Zəhmli və vahiməli nənə

 Təranə FAZİLQIZI 

(Hekayə)

Uşaqlıq illərim sadə bir ailədə keçib. Atam yumuşaq təbiətli, anam  üzüyola və qonaqpərvər bir qadın idi. Tünd xasiyyətli nənəm isə nəinki biz uşaqları, ata-anamı da hakimiyyətində saxlayan, daim ibadətdə, inanclara bağlı olan biri olub. O dövrdə  əksər ailələr rus dilli olduğundan, uşaqlar ateist ruhda böyüyüb tərbiyə alırdılar. Bizim ailədə bu hiss olunmurdu. Nənəmin, atamın namaz qılıb, oruc tutması adi hal idi. Bəzən biz kiçiklər Ramazan bayramında oruc tutur, guya heç nə yeməyib, mətbəxdə oğrun yeməyə girişər, sonra da əməllərimizə gülərdik. Yəqin ki, uşaqlığımıza görə, böyüklər  əməllərimizə göz yumardılar.  Ailədə  dörd  uşaq  idik.  Böyük qardaşım  Xalıqın adını  nənəm İranda yaşayan, sonralar itgin düşmüş  qardaşının adına  xitabən qoymuşdu. O, ovqatının təlx olduğu vaxtlarda  oxuduğu  bayatılar, hədislərlə qardaşını yad edıb, ağlayar, Xalıqı sinəsinə sıxıb əzizləyərdi. Xalıqdan kiçik olan biz kiçiklər isə xalça-palaz üstdə  bardaş qurub, nənəmin söhbətlərinə maraqla qulaq asardıq. Bəzən də,  namaz vaxtı hamıdan çox şuluqluq edən ərköyün qardaşımın əvəzinə mən çubuqla cəzalanardım.  Qardaşım ailənin əziz- xələfi,  mən  isə, avam və ağlağanın biri  idim.

Nənəmin  zəhmli  çöhrəsi, icəri  batmış iri gözləri vardı. Arıqlıqdanmı, ya nədənsə gözlərinin dərinliyi məni qorxudurdu. Əlləri, damarları çıxmış şirmayı  barmaqları İran xınasından əksik olmazdı. Qocalıqdan yığılmış kürəyi  yumağa dönsə də, yerişi  iti idi.  Baxışı  ötkəm,  səsi amiranə  nənəm  nəinki  biz  uşaqları, hətta anamı da vahiməyə salardı. Təmizkarlığı  həddini keçən nənəm, ifrat  vasvası, az qala, evdə olan bütün  qab-qaşığı  pak etməyi, qüsul verməyi  ilə qonşular arasında ad çıxartmışdı. Yolda qarşıdan keçən  pişik,  yaxud  “tək səbir”  onu  hövsələdən  çıxardardı.  Bütün bu əlamətləri uğursuzluq  sayar, belə hallarda gedəcəyi yeri təxirə salardı. Ona oğrun-oğrun baxar, gözündə yaxşı görünməyə çalışsam da, alınmırdı. Əsəbi vaxtlarında daimi oturduğu kresloda mütəkkələrə yayxanıb təsbehini şaqqıldadardı.  Nənəmin  əksər  çarşabları tünd rəngli idi. Əda  ilə  çarşab örtməyi bir başqa aləm idi. Bir yerə gedəndə biz dəhlizə yığışıb onu yola salardıq. Gözümüz  həmişə onun tünd yaşıl, dama-dama düyünçəli  atlas boğçasında olardı. Bu iri boğçanı cümə günü hamama gedəndə özüylə götürərdi. Həmin gün  hamımız onun qulluğunda durar, dediklərini can-başla yerinə yetirməyə çalışardıq. O, gəlin və nəvələrinə gözucu baxıb dua edər, sonra, sağollaşardı. Günaşırı  çox sevdiyi  bibimgilə gedərdi.  Anam arxasınca  su atmalı,  cani dildən  “yaxşı yol” deməliydi. Qayıdanda isə, biz qızlar çarşabını alıb,  səliqəylə qatlamalı, pürrəngi cayını, süfrəsini hazırlamalıydıq.

Geydiyi tünd rəngli güllü  paltarların  cibindən nanəli konfet əskik olmazdı. Əksər dişləri olmadığından konfeti damağıyla sındırıb xımır-xımır yeyərdi.  Ovqatının xoş vaxtında   bizə   bir-bir  konfet paylamağı  da vardı.

Nərd oynamaqda  mahir olan nənəm evimizə gələn qonaqları əvvəll nərddə pas edər, sonra aldığı zövqdən məmnun  halda söhbətə başlardı. Nənəmin bir şakəri də vardı ki, giley-güzar edəndə atamla rus dilində danışar, bizi nigaran qoyardı.  Belədə,  atam  uşaqlar  kimi  farağat dayanıb, başını tərpədər,  sonra da  məzəmmətli  baxışlarını bizə yönəldərdi.  Bu məqamlarda səhv etdiyimizi bilərdik.  Nadir hallarda nənəmlə bir yana gedəndə, qonum-qonşuların ehtiramla salamlaşmasından  sevinər, uşaq ağlımla bundan fəxr duyardum. Böyüklərin  onu görən kimi ayağa  durması, hal-əhval tutması məndə qəribə təəccüb doğurardı.  O, elçiliyə gedər, dava-dalaşı yoluna qoyar, qan düşmənçiliyi olanları barışdırardı. Hamı sözünə qulaq asırdı. Fikirləşirdim ki,  qonşular  ya nənəmdən qorxur, ya da ona  hədsiz hörmət edirlər…

İsti yay günlərindən biri idi. Nənəmi qonaq aparacaqdılar. Günortadan yığışıb  hazırlaşmış, biz də qapı ağzında dayanmışdıq. Gözlərimizin sevinci üzumuzə həkk olunmasın deyə, ciddi görkəm almışdıq.  Özümüzü  evdə  tək qalmaqdan üzüləcəkmiş kimi göstərsək də, nənəmin getməsi  bizim üçün toy-bayram idi. Nənəm evdə olmayanda o qədər atılıb düşürdük ki, anam bezirdi.

“Elə yaxşı ki, nənəniz var. Yoxsa, siz mənim başıma oyun açarsız”-deyə söylənərdi.

O gün nənəmi yola salandan sonra, anam mətbəxə, biz balacalar isə, onun otağına cumduq.  Qardaşımın fitvasına uyaraq əvvəlcə  nənəmin şifonerinə baş vurduq. Qorxudan ürəyimiz  ağzımıza gəlsə də, rəfləri ələk-vələk elədik. Birdən rəngli parçaların altında qırmızı onluqlar gözümüzə sataşdı. İlk dəfəydi ki, bu qədər pul görürdük.  Onları götürüb bir müddət əlimizdə oynatdıq. Pulların  xışıltısı bizə xoş gəlirdi, iki  onluq  götürüb oğrunca həyətə qaçdıq.

– Uzağa getməyin- dalımızca anamın səsi eşidildi.

Ay, hay!  Gözümüzə ana görünürdümü? Özümüzü yaxınlıqdakı univermağa  saldıq. İçəri girən kimi  canımızı  qorxu aldı. Dala qayıtmaq, pulu yerinə qoymaq istəsək də,  Xalıq  təkidlə dedi:

– Bacı, dəlisən, görmürsən nənə qocadı, o pulların sayını hardan bilir axı? Gör, onda nə qədərdi. Heç bizə konfet, oyuncaq da almırlar. Gəl, gəl, qorxma! İndi sənə gəlincik, saqqız,  konfet  alacam.

Qardaşımın  7-8, mənim 6 yaşım ancaq  olardı. Mənə elə gəldi ki, univermaqda hamı bizim  pul oğurladığımızı bilir.  Sakitcə satıcı qıza yaxınlaşdıq.  Xalıq  iki onluqdan birini çıxarıb  şəstlə qıza uzatdı. Qız sınayıcı nəzərlərlə bizə və pula baxıb soruşdu:

– Bu pulu hardan və kimdən oğurlamısız?

Mən həyəcandan ağlasam da, qardaşımın ötkəm səsi məni sakitləşdirdi.

-Biz oğru deyilik. Nənəmin puludu, verdi ki, xərcləyək.

Qardaşım inamlı danışsa da, elə bil qız  bizdən şübhələnmişdi. Sadəcə, əhmiyyət verməyib  kağız torbaya çoxlu oyuncaqlar  qoydu. Biz başqa vitrindən xətkeş, pozan, rəngli karandaşlar, bir sözlə əlimizə nə keçdi almışdıq. Bu azmış kimi  iyirmiyə yaxın dondurmanı kağız torbalara doldurduqdan sonra, evə tərəf götürüldük. Həyəcandan bilmirdik əlimizdəkiləri  necə, hara aparaq. Qərara aldıq ki, aldığımız oyuncaqları, şirniyyatı həyətdəki  uşaqlara paylayaq. Küçəmizə qayıdanda artıq sərin düşmüş, meh əsməyə başlamışdı. Həyətə gələn kimi səs-küy düşdü. Oyuncaqlar, karandaşlar, dondurmalar,  üstdə qiyamət düşdü,  uşaqlar bir-birini qırdı. Səs-küyə, dava-dalaşa binanın  pəncərələri bir-bir, iki-bir açılmağa başladı. Hər şey bir andaca hamıya məlum oldu…

Anamın bizi  evə salmağıyla,  möhkəm silləyə “qonaq eləməyi” bir oldu. Biz ağlayır, günahımızı bir-birimizin üstünə yıxırdıq. Yazıq anam həyəcandan gah dizinə, gah başına vururdu. Onun həyəcanı bizi də qorxudurdu. Birdən qapının zəngi çalındı. Gələn nənəm idi. Ev ölü sükuta qərq oldu. Salamlaşıb hərə bir tərəfə dağılışdı…

Nənəmin qəzəbli qışqırtısı ikimizi də özümüz bilmədən onun otağına atdı. Anam günahkar  kimi  nəyisə izah edir, göz yaşı tökürdü. Anamın həyəcanından,  nənəmin qəzəbli  baxışından uşaq fəhmiylə  pis iş tutduğumuzu bilirdik.

Nənəm qonaq otağına keçib bizi səslədi.

Hər ikimiz əllərimiz arxada, başımızı aşağı salıb onun bir addımlığında dayandıq. Həyəcanlı anlar yaşayırdıq. Təsbehini şaqqıltı ilə  əlində oynatması  onun əsəbindən xəbər verirdi. Nənəmin bizə zillənən baxışları, onun  mühüm bir qərar qəbul edəcəyini söyləyirdi. Nəhayət, o, üzücü saniyələrdən sonra qışqıraraq dedi:

– Siz  Allahın əmrinə zidd gedərək çox pis iş görmüsüz, – oğurluq etmisiz. Buna görə cəzalanacaqsız. Bayaqdan təsbehimi çevirir, Tanrının mələklərindən xəbər gözləyirəm. Budur, nəhayət ki, xəbər gəldi. Hər ikinizin başı ananın mürəbbə bişirdiyi tasda kəsiləcək. Ölümdən qabaq qüsullanın, kəlməşəhadətinizi oxuyun. Tez olun, vaxtımız azdı. Cəhənnəm sizi gözləyir.

Bizim vay-şivənlə ağlamağımız, qışqırmağımız, nənəmin ayaqlarına düşüb üzr istəməyimiz uşaq qəlbi üçün dəhşətli sınaq idi. Anamdan imdad diləsək də, yazıq qorxusundan bir kənara çəkilib göz yaşı tökürdü. Bizdən balaca bacı və qardaşım qorxudan  anamın ayaqlarına  sığınıb ağlayırdılar. Səs-küyə qonşu Buxara xala gəldi. O, məsələdən hali olub nənəmə yalvarır, bizə imdad diləyirdi.   Lakin cəllad qədər qəddar nənəm sözündən dönmürdü ki, dönmürdü. Biz hamamda dəstəmaz alıb, qüsul verdik. Sonra, evin ortasında dayanaraq əllərimizi açıb ağlaya-ağlaya kəlməşəhadəti oxuduq. Nənəm  amansızcasına hər ikimizin qollarını kəndirlə bağladı. Ayaq üstə ölmüşdük. Rəngimiz ağarmış, bədənimiz buzlaşmış halda başımızı tasa qoyduq. İmdadla anamıza baxırdıq. O ağlayır, bir söz demədən nənəmə yalvarıcı tərzdə baxırdı. Özümüzü cəhənnəmin astanasında görürdük. Təsadüf, ya nə idisə,  tas da, bıçaq da qan rəngində idi. Nənəm əlinə iri bıçağı alıb yəqin ki, küt tərəfdən hər ikimizin boynuna sürtdü və sərt səslə dedi:

Dayanın, ağlamayın, kəsin səsinizi! Allahdan mənə indicə səda gəldi ki, sizi bu dəfə bağışlayım. Əgər bir də oğurluq etsəniz, onda….

İkimiz də çoxdan ölmüşdük. Mən bayılmış halda, gözüyaşlı anamın ayaqlarına tərəf süründüm…

O hadisədə mən həyəcan, qorxu daha çox keçirmişdim deyə, qızdırmam düşmürdü. Buna görə atam bizi  çıldağa aparmalı olmuşdu. Sonralar qonşular bu əhvalatı danışanda  kiçiklər  halımıza acıyar,  böyüklər  nənəmin  qəddarlığından  bir daha  heyrətlənərdilər…

 

 

 

mersin escort