” İNFORMASİYAYA NƏZARƏT NİYƏ DÖVLƏTLƏR ÜÇÜN VACİBDİR..” – Politoloq Ramid Hüseynovun fikirləri…

 

Demokratik cəmiyyətdə fikir, söz və məlumat azadlığının mövcudluğu vətəndaşlara siyasi həyatda daha səmərəli şəkildə iştirak etməyə imkan verir. Eyni zamanda  KİV hökümətin təbliğatına təkcə vasitə  kimi xidmət göstərmir, onlar həm də hökümətin fəaliyyətini  öyrənir, onun haqqında vətəndaşlara məlumat verir,  diskussiyalar və ictimai fikrin ifadəsi  üçün imkan yaradır və ən vacibi odur ki, hökümətə təsir göstərirlər. L.Grossman göstərirdi ki, “…Kommunikasiya texnologiyalarının inkişafı demokratiyanın üçüncu erasının əsasını təşkil edəcək…”.

Özünü sərbəst ifadə etmək hüququna malik olmayan vətəndaşlar siyasi proseslərə, hakimiyyətin apardığı siyasətə necə münasibət bildirə bilərlər?!. 

İlk öncə qiymətin verilməsi üçün azad fikir, müstəqil KİV-in olması zəruridir. Robert Dahlın fikirləri ilə ifadə etsək: “ …fikir və söz azadlığı həm hökümətin siyasəti haqqında informasiyalı bilik əldə etmək, həm də onun siyasi kursunun necə olacağından  vaxtında xəbər tutmaq üçün vacibdir”.

KİV-in müstəqil, azad olmasının ən mühüm üstünlüklərindən biri insanların alternativ informasiya almaq imkanlarının olmasıdır. Qapalı cəmiyyətlərdən fərqli olaraq demokratik cəmiyyətlərdə dövlətin verdiyi informasiyaya alternativ olaraq vətəndaşlar hakimiyyətin gerçəklikləri barədə müstəqil  məlumat əldə etmiş olurlar. Bu zaman KİV-in özünün müstəqil olması və onun nə hökümətin, nə də xüsusi maraqların təsiri altına düşməməsi vacibdir. Alternativ informasiyaya sahib olmaq hakimiyyətin rəsmi informasiyadan manipulyasiya kimi istifadəsini məhdudlaşdırır.

KİV-in rolu seçkilər dövründə siyasi proseslərin düzgün qiymətləndirilməsi baxımından daha qabarıq hiss olunur. Əvvəlki dövrlərdə yalnız qəzet və teleradionun köməyindən istifadə edilirdisə, müasir dövrümüzdə televiziyadan və internetin imkanlarından geniş istifadə edilir. Əsasən də sosioloji sorğularda, ictimai rəyin öyrənilməsində internetin imkanları daha böyük əhəmiyyət kəsb edir. Xüsusilə də sosial şəbəkələr və orada aparılan müzakirələr, fikir mübadiləsi ictimai rəyin öyrənilməsində və onun dəyərləndirilməsində mühüm üstünlüyə malikdir. Bəzi hallarda sosial şəbəkələrdə cərəyan edən informasiya bütünlükdə cəmiyyətdə özünə geniş yer tapmağı, ciddi nəticələrə səbəb olmağı bacarır.

           M.Rokar hesab edir ki, “müasir demokratiyanın əsas tərkib hissəsi kimi ümumi seçki hüququ və azad informasiya çıxış edir. Düzgün istiqamətlənmiş informasiya seçicini ələ almağa imkan verir. İnformasiya mühüm dərəcədə vətəndaşların demokratik fəaliyyətini müəyyən edir”. Yəni insanların məlumatlı olmaları, KİV-dən istifadə etmələri bilavasitə dövlətin hakimiyyətinə lazımi şəkildə təsir edə bilmələrinə şərait yaradır.

Robert Dahl da demokratiyanın verdiyi imkanları göstərərkən əsas meyarlardan biri kimi “məlumatlılığa əsaslanan dərketmə” məsələsini xüsusi vurğulayır. Siyasi proseslərdən lazımi səviyyədə məlumatı olmayan, hakimiyyətin siyasəti və fəaliyyətindən doğru-dürüst xəbəri olmayan vətəndaşlar siyasi proseslərdə, dövlətin təşkilində və ona nəzarətin həyata keçirilməsində qeyri-rasional iştirak etmiş olurlar. Belə ki, seçkilər dövründə namizədlərin təbliğat-təşviqat kompaniyasının ən mühüm vasitəsi KİV-in köməyindən istifadə edərək, elektoratın dəstəyini almaqdır. Bu amili düzgün qiymətləndirən, bundan məharatlə istifadə edən namizəd seçkilərdə sözsüz qələbə çalır.

Qeyd olunan  informasiya resursları təkcə seçkilər dövründə deyil, bütünlükdə hakimiyyətə ümümxalq nəzarətinin səmərəli mexanizmi kimi çıxış edir. KİV kütləvi şüurun demokratikləşməsinə və demokratiyanın şəffaflaşmasına təsir göstərir. İnsanlara siyasi dəyərləri, normaları, gerçəklikləri mənimsəməyə, onların mahiyyətini dərk etməyə imkan verir. Vətəndaşların nəzəri baxımdan siyasi mədəniyyətini, siyasi proseslərə, qanunlara olan  munasibətini düzgün formada istiqamətləndirməyə şərait yaradır. İnsanlar siyasi həqiqətləri, hadisələri düzgün formada mənimsəmək, alınmış informasiya sayəsində müstəqil düşünmək, qərar vermək və s. kimi dəyərləri əldə etmiş oldular. D.Bitem və K.Boyl  göstərirlər ki, “… hökümət ancaq o vaxt lazımi surətdə hesabat verəcək ki, vətəndaşlar onun fəaliyyəti haqqında məlumatlandırılacaq və istəsələr, keçirilən siyasət haqqında rəsmi məlumatları yoxlamaq üçün müstəqil vasitələrdən istifadə edəcəklər …”.

Amma KİV-in verdiyi müsbət keyfiyyətlərlə bərabər onun mənfi tərəflərinə də diqqət yetirmək lazımdir. Bir çox mütəxəsislər göstərirlər ki,  KİV-in ən kütləvisi olan televiziya insanları  bir çox hallarda özünün istədiyi istiqamətə yönəldə bilir. Yəni, televiziyanın kimlərinsə təsir dairəsində olması və bu imkandan faydalanaraq cəmiyyətin böyük bir hissəsini mənfi, yalnış informasiya ilə də düzgün olmayan tərəfə yönləndirə bilmək şansı vardır. Təsadufi deyil ki, bəzi siyasi xadimlər qeyd edirlər televiziyaya nəzarət edən adam bütün ölkəyə nəzarət etmiş olur. Real təhlükə törədən amillərdən biri KİV-dən siyasi manipulyasiya məqsədilə istifadə olunmasıdır. Manipulyasiyasiyasi qrupun öz mənafeyi naminə adamların siyasi şüuruna və davranışına gizli şəkildə təsirini ifadə edir. Bu daha çox yalana əsaslanır və totalitar və avtoritar dövlətlərdə daha çox rast gəlinsə də müasir dövrümüzdə demokratik dövlətlərdə də bundan az istifadə edilmir. Öz nəzarətində olan KİV-in köməyindən istifadə etməklə bəzən dövlət xalqdan öz siyasəti barədə gerçəklikləri gizlədərək, onu yalan formada onlara çatdırır. Hakimiyyət siyasi informasiya axınına nəzarət edərək özünün xoşagələn obrazını yaratmağa çalışır.

İnformasiyanın siyasi sistemdə, siyasətin subyekləri üçün nə qədər önəmli olduğunu L.S.Sanisteban göstərərək qeyd edir ki: “informasiya neytral deyil, döyüş silahıdır. Elitalar ondan öz hakimiyyətlərini qorumaq üçün istifadə edirlər”.

İnformasiyanın təkcə hakimiyyətin və onun yaxın qurumlarının əlində cəmlənməsi siyasi iştirakı da məhdudlaşdırır. İnformasiyaya nəzarət edən şəxslər kollektiv şüura güclü təsir etmək imkanına malik olurlar.

Demokratik cəmiyyətdə azad və müstəqil KİV-in fəaliyyət göstərməsi insanların öz sözünü və fikrini ifadə etməsinə imkan verir. Bunun üçün hakimiyyətin legitimliyi, azad və ədalətli seçkilər yolu ilə seçilməsi, qanunun aliliyi və liberal mühitin olması vacibdir.

 

 

Ramid Hüseynov

siyasi elmlər üzrə fəlsəfə doktoru,dosent.

mersin escort