Müstəqil.Az gənc,istedadlı şairə Arzu Rüstəmin yeni şeirlərini təqdim edir:

 

Bir az əllərin ümidli…
Bir az dərdini unudasan…
Bir az gözlərini aldadıb başqa səmtə baxasan…
Gəldiyin yolu unudasan,getdiyin yeri unudasan…Çəkdiyin acılar səni üzə…sən dərdini unudasan…
Bir az eşqə dalasan…kasıbın bir milyon dollar sevgisi kimi…əllərin Allahdan asılı qala…
Zivədə günlərlə yaddan çıxıb qalmış ağ köynəyin kimi….
bəxtinə ipəzor olasan…
Bəlkə kimsə də səndən asıla….
Gülüşünü ehsan edəsən…
Üçünü….
Yeddisini….
Qırxını….
Lap belə ilini verəsən bu ağrıların….
Keyləşdirə səni bir xoş baxış…
Dilənçinin pula baxdığı kimi…
Baxasan onun üzünə….
Sarılasan yalanına
Doğrusuna…
Düzünə …
Gözünə hətta…
Səpəsən muncuq dənəsi kimi onunla bir yaşadığın günləri…..
Bu gecənin dan üžünə….

 

DONURAM
Pəncərəmi açım bəlkə…
Otağım hava istəyir…
Kürəyim yaman ağrıyır,
Əlimlə dava istəyir…
Ciyərimdən mesaj gəlib
Nəfəsimin xoş vaxtına…
Siqaretdən can umuram,
Külqabının boş vaxtına…
Gözdən itirir dalanı,
Küçədə küçə adamlar.
Kirpiyimin kölgəsində,
Dönürlər heçə adamlar…
Əllərin qayçı günüdur…
Qazımı kim kəsib görən,
Çaydanda çayım üşüdür.
Buza dönür,mənəm deyən…
Uzaq düşüb o çağlar da,
Köz istəyir ocaqlar da.
Bahadir boş qucaqlar da,
Donuram daş divar kimi…

QAR YAĞDI

…Kəndimizə qar yağdı dedilər…
Üşütdüm ikimizin yerinə…
Başı ağ örpəyə bürünmüş komamızın yerinə…
Təzə bar ağaclarımızın yerinə
Donmuş otaqlarımızın…
soyuq yatağımızın yerinə…
Pəncərədən yoluna baxan xəyal gözlərimin yerinə…
üşütdüm sənin yerinə…
Kəndimizə qar yağdı dedilər…
Sonra kədərləndim…
axı əvvəlində sevinmişdim…
Yağdı…
sənsiz ikinci qar yağdı…
sənsiz ikinci qış qapımda!
İndi nə mən o yuvadayıq
nə sən o yuvada…
darıxıb…
bizsiz yağan o yağış da, o qar da!
Kəndimizə qar yağdı, dedilər…
Ruhum üşütdü bizsiz qalan boş ünvanda…