Azərbaycanın yeni tarixində mühüm hadisələrdən biri Heydər Əliyev məktəbinin ən istedadlı yetirməsi, görkəmli dövlət xadimi cənab İlham Əliyevin 2003-cü ildə Azərbaycan Prezidenti seçilməsidir. Həmin vaxtdan 15 il keçir və Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İcra Katibinin müavini Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni dinamika gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb: “Çünki, onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının prezidenti olmaq onun həyat fəlsəfəsidir. Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əhalinin rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli, insanların müasir təhsil və səhiyyə xidmətləri ilə təmin olunması istiqamətində ardıcıl addımlar atılır. Son 15 ildə ölkədə minlərlə məktəb binası tikilib və ya yenidən qurulub, geniş bazaya malik təhsil infrastrukturu yaradılıb, dörd mindən çox məktəb kompüter avadanlığı ilə təmin edilib. Ölkədə səhiyyə islahatları da uğurla reallaşır. Bu gün təkcə paytaxtda deyil, bölgələrdə də müasir və ən qabaqcıl tibb avadanlığı ilə təchiz olunmuş müalicə-diaqnostika mərkəzləri, xəstəxanalar tikilib, mövcud səhiyyə ocaqları əsaslı şəkildə yenidən qurulub, bölgə sakinləri birbaşa yerlərdə müalicə olunmaq imkanı qazanıb”.

Siyavuş Novruzovun fikrincə, təsadüfü deyil ki, ötən dövr ərzində məhz dövlət başçımızın düşünülmüş və uzaqgörən siyasəti nəticəsində ölkə iqtisadiyyatı sürətli və dinamik inkişaf dövrünə qədəm qoydu: “Yaxşı xatırlayırıq ki, İlham Əliyev ilk dəfə prezident seçiləndə ölkədə 600 min yeni iş yerinin yaradılacağını vəd etmişdi. Onda bu rəqəm bəzilərinə xəyal kimi görünürdü. İllər keçdi xəyal hesab edilənlər reallığa çevrildi. Ötən 15 ildə Azərbaycanda 1 milyon 900 mindən çox yeni iş yeri yaradıldı. Bu və digər addımların nəticəsi olaraq yoxsulluq 50 faizdən 5 faizə düşdü. Dünyada ən sürətli templərlə inkişaf edən Azərbaycanın iqtisadiyyatı 3,2 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artdı. Ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyuldu. Kosmik ölkəyə çevrilən Azərbaycan 2018-ci ildə artıq üçüncü süni peykini orbitə buraxdı”.

Deputat qeyd edib ki, Müharibə şəraitində yaşayan, torpaqları işğal altında olan ölkə üçün ordu quruculuğu həyati əhəmiyyətə malik məsələlərdən biridir: “Bunu nəzərə alan Prezident, Ali Baş Komandan İlham Əliyev hakimiyyətinin ilk illərindən müasir silahlarla təchiz olunan, yüksək döyüş qabiliyyətinə malik ordu yaradılması istiqamətində davamlı və qətiyyətli iş aparır. Bu gün Azərbaycanda dünya miqyasında ən güclü ordulardan biri formalaşıb və bu ordu işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdir. Azərbaycan Ordusu öz gücünü və döyüş qabiliyyətini 2016-cı ilin aprelində həm düşmənə, həm də dünyaya nümayiş etdirdi. Azərbaycan tarixinə zəfər səhifələrindən biri kimi daxil olmuş aprel döyüşlərində qəhrəman ordumuz Ermənistanın təxribatına cavab olaraq keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, habelə, daha sonrakı mərhələdə Naxçıvanın Günnüt kəndi ətrafındakı yüksəklikləri və ümumilikdə minlərlə hektardan çox torpağı işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ aldı. Bu döyüşlərin ən mühüm yekunu Lələtəpə yüksəkliyinin azad olunması və bununla da Cocuq Mərcanlı təhlükəsizliyinin təmin edilməsi oldu. Prezidentin sərəncamına əsasən Cocuq Mərcanlıda qısa müddətdə yeni qəsəbə salındı və ilk mərhələdə oraya 60 ailə köçürüldü. Bu hadisə “Böyük qayıdış”ın başlanğıcı kimi qiymətləndirilir”.

Komitə sədri hesab edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşıb: “Bu, ölkəmizin gələcək inkişafının qarantı sayıla bilən modern Azərbaycan dövlətinin tərəqqi modelidir. Günümüzün bu reallığı beynəlxalq siyasətçilər, ekspertlər tərəfindən də təsdiqlənir və bir daha aydın olur ki, Azərbaycanda həyata keçirilən siyasətin alternativi yoxdur və xalq-iqtidar birliyi uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə geniş imkanlar açır”.