O, 2018-ci ilin ən yaxşı idmançısı adına əsas namizəddir

Kumiri Rövşən Bayramov, hobbisi kitab oxumaq, xarakterinin əsas özəlliyi dürüstlükdür. Heç bir halda yalan danışmağı bacarmır. Dayısı – tanınmış futbol mütəxəssisi Şahin Diniyev onu yaşıl meydanda görmək istəsə də, güləşi seçib.

“Yaxşı ki, belə qərar vermişəm, bir daha seçim etməli olsam, yenə güləşi seçərdim” deyir. Anlaşılandır. O, bu gün dünya və Avropa çempionudur. Hər iki uğuru cəmi bir ilə sığdırmaqla, böyük diqqət çəkib. Sona çatmaqda olan 2018-ci ilin ən yaxşı idmançısı adına əsas namizəddən – yunan-Roma güləşçisi Eldəniz Əzizlidən bəhs edirik.

Valideynlərindən xəbərsiz…

Eldəniz Yamən oğlu Əzizli 1992-ci ildə Beyləqan rayonunda doğulub. Əksər oğlan uşaqları kimi, o da nadincliyi ilə başabəla olub. Gah dava-dalaş salıb, gah da ağac-hasar başından yıxılaraq, qol-qıçını zədələyib. Belə olduqda, valideynlər çıxış yolu kimi adətən idmanı görsə də, Eldənizin ailəsində vəziyyət fərqli olub. Ələlxüsus da anası onun oxumağını istəyib. Lakin təhsil aldığı məktəbin yaxınlığında açılan idman zalı planları dəyişib. Eldəniz yoldaşlarına qoşularaq, sərbəst güləş məşqlərinə qatılıb. Əvvəl ata-anasından bunu gizlədib. Çox keçməyib ki, sonuncu dərslərə nə üçün girmədiyi üzə çıxıb. Anası tərəfindən danlansa da, güləş həvəskarı olan Yamən bəy məşqini izlədikdən sonra gələcəyinin uğurlu olacağına inanıb. Lakin sərbəst güləş məşqləri çox çəkməyib. Heç bir ay keçməmiş, yunan-Roma növünə üz tutub. Qohumu Kamil Fərzəliyevin yanında 8 il klassik güləşin sirlərinə yiyələnən, bu müddətdə dəfələrlə UGİM birinciliklərinin qalibi olan Əzizli, 2007-ci ildə Bakıya gəlib. Həmin ildə baş tutan ilk mötəbər yarışını – yeniyetmələr arasında respublika birinciliyini bürünc mükafatla başa vurub. Bu nəticədən sonra yığma komandanın heyətinə cəlb olunub. Gürcüstan və Türkiyədə keçirilən beynəlxalq turnirlərdəki qalibiyyətlərlə Polşada təşkil olunan Avropa birinciliyində ölkəmizi təmsil etmək hüququ qazanan Eldəniz, rəqiblərinə xal vermədən, qitənin ən güclüsü olub.

Çempionluqlara doymayan gənc

Əzizli 2008 və 2009-cu illərdə də Avropanın bir nömrəsi ünvanını heç kimə güzəştə getmir. 2010-cu ildə gənclər arasında debüt ili olsa da, o, həm Bolqarıstanda baş tutan Avropa, həm də Macarıstanda təşkil olunan dünya birinciliyinin qalibi olur. 2011-ci ildə gənclərin əsas qitə yarışında yenidən fəxri kürsünün ən yüksək pilləsində dayanır. Almaniyada keçirilən böyüklərin Avropa çempionatında isə üçüncü nəticə göstərir. Həmin ilin dekabrında Orxan Əhmədov və Elçin Əliyev kimi titullu pəhləvanları üstələməklə, böyüklərin respublika çempionatının qalibi adını qazanır. Növbəti ildə gənclər arasında Avropa çempionatını buraxsa da, Tailandda baş tutan dünya birinciliyində ikinci çempionluğunu bayram edir. 2013-cü ildə Kazanda təşkil olunan universiadada isə bürünc medalı boynundan asır.

Sükut

2014-cü ildə Dünya Güləş Birliyinin çəki dərəcələrində etdiyi dəyişiklikdən sonra qəhrəmanımızın karyerasında eniş başlayır. Belə ki, Eldənizin çıxış etdiyi ekstra yüngül çəki dərəcəsi əvvəlki kimi 55 deyil, 59 kiloqram müəyyənləşdirilir. Çəkisini qaldırmaqda çətinlik çəkən Əzizli, normalda daha yuxarı çəkiyə malik güləşçilərlə mübarizədə istəyinə çata bilmir. Daxili yarışlarda üzləşdiyi ardıcıl uğursuzluqlar, beynəlxalq turnirlərin qapısını üzünə bağlayır. Əslində, bu, tək Eldənizin üzləşdiyi problem deyil, böyük rəqabət olan 55 kiloqramda çıxış edən əksər “klassiklər”imiz keçid dövründə uğursuzluqla üzləşib.

5 ilin 5 aya sığan “sığorta”sı

Yarış qaydaları və çəki sistemində tez-tez dəyişiklik etməklə ad çıxaran ali güləş qurumu, 2017-ci ildə çəki dərəcələrinə yenidən əl gəzdirir. Say səkkizdən ona qaldırılır, nəticədə, 55 kiloqram da bərpa olunur. Bununla da Eldənizin karyerasında yeni – möhtəşəm dövrün əsası qoyulur. Cari ilin may ayında Dağıstan respublikasının Kaspiysk şəhərində Avropa, oktyabrda isə Macarıstanın paytaxtı Budapeştdə dünya çempionu olan qəhrəmanımız, Azərbaycanın yunan-Roma güləşi tarixində ikinci belə uğura imza atıb. Belə ki, bir ildə hər iki titulu onadək sadəcə, Həsən Əliyev qazanmışdı. Yeri gəlmişkən, hər iki pəhləvanın şəxsi məşqçisi əməkdar məşqçi Vaqif Feyzullayevdir.

Çox güclü, əsl xarakter nümunəsi

Əlindəki ciddi zədəyə rəğmən, final da daxil, dünya çempionatında keçirdiyi beş görüşün dördündə rəqiblərinə bir xal da vermədi. Fiziki cəhətdən çox güclü təsir bağışlayan Eldəniz, həm də olduqca soyuqqanlıdır. Bunun üçün Avropa çempionatının yarımfinal görüşünü xatırlamaq kifayətdir. Belə ki, o, ev sahibi Vasili Topoyevə 0-7 hesabı ilə uduzsa da, sonradan vəziyyəti xeyrinə dəyişməklə, çempionatın ən maraqlı hadisəsini müəyyənləşdirmişdi. Bu, onda əzəldən mövcud olan xüsusiyyətdir. Güləşlə məşğul olduğu 20 ilə yaxın müddət ərzində dəfələrlə belə hal yaşayıb.
“Sərbəst güləşdə uğurlu olmazdım. Elastikliyim bu növün tələblərinə cavab vermir. Qələbələri böyük ölçüdə gücümün hesabına qazanıram. Bu gün məni rəqiblərimdən fərqləndirən əsas cəhət budur” – deyir, Əzizli.

Baş məşqçinin əminliyi

55 kiloqram çəki dərəcəsi Yay Olimpiya Oyunlarının proqramında yer almadığından, növbəti ildən Eldənizi 60 kiloqramda görəcəyik. Özü Avropa çempionatında hazırkı çəkisində çıxış edib, II Avropa oyunları və Qazaxıstanda keçiriləcək lisenziya xarakterli dünya çempionatına 60 kiloqramda hazırlaşmaq istəsə də, baş məşqçi Şaban Donat fərqli düşünür. Türkiyəli çalışdırıcı hesab edir ki, keçid nə qədər tez baş tutsa, o qədər effektli olacaq. Donatın Əzizli barədə düşüncələrini təqdim edirik: “Yaxşı insan olmadan, çempion olmaq mümkün deyil. Bu, mənim fəlsəfəmdir. Odur ki, Eldənizin xarakteri barədə geniş söhbət açmağa gərək yoxdur. Mən inanıram ki, o, 60 kiloqramda da uğurlu olacaq. Fiziki cəhətdən çox güclüdür. Üstəlik, növbəti ildən final proqramında 2 kilo artıq çəki ilə güləşməyə icazə verilməyəcək. Şərtlər 60 kiloqram və digər olimpiya çəkilərində çıxış edən güləşçilərin əksəriyyətinə heç cür sərf etmir. Eldəniz isə çəkisalmada heç bir problem yaşamayacaq deyə, rəqibləri qarşısında önəmli avantaja sahib olacaq. Ümid edirəm ki, o, Tokio olimpiadasında da sözünü deyəcək”.

Kitabsız keçən gün, gün deyil

Mütaliəsi, dünyagörüşü ilə fərqlənir. Dediyinə görə, kitabsız bir günü yoxdur. Hara getsə, özü ilə mütləq kitab götürür. Şəriət qanunlarını rəhbər tutaraq yaşayan Əzizli, dini məzmunlu kitablara üstünlük verir. Bir neçə il hazırlıq keçərək, ərəb dilini də öyrənib. Tarixi kitablarla da arası yaxşıdır. Gərgin məşqlərdən, yarışlardan vaxt tapıb, Şaban Donatın hədiyyə etdiyi 6 cildlik “Osmanlı tarixi”nin 3 cildini bitirib.

Eldəniz deyir ki, bu günədək bütün pis vərdişlərdən uzaq olub. Onun heç əyləncə ilə də arası yoxdur. İki övlad atası olan qəhrəmanımız, vaxtının çoxunu ailəsinə həsr edir.

Çunayevin anasının sevinc göz yaşları…

Yaxın ünsiyyət qurduğu idmançılar yunan-Roma güləşi üzrə dünya çempionu, olimpiya mükafatçısı Rəsul Çunayev və digər komanda yoldaşı, Avropa çempionu Rafiq Hüseynovdur. Hər iki güləşçi ilə ailəvi dostluq münasibətləri var. Bu, o qədər möhkəm tellərə söykənir ki, Çunayev evini dəyişərək, Əzizligilin yaxınlığına köçüb. Eldənizin dediyinə görə, Rəsulun anası, o, çempion olduqdan sonra sevincindən göz yaşlarını saxlaya bilməyib. Belə qənaətə gəlmək olar ki, qəhrəmanımız güləşdə olduğu kimi, dostluqda da nümunəvi insandır.

Futbolda da istedadlı

Peşəkar karyera olaraq futbolu seçməsə də, dost-tanış arasında yaxşı top qovması ilə ad çıxarıb. Rafiq Hüseynov hesab edir ki, futbolu seçsəydi, orada da uğurlu karyera qurardı. İmkan düşdükcə, futbol matçlarını da izləyir. Azarkeşlik etdiyi klublar “Qarabağ”, “Qalatasaray” və “Barselona”dır. Əfsanəvi Ronaldinyo isə milyonlarla futbolsevər kimi, onun da könlündə əbədi taxt qurub. “Katalonlar”a olan sevgisi keçmiş “Real”lı Kriştiano Ronaldoya qarşı münasibətini dəyişməyib. Eldənizin fikrincə, o, idmançı xarakterinə görə, Messidən çox üstündür.

Dayıya layiq oğul

Bugünkü səviyyəyə çatmağında Şahin Diniyevin böyük rol oynadığını, çətin dönəmlərdə həm maddi, həm də mənəvi cəhətdən dəstəyini əsirgəmədiyini deyir. İlk beynəlxalq yarışlara dayısının köməyi ilə gedib. O da öz növbəsində, heç vaxt borclu qalmayıb. Hər dəfə maksimum nəticə ilə Diniyevin üzünü ağ edib.

Portret
“Çətin vəziyyətdən çıxmaq üçün yeganə şansım olsa belə, yenə də yalana əl atmaram. Gözləyib-gözlətmək qədər nifrət etdiyim şey yoxdur. Çağırılan yerə lazım olan vaxtdan xeyli əvvəl hazırlaşıram ki, problem çıxmasın. Çox tənbələm. Kamran Məmmədov, Rafiq Hüseynov və başqa komanda yoldaşlarım məndən daha çox məşq edir”. Bu sözlərdən dürüstlüyü ilə yanaşı, özünütənqid keyfiyyəti də üzə çıxır. Amma “tənbəllik” bir az sərt ifadə oldu elə bil. Hər halda, fikirləşdiyi qədər tənbəl olsaydı, bu gün onu dünya və Avropa çempionu kimi təqdim etməzdik. Fikrimizə Şaban Donat da şərikdir. Bu titullar böyük zəhmətin, eyni zamanda səbrin bəhrəsidir. İllərlə məqamını gözləyən aslan, artıq pusqudan çıxıb. Daha şikarların seçim yeri də yoxdur.
 
Sahib