Saday ŞƏKƏRLİ

Yaralarım var..

Gizlimi saçımda dən becərdiyim,
üstəlik min yerdən yaralarım var,
nə qədər dərd əkib, qəm becərdiyim,
şoran tarlalarım, talalarım var.

Yurdumun əzilmiş surəti belə,
dolaşdım qorxusuz qürbəti belə,
çatmasa qapmağa cürəti belə,
hürməyə itlərim, tulalarım var.

Gizləmir dərdləri üzlərdə rübənd,
susdum qaya kimi, yarıldım bənd-bənd,
bir yanda Şuşadı, bir yanda Dərbənd,
gözləri yol çəkən qalalarım var.

Eh, yenə pas atdı qılınclar qında,
kağız xəritələr qaldı yadımda,
Zəngilan, Kəlbəcər, Laçın adında,
arxamca ağlaşan balalarım var…

****

İynə kimi gecələrdə yox oldum,
gözlərimin töküldüyü yerdəyəm,
evimizin yıxıldığı yer hanı,
evimizin tikildiyi yerdəyəm.

Dağlarıydı son ünvanı ahların,
min dərdi var bu gözləri ağların,
ay millətim, bu közlərin, dağların,
sinəmizə çəkildiyi yerdəyəm.

Boğulmadım dəryası, dənizində,
güc tükənməz qollarımda, dizimdə,
ümidlərin torpaqlar bənizində,
cərgə-cərgə əkildiyi yerdəyəm.

Yadıma nə Şuşa düşür, nə Laçın,
nə tapıldı dərdlərimin əlacı,
sallanmışam budağından ağacın,
yarpaqların töküldüyü yerdəyəm.

Tək ölməkdi şir olanın qüdrəti,
bu dəyanət bir ucalıq, türbədi,
gözlərimdə gizləmişəm qürbəti,
nəzərlərin dikildiyi yerdəyəm.

****

Ayrılır içimdən payız küçəsi,
dönür dağ başına uzun qol kimi,
hər yarpaq əl boyda qızıl külçəsi,
bir yol görmədim heç mən bu yol kimi.

Üşənir xəzəllər quş gülüşünə,
əsən qara yellər bir bəhanədi,
xalılar döşəndi şah gəlişinə,
bu nədi, ay payız, bu yarpaq nədi?

Əyilib çiynimə baş qoyur budaq,
çırpıram üstümdən payız qarını,
kəsilmiş əllərə bənzətdim bayaq,
uçan ağcaqayın yarpaqlarını.

Uzanır yolları həsrət dağının,
uzaqdan zəng çalır qədim kilsəsi,
qalsın yaddaşında rus torpağının,
Şəkərli adına payız küçəsi.

Pula sat

Pula sat bu məbədi,
deməsinlər Kəbədi,
buyur, həm Məhəmmədi,
həm İsanı pula sat.

Qaldır öz bayrağını,
üz yerdən ayağını,
bu xalqın dayağını,
hamisini pula sat.

Boylə talan hardadı,
fitnə, yalan hardadı,
tək-tək alan hardadı,
hamısını pula sat.

Utanma öz adından,
qohumundan, yadından,
qızından, arvadından…
namusunu pula sat.

Görmüşəm

Bu torpağın qulduru var, qurdu var,
qorxağın da, qoçağın da görmüşəm,
kimin belə atkeçilməz yurdu var,
boranın da, sazağın da görmüşəm.

Bu yerlərdə kim özgədi, kim qərib,
içimizdə iman saxta, din qərib,
hər diyarda boynubükük min qərib,
yaxının da, uzağın da görmüşəm.

Ayrı dərdi yoxuydumu Kərəmin,
dön başına ha bu yumru kürənin,
namusunu paçalarda görənin,
qana batmış bıçağın da görmüşəm.

Bu namərdin var örtübdü gözünü,
unudubdu arvadını, qızını,
kişilikdən dəm vursa da, özünü,
onun, bunun qucağında görmüşəm.

Nə qatmadıq bu millətin aşına,
düşmən oldu, gavur oldu aşina,
Həcərləri papaq qoymuş başına,
Nəbi kimi qaçağın da görmüşəm.

Sonu bəlli yer gəmirən şahların,
nə suçu var bu gözləri ağların,
gedib-gələn nəfəslərin, ahların,
soyuğun da, sıcağın da görmüşəm.

Seyrana gəl, at yerə tüfəngini,
sal boynuma məhəbbət çələngini,
al yanaqlı gözəllərin rəngini,
ağ güllərin saçağında görmüşəm.

Bu nə ömür, bu necə gün, a millət,
bu nə sapdı, necə düyün, a millət,
qaçqınımın, köçkünümün, a millət,
qurd ulayır ocağında görmüşəm.