XƏYAL,  bəs sonra?!.

Təranə FAZİLQIZI   

(Esse) 

Zülmət zamana hakimlik edir.

Yaxınlaşan ayaq səslərinin və saçlarına dəyən mehin insana aid olduğunu güman etsə də, gözlərini açmağa qorxur. Göz qapaqları ağırlıqdan pudluq daşlar kimi sallanıb. Uzaqdan itlər canavar kimi ulaşır. Vahimədən  ayaqlarını  qarnına yığıb  yumaq kimi bükülür.  Qulağına dəyən  səs onu haylayır. Səsin kimə məxsusluğunu ayrıd etməyə çalışsa da, alınmır. Səs itir, yerini  kölgə tutur.  Ayağa durub kölgənin dalınca düşür. Çönüb arxaya baxır, yatmış  vücudunu  yerində  görüb  çaşır…

Vücuduna  hopan  işıq seli onu dartıb aparır. Dinməz-soyləməz qoşa gedirlər. Qayaların, təpələrin üstündən uçurlar. Hər tərəf yaşıl çəməndir. Uca  dağların əhatəsində,  mağaraya oxşar  qayanın yanında dayanıblar. Ətrafa baxır, bu zaman işıq  seli əriyib  yox olur.  Mağaradan gələn nəm hava onu çəkir. Maraq  güc gəlir, içəri girir. Bir addımlıqda dayanıb baxır. İlanlar ətrafda qaynaşır. Qorxmadan irəli yeriyir. Qəribədi,  ilanların qoxusu olur?  O, bu qoxunu açıq-aydın hiss edir.  Qara xallı ilan  ayaqlarına  sürünərək  belinə sarmaşıq   tək sarınır.     Qıvrılaraq üstündə gəzən  ilanın  soyuqluğu  vücuduna  məstlik verir. İlan haçalı dilini çıxarıb aşiq tək gözlərinin içinə baxır. Bu baxışlardan hərarət, sevgi  axır  içinə. Qoxusu  doğma olsa da, xatırlaya bilmir.

Dayan, dayan, ola bilməz. İnsanla  ilan?   Yox!  Bu mümkün deyil!   Birdən özünə gəlib qorxur, qışqırmaq  istəsə də,  səsi çıxmır.  İlan insan kimi dil açıb:

– Vəfasız  mələyim!  Sevgin  bu imiş demək.  Tez unutdun  məni, ay etibarsız.  İllər öncə, mən qəzaya tuş gələndə  elə bilirdim, bu sənə dərd olacaq. Yoxluğumdan əzab çəkib, gül kimi solacaqsan, bir kimsəni sevmədən, keçən günlərimizə pənah aparacaqsan.  Əhdinə  dönük  olanım,  elə  baxma  mənə. Sənsiz  keçən günlərim  dərd-ələm imış, bunu duymalıydın, hiss etməliydin. Sən mənsiz qalsan da, mən qala bilmədim. Səni ikinci  dəfə  itirmək fikrində deyiləm!..

Danışmaq istəsə də, dili tutulub, vahimədən gözləri bərəlib.  Qollarını  sıxan  ağrıdan azad olmaq istəsə də, alınmır. Çarəsiz axan göz yaşlarını  ilan  gülümsəyərək  haçalı  diliylə silir. O,  düşdüyü halətdən, az qala  bihuş olur. Qızın vücudunun  sıxıldığını  görən  ilan  boşalır.  Bir anda tərəddüd  etmədən ilanın boğazından tutub onu boğmağa çalışır. Boş havanı yarır. Bir də, bir də əl atır,  lakin,  əbəs yerə özünü yorur…

Nə qədər cəhd etsə də,  heç nə olmur. Yorğunluqdan qolları sustalır. Heysiz qollarını biləkdən ovuşdurur və ayılır. Xəyalla  gerçəkliyin olmadığı bir nöqtədədi. Bu nədir?  O,  yatmışdı?!  Yəqin ki…

Mətbəx masasına qollarını dayaqlayıb  yatdığından  qanı vücudunda donub. Ayağa durur, gəzişir. Ayaqları qıc olub. Bir nöqtədə  dayanıb gördüyü yuxunu xatırlamağa  çalışır. Yadına düşmür. Beynini nə qədər didib-dağıtsa da, faydası yoxdu. Vucuduna dolan  narahatlıqdan əsəbləşir. Dayan, dayan,  deyəsən yadına düşdü axı!  İşıq seli  və  göydə quş kimi qanad  açıb  pərvazlanan  cismi…

Bəs sonra?!.

 

 

 

 

mersin escort