı işlədən iman sahibi deyil mi?! Niyə bağçanın qarşısında dükan açıb uşaq oyuncaqları satır? Bu günü qara olmuş fikirləşmir mi ki, bağçaya uşaq gətirən validələr arasında öyrətmən olanı da var?!

İndi mən- biçarə övrət nə tövr eləyim? Uşaq da ağlayır, haqqında danışdığı “yekkə polis maşını” nı aldırmaq üçün yaxşıca ağlayır.

Əlqərəz, uşağı tovladım ki, bala, o biri dükanda lap dadlı şirniyyatlar satılır. Zəmanəmizin qəhrəmanı ağlamaqdan sakit olub kiridi, əlimdən tutdu və sakitcə yanımca yeridi.

Fələk nə sayar? Həmin dükana çatanda hər iki ətfal əlimi buraxıb məndən qabaq içəri girdilər və şokoladın ən bahalısından yapışdılar. Yaşca böyük olan oğlum bacısına xəbərdarlıq etdi ki, konfeti götürəndə pulunu vermək lazımdır. Qızım da əlinə aldı şokoladı və tez də açdı, yedi.!

Qərəz, evə çatdıq.
Uşaqlarıma şirniyyatı ala bildiyimçün sevinsəm də, uşaq bezinin dərdi götürdü məni.

Söhbət uzun çəkdi. Öyrətmənin dərdi bitməz, Allahdan ümid kəsilməz. Əcəba, ümid deyib durmaqdansa, haqqımızı istəmək daha məqbul mu?
Bu günümüzə şükür. Nolsun ki, azərbaycanlı öyrətmən övladına yekkə oyuncaq polis maşını ala bilmir və uşaq bezini tək-tək alır, genə naşükür olmaq ədəbsizlikdir. Çörəyimizi verən əllərə pis nəzərlə baxmaq günahdır. Mən, şəxsən, öz məvacibimlə uşaqlarıma ən ucuz çərəz və istifadəyə yararsız kolbasa ala bilirəm.

Biz ölüncə onlara borcluyuq- düz deyir Novruzəli. Bu naşükür millət niyə bu zavallı Novruzəliyə gülür, qanmıram. Düz deyir. Şükranlıq gərəkir, əbsəm olmaq gərəkir.

(Təxəyyül deyil)

Aygun Sadiq
2015

mersin escort