Təranə FAZİLQIZI
 Həyatımın uşaqlıq illəri yaddaşımda müxtəlif  formada qalmaqdadır. Uşaq idik, bacım heç məktəbə də getmirdi. Hər ikimizin sevimli əyləncəsi vardı. Böyüyəndə  kim olacağımızı oyunlarımızda gercəkləşdirib yaşadırdıq. Bacım dəftər vərəqlərini kəsib kassir, satıcı rolunu oynar, mənsə əlimə taxta parçası, oxlov götürüb onu mikrafon kimi bacı -qardaşlarıma tərəf  tutardım. Guya ki, müsahibə alıram. Ağzıma gələni danışar, hər kəsi danışdırar, güldürərdim. O zaman ağlıma da gəlməzdi ki, vaxt gələcək mən də Azərbaycan radiosunun əməkdaşı olacam…
Mətbəxdə  balaca bir radiomuz vardı. Səhər açılan kimi nənəm radionun səsin çoxaldıb xəbərləri dinləyər, gah da musiqili verlişlərdən feyziyab olardı. Mənim yaddaşıma daha çox həkk olunan  muğamlar  və Güney  Azərbaycan haqqında olan  verilişlər idi.  Bütün uşaqlar kimi mən də həyət-bacadan yığışmazdım. Lakin vaxtaşırı qulağımı alan bu verilişlər məndən xəbərsiz qəlbimə süzülürdü. Beləcə aylar, illər ötdükcə  radionun  sehri məni ağuşuna alırdı. Artıq efirdə səslənən verilişlərin, diktorların adlarını əzbər bilirdim. Böyüklərin gözündən uzaq olanda radio qəbuledicinin düyməsini sağa-sola fırladıb istədyim dalğanı tapardım. Ordan gələn səs uşaq qəlbimi ovsunlayardı:
Danışır Bakı!…
Tale elə gətirdi ki, mən tələbəlik illərindən Azərbaycan radiosunda işə başladım. İllər sürətlə bir-birini əvəz elədi. İyirmi bir il  Mehdi Hüseyn küçəsi ilə üzüyuxarı addımlayıb Azərbaycan Televiziyası və Radiosunun binasına gedib-gəldim.  Ötən illərdə çoxları kimi mən də sevimli iş yerimdən ixtisara düşdüm. İnandırıcı olmasa da, otaqdan əşylarımı yığışdırıb tərk edəndə  heç bir qəlb sızıltım, kədərim yox idi. Bəlkə də buna hazır idim. Yalnız ətrafımda olan dostlarımın qüssəsi məni incidirdi. Taleyimin bu dönüşünü  Tanrının  hikməti  kimi qəbul edirdim…
Bu gün Radiodakı dostlarımla vaxt azlığından gec görüşsək də, onların mehribanlığı, səmimiyyəti artıb ki, azalmıyıb. Bu çox qürurverici bir hissdi. Radioda qazandığım dostlar söz yox ki, illərin süzgəcindən gəlib keçib. Uzun illər əsl ailə mehribanlığını, xeyir işlərin sevincini, ölənlərin kədərini birgə yaşamışıq. Ailələrimiz bir-birini tanıyıb, uşaqlarımız göz qarşısında böyüyüb, boy atıb. Birimiz xəstələnəndə hamımız onun qayğısıına qalmışıq. İş həyatımda gərgin günlərim, aylarım da olub. Lakin qismətimə yazılan tale o çətin anları yaşayıb adlamaqda mənə kömək olub.
Bəlkə də illər bizi belə doğmalaşdırıb, bilmirəm. Yox niyə, aramızda satqını, paxılı, ev yıxanı da olub. Biz birlikdə onlardan daha güclü olmuşuq. Hər gün  radionun qapısından içəri keçəndə fəxr edib, qürur duymuşam, elə bil bu qapıdan ilk dəfədi keçirəm.
 Gəncliyimizin  ürkək, enişli-yoxuşlu gözəl xatirələri bu idarə ilə bağlıdı. Bu hissləri qəlbimizdən, düşüncəmizdən istəsək də, silib ata bilmərik. Radio günü ərəfəsində  illər uzunu bu idarədə işləyən, zəhməti olan, hal-hazırda müəyyən səbəblərdən ayrı düşən bütün dostlarıma üzümü tutub deyirəm: Bayramınız mübarək !!!