Prezidentin qızı kitab təqdimatında – FOTOLAR

Bu dünyanın əzəli, əbədi savaşçıları filosoflardır. Qəlbimizin şəhərlərini, kəndlərini yağıların istilasından məhz onlar qoruyur, düşüncə azadlığımızın sonsuzluğunu təmin edirlər. Onların tükənməyən mübarizəsinə qoşulanların öz üzərindəki qələbəsi mütləqdir. Tanrı qüdrətindən qidalanan seçilmişlər ən müqəddəs missiyanı daşıyırlar. Üzlərinə zillənən hər cüt gözü nurlandırıb, gəldiklərinə qayıdırlar. Başqa qabığa bürünüb dönənədəksə yerə səpələdikləri işıq dünyanı isidir…

Oktyabrın 17-də, gözəl bir gündə böyük ədib Maqsud İbrahimbəyovun İçərişəhərdəki Ev Muzeyində Heydər Hüseynov adlı günəşin eşqinə qəlblər bir döyündü.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilən tədbirdə professor Fəridə Səfiyevanın sovet dövrü Azərbaycan fəlsəfəsinin banisi Heydər Hüseynovun həyat və yaradıcılığına həsr etdiyi “Bir ömrün iziylə” kitabının təqdimatı baş tutdu.

Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, kitab Azərbaycan sovet fəlsəfə tarixinin qurucusu, Azərbaycan SSR Elmlər Akademiyasının ilk vitse-prezidentlərindən olmuş akademik Heydər Hüseynovun həyat və yaradıcılığından bəhs edir. 1935-1950-ci illərdə Azərbaycan elminin başında duran alimin həyatının faciəli sonluğuna gətirən hadisələr və səbəblər ilk dəfə açıqlanır.

Nadir arxiv sənədləri, akademikin həmkarlarının, tələbələrinin, ailə üzvlərinin xatirələri əsasında qələmə alınan kitabda bu günə qədər ictimaiyyətə məlum olmayan bir çox məqamlara aydınlıq gətirilir. Kitabda Heydər Hüseynovun biblioqrafiyası, şəxsi arxivində olan sənədlərin siyahısı, onların fotoşəkli, ailə fotoalbomu yer alıb.

Tədbiri ön sözlə açan yazıçı dramaturq Aqşin Babayev dahi filosofun ağır ömür yolundan bəhs edərək, zamanın tələblərinə baş əyməyən Heydər Hüseynovu fəlsəfə elminin cəngavəri adlandırdı. Böyük şəxsiyyətin elmi fəaliyyətini, həyat düyünlərini işıqlandırdığı üçün kitabın müəllifi Fəridə xanıma təşəkkürünü bildirdi.

Daha sonra Bakı Dövlət Universitetinin sosiologiya kafedrasının müdiri, professor, fəlsəfə elmləri doktoru, kitabın elmi redaktoru İzzət Rüstəmov Heydər Hüseynovun 42 illik qısa ömrünə qərinələrə bəs edən dərin yaradıcılıq sığdırdığını bildirdi. Həmçinin, kitabın elmi redaktoru olmaqdan böyük qürur duyduğunu vurğuladı. Alim onu da bildirdi ki, ən çətin dövrlərdə dahi filosofun əziz xatirəsini Vətənə, xalqa yenidən qaytaran da ulu öndərimiz Heydər Əliyev olub. İzzət Rüstəmov Heydər Hüseynovu fəlsəfə elminin Napoleonu adlandıraraq, ən ağır iztirablara sinə gərdiyini qeyd etdi: “Bu kitabı qiymətli edən həm də odur ki, Fəridə xanım Heydər Hüseynovun şəxsi arxivindən də istifadə edə bilib. Biz kitabda SSRİ Elmlər Akademiyasının müxbir üzvü, böyük alim Yevgeni Eduardoviç Bertelsin Heydər Hüseynova yazdığı məktublarla tanış oluruq. Məktubdakı üslüb, nəzakət onun Heydər Hüseynova necə böyük dəyər verdiyini ortaya qoyur. Daha sonra böyük alimimizin məşhur rus-sovet yazıçısı Faadeyevlə münasibətlərindən bəhs olunur. O dövrdə Şeyx Şamilin müsbət obrazını yaratmaq böyük hadisə idi. Heydər Hüseynov Şeyx Şamilə həsr etdiyi kitabı Faadeyevə göndərir. Yazıçı bu əsərdən çox təsirlənir və Heydər Hüseynovun kitabını Stalin mükafatına təqdim edir. O zaman bir alimin respublika rəhbərliyinin iradəsindən kənar Moskvayadək gedib çıxması Mircəfər Bağırovu çox qəzəbləndirir və böyük alimin faciəsinin başlanğıcı olur…”

Mərasimdə həmçinin, Heydər Hüseynovun məsləkdaşı, yaxın dostu, dəyərli alim Məmməd Arif Dadaşzadənin nəvəsi, əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə də babasının və böyük filosofun daim Mircəfər Bağırovun təqibinə məruz qaldığını qəlb ağrısı ilə vurğuladı. Zümrüd xanım Heydər Hüseynovun mərhum qızı Leyla xanımın kövrək xatirəsini dilə gətirdi: “Leyla xanım danışırdı ki, atama qarşı qurulmuş iclasda Məmməd Arif yaxın dostunu tənqid atəşinə tutmamışdı. Buna görə Mircəfər Bağırov Məmməd Arifə: “Sən Hüseynovdan da betər türk “şpion”usan” demişdi. Artıq hər iki alim partiyanın da, vətənin də xaini sayılırdılar. Atam hər gün Məmməd Arifin ev telefonuna zəng çalır, onun səsini eşidib dəstəyi asırdı. Danışıqlar dinlənildiyi üçün bir kəlmə də kəsmirdi. Lakin həyatda olduğu üçün Allaha şükür edirdi”.

Təqdimat mərasimində filologiya üzrə fəlsəfə doktoru, “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva çıxış etdi.

Sona xanım bildirdi ki, Fəridə Səfiyevanın kitabı mahiyyətcə mənsur şeirə, poemaya bənzəyir: “Bu baxımdan böyük mütəfəkkirin də, övladlarının da ruhu şaddır. Fəridə xanım bu kitabı araya-ərsəyə gətirməklə böyük iş görüb, fədakarlıq göstərib. Əminliklə deyirəm ki, Ruhlar bu xidmətin, bu fədakarlığın qarşılığını verir. Fəridə Səfiyevanın bundan sonrakı elmi fəaliyyət, yaradıcılıq yolunu Heydər Hüseynovun böyük Ruhu işıqlandıracaq”.

S.Vəliyeva qeyd etdi ki, kitab sanballı bir dərs vəsaiti kimi də diqqətəlayiqdir: “İnanıram ki, gələcək nəsillər bu kitabdan geniş şəkildə bəhrələnə biləcəklər”.

Kitabdakı fotoşəkilləri də, tarixi sənədləri də zəngin mədəni irs adlandıran S. Vəliyeva çıxışını Atatürkün sözləri ilə tamamladı: “Milli fəlsəfəsi olmayan xalq məhvə məhkumdur”.

O vurğuladı ki, Heydər Hüseynov kimi alimlərimiz, filosoflarımız olduqca vətənimiz daim yüksələcək.

Əməkdar jurnalist Flora Xəlilzadə, fəlsəfə elmləri doktoru Arzu Hacıyeva da haqsız hücumların nəticəsi olaraq ümidsizcə intihar edən dahi filosofun qəlblərdə əbədi çıraq yandırdığını bildirdilər. Qeyd edildi ki, əslində bu, intihar yox, öz dostlarını, məsləkdaşlarını, dəyərli elm adamlarını qorumaq üçün özünü könüllü qurban etmək idi…

Sonda kitabın müəllifi Fəridə Səfiyeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva başda olmaqla, tədbirdə iştirak edən bütün qonaqlara minnətdarlığını bildirdi. Heydər Hüseynovun böyük yazıçımız Mircəlal Paşayevlə də yaxın dostluq əlaqələrinin olduğunu vurğuladı. Leyla xanım Əliyevanı isə genetik kodlarla babalarından aldığı missiya ilə misilsiz xeyirxahlığına, xalqımızın dahilərini, böyük övladlarını unudulmağa qoymadığına görə təqdir etdiyini bildirdi.

Həmçinin, tədbirdə iştirak edən millət vəkili Səməd Seyidova tarixi materialların araşdırılmasında göstərdiyi dəstək üçün təşəkkür etdi.

Tədbirin doğma qonağı, filosofun adını daşıyan, həmçinin, onunla eyni amal uğrunda çalışan nəvəsi Heydər Aslanov da babasının əziz xatırəsinin yad edildiyindən məmnunluğunu ifadə edib, iştirakçılara minnətdarlığı bildirdi: “3 xanıma xüsusi minnətdarlığım var. Onlardan biri Fəridə Səfiyevadır ki, Heydər Hüseynovun həyatını kitablaşdırdı. Biri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevadır ki, bu kitabın araya-ərsəyə gəlməsinə dəstək verdi və bu tədbirin keçirilməsinin təşəbbüsçüsü oldu. Üçüncüsü isə böyük yazıçı Maqsud İbrahimbəyovun həyat yoldaşı Anna İbrahimbəyovadır ki, evinin qapılarını bu tədbir üçün açdı…”

Tədbir çay süfrəsi ətrafında toplaşan qonaqların acılı-şirinli, təlatümlü sənət söhbətləri ilə davam etdi.

Leyla Sarabi,

Foto: Səfiyar Məcnun

mersin escort