Türkiyə Səhiyyə Nazirliyi Azərbaycandan bu ölkəyə üz tutan pasiyent sayı ilə bağlı maraqlı statistika təqdim edib. Məlumata görə, cari ilin ilk altı ayı ərzində Azərbaycandan Türkiyəyə müalicə məqsədi ilə 7800 nəfərə qədər şəxs səfər edib ki, bu da kifayət qədər böyük göstərici hesab edilir.

Bəs vətəndaşlaırmızı müalicə üçün Türkiyə, İran və digər ölkələrə üz tutmasına səbəb nədir?

Moderator.az-a açıqlama verən professor Adil Qeybulla bunun bir sıra səbəbləri olduğunu vurğuladı:

“Hesab edirəm ki, müalicə üçün xaricə axışanlar sırasında məmurlar üstünlük təşkil edir. Türkiyə Səhiyyə Nazirliyinin təqdim etdiyi statistikada da öncə hansı kateqoriyadan olan şəxslərin müalicəyə getdiyini araşdırmaq lazımdır. Türkiyədə tibbi xidmət kənar vətəndaşlar üçün özəldir və onun pulu da adi vətəndaşların cibinə uyğun deyil. Türkiyədə müalicəyə müəyyən maddi imkana malik olan şəxslər gedə bilər. Bunlar məmurlar, iş adamarı və s-dir. Bunların içərisində müəyyən qədər Azərbaycanda aldığı tibbi xidmətdən narazı olan, yaxud bizim səhiyyəmizin imkanlarına inamsız yanaşanlar da ola bilər.

Bu gün insanlarımızın kütləvi axın etdiyi ölkə İrandır. Iranda tibbi xidmət Türkiyədən xeyli ucuzdur. Bu, kasıb əhalinin də imkanına uyğundur.

Dünyanın hər yerində müalicə ilə bağlı axın var. Məsələn, Türkiyədən Almaniyaya, Almaniyadan Amerikaya da belə axın müşahidə edilir. Amma bu axın bizdəki kimi böyük səviyyədə deyil.

Bu ölkələrin hər birində icbari tibbi sığorta var. Səhiyyə yüksək səviyyədədir. Lakin bununla yanaşı, orada da müxtəlif səbəblərdən bəzi şəxslər digər ölkələrə müalicə məqədilə üz tutur. Ancaq qeyd etdiyim kimi, ölkəmizdə bu axın daha yüksək səviyyədədir. Hətta Gürcüstanın özünə də Azərbaycandan xeyli sayda şəxs üz tutur. Bütün bunlar müəyyən narahatlıq doğurur. Hesab edirm ki, icbari tibbi sığorta tətbiq edilsə, bu axının səviyyəsi xeyli dərəcədə aşağı düşər”.