AŞPA-nın payız sessiyası çərçivəsində Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Xorvatiyanın Baş nazirinin müavini və xarici və Avropa işləri üzrə nazir Mariya Buriç komitənin son dövrdəki fəaliyyəti ilə bağlı məlumat verdikdən sonra parlamentarilərin suallarını cavablandırıb. Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropa Şurası Nazirlər Komitəsinin sədrinə yazılı sualla müraciət edib.

Müstəqil.Az xəbər verir ki, müraciətdə deyilir: 1992-ci ilin Helsinki sənədi münaqişə tərəfləri olaraq Ermənistanı və Azərbaycanı qəbul edib və bu formula Minsk prosesinin də əsasını təşkil edir. Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları rəsmən təsdiqlənmiş beynəlxalq sənədlərdə bu münaqişədəki maraqlı tərəflər kimi tanınır. Lakin Ermənistanın indiki rəhbəri sanki bütün bunlardan guya xəbərsiz kimi bəyan edib ki, onun Azərbaycanla danışıqlar aparmağa heç bir hüquqi və mənəvi haqqı yoxdur, çünki Ermənistan münaqişə tərəfi deyil. O, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 5 rayonunu da Dağlıq Qarabağın ərazisi adlandırıb.

Rafael Hüseynov Nazirlər Komitəsinin sədrinə belə bir sual verib: “Nikol Paşinyanın həm beynəlxalq hüquq normalarına, həm də elementar məntiqə zidd olan, danışıqlar prosesinə zərbə vuran aqressiv, təxribatçı və qeyri-adekvat bəyanatları və davranışlarının yaratdığı təhlükənin qarşısını almaq üçün səlahiyyətləriniz çərçivəsində hansı addımların atılmasını mümkün hesab edirsiniz?”.

Nazirlər Komitəsi sədrinin azərbaycanlı deputata cavabında bildirilir: “Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri ilə bilavasitə ATƏT-in Minsk qrupu məşğul olur. Avropa Şurası Nazirlər Komitəsi bu məsələni daim diqqət mərkəzində saxlayır, danışıqlar prosesinin gedişini izləyir, münaqişənin sülh yolu ilə həlli istiqamətində Avropa Şurasının qarşısında duran öhdəliklər çərçivəsində mümkün səylərini əsirgəmir. Tərəflərdən heç biri danışıqlar prosesinə zərər vuran addımlar atmamalı, belə cəhdlərdən çəkinməlidir”.

Müstəqil.Az