Bu gün Lənkəranda ikinci “Çay, çəltik, sitrus” festivalı keçirilib.

Bu şənbə günü Lənkəran da, lənkəranlılar da  bayram ovqatındadır.Rayonda   Məhsul bayramı-ikinci “Çay, çəltik, sitrus” festivalı  keçirilir.Təbiət də sovqatını əsirgəməyib zəhmət adamlarından- bayramlarını bütün təm-tərağı ilə keçirmək üçün  payızın son günlərində  yağışlı Lənkərana bahar havası müjdə edib. Bu günəşli gündə Məhsul bayramına  -“Çay, şəltik, sitrus festivalı”na  qatılanların hamısını isə  bir istək doğmalaşdırıb, birləşdirib – zəhmətin barını nümayiş etdirmək, əldə edilən  uğurları paylaşmaq,   nemətlərdən  dost payını ayırmaq, əmək adamının sevincinə şərik olmaq!

Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı  ilə  ikinci dəfə keçirilən  “Çay, çəltik,  sitrus festivalı” ümummmilli lider H.Əliiyevin abidəsinin  ziyarəti ilə start götürdü.Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, bölgədən olan millət vəkilləri, xarici ölkələrin respublikamızdakı səfirliklərinin nümayəndələri, tanınmış elm və mədəniyyət xadimləri ulu öndərin abidəsi önünə təzə-tər çiçəklər qoymaqla ehiramlarını bildirdilər, xatirəsini bir daha minnətdarlıqla  yad etdilər.

Qeyd edim ki, H.Əliyev xatirə parkında keçirilən  festivalda  respublikanın hər bölgəsindən , dünyanın bir  çox ölkəsindən qonaqlar təşrif buyurmuşdu.Bu gün gördükləri- yerli məhsullarla bol povilyonlar, rəngarəng  sərgilər, çeşid-çeşid nemətlər, bişmişlər festivala qatılanları  valeh etmişdi. Böyük şövqlə sitrus meyvələrindən,  Lənkəran mətbəxinin bişmişlərindən  dadır, şirniyyatları tərifləyirdilər.Kimliyindən asılı olmayaraq hamıya  ətirli, limonlu Lənkəran çayı təklif edilirdi. Təbiət kimi,  lənkəranlılar da səxavət əllərini geniş açmışdılar bu şənbə günü. Rayonda yetişən, istehsal olunan  bütün nemətlər,  məhsullar açıq ürəklə,könül xoşluğu ilə süfrələrə düzülmüşdü.Bax, dad, fərəhinə fərəh qat.Sizi  bilmirəm,  mənə elə gəlir ki , ən xəbis  xislətli  adam də bu busata sevinməyə bilməzdi!

Çöhrələr təbəsümlü, təəssürat zəngin, ovqat əla.Bu çal çağıra qol götürüb oynayan kim, “Nənələr”in bicar nəğmələrini onlara qoşulub oxuyan kim, unikal talış mətbəxinin naz- nemətlərindən dadan kim.Nə çeşiddə plov, balıq, ləvəngi cücə, kabab istəyirsənsə, süfrədədir, buyur, nuş et…Şah plovun dadı bir yana, ətrindən doymaq olmur.

Bu günkü festivalda hər şey valehedicidir, qururvericidir.Sərgidəki povilyonlarda Lənkəranda istehsal olunan, becərilən məhsullar barədə rayon rəsmisi Taleh Qaraşov fəxri qonaqlara, iştirakçılarlara böyük sevinclə məlumat verir. Lənkəranda çəltikçiliyin  uzun illərdən sonra  yenidən bərpa edildiyini deyən icra başçısı bildirir ki, bu  gün bişirilən plovlar  Lənkəranda yetişdirilən  “Sədri, “Akulə”,  “Haşimi” düyüsündən süzülüb.

Festivalın ən yaddaqalan məqamlarından biri də məhsul bolluğu yaradan əmək adamlarının əməklərinin dəyərləndirilməsi oldu.Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov onların seçilən əmək adamlarına qiymətli hədiyyələr və rayon icra hakimiyyətinin fəxri-fərmanlarını təqdim etdi.

Festival boyunca Lənkərana həsr olunan nəğmələr, şaqraq rəqslər, idmançıların nümunəvi çıxışları bir –birini əvəz etdi.Lənkəran da, lənkəranlılar da özəl, gözəl bir gün yaşadılar.Festivalın isə hələ davamı var.Axşam şəhər mədəniyyət mərkəzində  tanınmış incəsənət ustalarının iştirakı ilə böyük konsert proqramı, sonda isə bayram  atəşfəşanlığı olacaq.

Bayramlarsa bütün fəsillərdə  gözəldir. İnsana könül xoşluğu, sevinc bəxş etdiyinə, həyat sevgisini yüksəltdiyinə görə.Məhsul bayramlarının sevinci isə ikiqatdır.Bu bayramların  həm adı var, həm dadı.Yəqin ki, bu günki festivalın xoş təəsüratı iştirakçıların yaddaşında uzun müddət xoş xatirə kimi qalacaq, elə ağız dadı da.Lənkəran mətbəxinin, cənub qonaqpərvərliyinin  heç yerdə əvəzi yoxdur-deyəcəklərinə də  əminəm.  Festivala qatıla bilməyənlərsə,   çox şey itirdilər…Amma , çalışın növbəti festival fürsətini  qaçırmayın-Lənkəran növbəti ildə də “Çay, şəltik, sitrus “ festivalına ev sahibliyi edəcək!İnşallah!

Esmira İsmayılova-Lənkəran.

FOTOLAR: