Dekabrın 10-12-si tarixlərində Tbilisidə “Şərq tərəfdaşlığı” vətəndaş cəmiyyəti Forumunun illik, onuncu Assambleyası keçiriləcək. Virtualaz.org-un daha öncə Brüsseldəki diplomatik mənbələrə istinadən yazdığı kimi, “Şərq tərəfdaşlığı”nın bayrağı altında Tbilisidə keçiriləcək tədbirə Azərbaycan hökumətinin nümayəndələri dəvət olunmayıb. Mənbələrin məlumatına əsasən, rəsmi Bakının iştirakını Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi formatında, özü də müşahidəçi qismində məhdudlaşdırmağa qərar verilib.

Bundan başqa, Assambleyanın yekun bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünün tanınması haqqında maddə yoxdur, halbuki Gürcüstanla Ukraynanın ərazilərinin işğalına hüquqi qiymət verilib.

Virtualaz.org-un məqaləsi böyük rezonans doğurdu. Misal üçün, bu gün Azərbaycan XİN saytımızın sensasion məlumatına reaksiya verib.

XİN-in mətbuat xidmətinin rəhbəri vəzifələrini icra edən Leyla Abdullayeva deyib: “Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumuna Azərbaycanın rəsmi nümayəndələrinin dəvət olunmaması faktı öz təsdiqini taparsa, bu, əlbəttə ki, Şərq Tərəfdaşlığı üçün müsbət hal olmayacaqdır”.

Bu gün “Şərq tərəfdaşlığı” vətəndaş cəmiyyəti Forumu komitəsinin başçısı redaksiyamıza Tbilisidəki Forumun illik Assambleyasının hazırlığı barədə bəyanat yollayıb.

Komitənin bəyanatını diqqətinizə çatdırırıq:

“Kütləvi informasiya vasitələrində, o cümlədən Virtualaz.org, Haqqin.az və Modern.az saytlarında dərc edilmiş, “Şərq tərəfdaşlığı” vətəndaş cəmiyyəti Forumunun illik Assambleyasının qonaqlarının siyahısında və bəyannamənin mətnində ciddi çatışmazlıqların olması barədə tənqidi qeydlərə cavab olaraq qeyd etmək istərdim:

1. İllik Assambleyaya hazırlıq davam edir və tədbirin qonaqlarının siyahısı hələ tam deyil. Rəhbər komitə yalnız vətəndaş cəmiyyətindən deyil, Şərq tərəfdaşlığının iştirakçı ölkələrinin hökumətlərindən də yüksək səviyyəli iştirakçıları salamlamağa şad olardı. Dəvətnamələr hələ ki hazırlanır.

2. 1918-ci ildə bir çox iştirakçı ölkələrimizin müstəqillik bəyannamələrinin 100 illik yubileyinə həsr olunması planlaşdırılan və Assambleyanın təsdiqinə veriləcək qətnamə hələ ki, layihə formasındadır və nümayəndələr düzəlişlər etməlidirlər. Buna görə də, bu mərhələdə sənədin istənilən müzakirəsi tələsikdir. Biz illik Assambleyanın işıqlandırılması üçün dəvət olunmuş kütləvi informasiya vasitələrini sənədin hazırlanmasının başa çatmasını və təsdiq edilməsini gözləməyə və o vaxta qədər şərh etməməyə çağırırıq.

3. Rəhbər komitə təsdiq edir ki, Forum Avropa İttifaqının dəstəyi ilə fəaliyyət göstərən qeyri-hökumət təşklatlarının müstəqil şəbəkəsidir. Forumun rəhbər komitəsi onun bəyanatlarına görə məsuliyyəti tamamilə öz üzərinə götürür və onları Avropa İttifaqının, yaxud onun istənilən qurumunun mövqeyi ilə eyniləşdirmək olmaz”.

Müstəqil.Az