Almaz BƏYAZİD

Əziz Əhməd Hamdi Tanpınar! Siz “kökü bende bir sarmaşık olmuş dünya sezmekteyim” demişsiniz. Mən də özümü bu sarmaşığın bir yarpağı sandım. Və sizə bir yarpaq məktub yazmaq keçdi könlümdən. Bu zaman göy üzü tutkun, buludlar ağlamaq istəyirmiş kimi kövrəkdir.

Budur, artıq yağış damcıları muncuq kimi pəncərəmə toxunaraq nələrsə pıçıldayır. Mən yağışın dilini bilmədiyimə təəssüflənirəm.

Siz zaman və məkanınızı dəyişdiyinizdə mən bir yaşındaydım. Sizin bu dünyadakı yaşam sürənizə yaxın yaşdayam indi. Bu təsadüfün anlamsız olmadığı inancındayam. Mənə görə həyat daha çox təsadüflərlə yaşanmaqdadır. Çocuqkən çox böyük sandığım dünyanın böyüdükcə beynimə yerləşə biləcək qədər kiçik olduğunu anladım. Dünyada insanların çoxaldığını bildikcə onların tənha qaldıqlarının fərqinə vardım.

Sizin sevib-seçdiyiniz ədəbiyyat mənim də həyatımın mənasına çevrildi. Mənə görə ədəbiyyat zamanın və məkanın anlamlandırdığı yerdir. Lakin ədəbiyyatdakı zaman və məkan başqa dəyərlər, başqa anlamlar, ayrı ölçülər daşımaqdadır mənə görə.

Nə içindəyəm zamanın
Nə də büsbütün dışında

Misralarınızı oxuduqca, bu fikirlərimi bir də xatırladım. Sizinlə ədəbiyyata aid zamanı duya, yaşaya bildiyim üçün mutluluq duydum.

Tanış olduğum əsərlərinizdən sizə insanın iç dünyası ilə bizi dövrələyən yaşam arasındakı bağ, bənzərlik maraqlıdır deyə anladım. “Asıl seyahet imkanlarını senetkarlarımıza, bize kendimize ve dünyaya tanıdacaq olanlara vermeliyiz. Çünki asıl yaşatacak olan sanattır” – yazmışsınız. Bu sanatın ən önəmli olanlarından biri ədəbiyyatdır, məncə.

Bəli, bizi dövrələyən bir sürü şeyi də insan yaradıb. Amma insanın iç dünyası büsbütün dışarıya yansımayıb. İnsanın özündə saxladığı o qədər şey var ki… Ədəbiyyat o gizlinlərlə məşğuldur.

Bəzən incəsənət, ədəbiyyatla bağlı düşüncələrim olur. Romanlar üzərinə çəkilmiş filmlərdə, teatrlarda oynanan  xarakterləri canlandıran aktyorlar belə gerçək həyatda yaratdıqları qəhrəmanlar  qədər qorxmaz, vicdanlı, vəfalı ola bilmirsə, o zaman incəsənət kimə və nəyə xidmət edir? Tamaşaçılar bir az  uzaqdadırlar, heç olmazsa, aktyorlar qəhrəmanlara bənzəsinlər…

Ədəbiyyat həyatdır, həyat ədəbiyyat deyil. Həyat ədəbiyyat ola bilsəydi…

Həyatı, insanı araşdıran hər yazar xəyallara yaxınlaşır. Sizə “röya şairi” dedilər. Xəyallarımızın, arzularımızın tablosudur röyalarımız. Beynimizin görünməyən tərəfınə güzgü tutub baxmaqdır röya görmək. Röyalarda zaman və məkan başqa cür yaşanır. Eyni  ədəbiyyatdakı kimi. O zaman ədəbiyyət yazarın yön verdiyi röya deyilmi?..

Əziz Əhməd Tapınar! Biz sizinlə eyni dünyanı, eyni röyanı bölüşürük. O üzdən eyni düşüncə sahibiyik. İndi burda mən də sizdən bir parça daşıyıram. O zaman orda, mən doğulmadan siz məndən bir parçaya sahib idiniz.

“Rabb onlara: – Yolunuz açık olsun, diyordu. Hayrın və şerin, hazzın və iztirabın, aşkın və ölümün bahçeleri sizindir. Sizi kendi süretimce yarattım. Size arzu bahş etdim. …Ayı və Yıldızları ve Güneşi bahşettim. Sizi hayatın ve ölümün efendisi yaptım…”

“Adəmlə Həvva” hekayənizi oxuduqca düşündüm: Rabbim bu sözləri hansı dildə söylədi? Nədən insanlar Rabbin dilində danışmadı? O, bizi bir-birimizdən yaratdığı halda Yer üzündə minlərlə dil, yüzlərlə ölkə, milyonlarla adət nəyə gərəkmiş? Eyni Ulduzlara, Aya, Günəşə baxdığımız halda sərhədlər, qadağalar nədəndir?

Yer üzü Vətən olsaydı müharibələr olmazdı. Bizim bir vətən seçməmiz lazımdı. Bəlkə vətənimiz ədəbiyyat olsun?

Eynşteyn qızına yazdığı məktubda bəlkə də planetimizi məhv edən nifrəti, eqoizmi və acgözlüyü yox edəcək qədər güclü alət-sevgi bombası hazırlamağa hazır deyilik deyirdi.

Nə zamansa kainata atılacaq sevgi bombasının hazırlanmasında ədəbiyyatın qocaman payı olacağına ümid edirəm.  O an gəldiyində zamanın içində və dışında olmayan,

Mavi masmavi bir işıq
Ortasında üzməkdəyəm –

deyən Əhməd Hamdi Tanpınarın yaratdığı sevgi qığılcımı nəhəng işığa dönəcək. O an mən

Nə içindəyəm zamanın
Nə də büsbütün dışında 

söylədiyiniz sözlərə bənzər
Məndə sığar iki cahan
Mən bu cahana sığmazam

misraları ilə yeni zaman və məkan yaradan Nəsimini də görəcəm.

Selam olsun bizdən güzel dünyaya
Bahçelerde hala güller açarmı?
Selam olsun sonsuz güneşe, aya

Salamlaşdığınız dünyaya qarşı sonsuz sevgi duyduğunuzu duyuram misralarınızda. Yalnız dünyanı sevənlər onu bu qədər gözəl görə, haqqında bəhs edə bilərlər;

“Denizin iki manzarası beni çıldırtırdı. Biri bu kayaların sahile bakan yerinde sabah ve akşam saatlerinde durğun denizin işiğıyla, dipteki taş ve yosunlarla aldığı manzara, biri de öğle saatlerinde  güneş vuran suyun elmas bir havuz gibi genişlenmesi”.

Bu mənzərə bu gün, burda mənim də ruhumu oxşaya bildiyindən, insan hisslərinin zaman və məkanla dəyişmədiyini anlayıram. Dünənin zövqünü, keçmişin həzzini mənə yaşatdığınız üçün minnətdaram.

“Antalyalı Qıza” yazdığınız məktubda  “Kerkükdə damlarda yatarken yıldızların dalğa-dalğa vücudunuza ve ruhunuza dolduğunu” yazırsınız.

Bu təsvirlər mənə indi düşmənlərdə əsir qalmış Qarabağı xatırlatdı. Hər yay ana nənəmlə getdiyim kəndimizdə gecələr damda yatarkən dərin göylər, ulduzlar mənə çox sehrli görünür, həyata, yaşama aid cavablar axtara-axtara xəyallar qururdum. O xəyallar sonradan hekayələrimə ayaq açdı.

Ən böyük sevgi yarın bildiyin insana olan sevgidir mənə görə. Mən sizin bu sevginizin izinə düşərkən Mahpeyker Sultana yazdığınız məktubla rastlaşdım.

“Heyhat ki, o gece güneş ve ay ile bütün yıldızlar ve on sekiz bin alemde o kadar parıltılı günler, aylar ve yıldızlar varken, ben fakire, ben hakire, ben karıncaya bu devlet naıl nasip oldu ve zayıflar zayıfı karınca iken nice Süleyman oldum diye sevincimin aşırılığından yatağımda sevinc delisi olupsaatlerle çırpınırdım”.

Eşq dediğin nədir ki
Hissdən nəfəsdən varlıq.
Umudsuzluq içində
Qaranlığa son işıq

Gözlərmizi qapadıqda görə bildiyimiz yeganə şey işıqdır.

“İnsan insana hangi derdini anlata bilir? Yıldızlar bir-biriyle konuşa bilir, insan insanla konuşmaz” yazmışsınız.

İzninizlə, sizinlə razılaşmayım. İndi burda sizinlə dərtləşmirik də, nə edirik?..

Əziz, Əhməd Hamdi Tanpınar, mən məktubumu bitirmək üzrəyəm. Masamdan “Sahnenin Dışındakiler” kitabınızın üz qapağında Bakının İçərişəhərini xatırladan bir İstanbul küçəsi rəsmi ilə mənə tərəf boylanır. Açıb bu sətirləri oxuyuram:

“Akdeniz güneşi, yumşak berraklık denizin tehlikeli varlığını bile çok uysal bir tanrı yapan güneş bu küçük kasabada bütün hayatımızın mimarıydı. Onunla yatar, onunla kalkardık. Her şeyin derinliklerine o uzandığı için ölüm bile acı manasını kaybederdi”.

“Bazı kapıların bize kapalı görünməsi, önündə değil, arkasında durduğumuz içindir” sözlərinizə qarşılıq mən böyük Türk ədəbiyyatının ünlü yazarı Əhməd Hamdi Tanpınarın dünyaya açılmış ədəbiyyat qapısının önünə keçərək dünyanı, həyatı, insanlığı, zaman və məkanı seyr etmək imkanını əldə etdim deyə yazıram.

Bu məktubun sizə çatacağına, mənə cavab göndərəcəyinizə inanıram. Ölüm ayrılıq deyil. Başqa cür var olmaqdı. Görüşəcəyimiz yer olacaq. Dəyişmiş görkəmlərimiz, itmiş yaddaşlarımız imkan verməyəcək bir-birimizi tanıyaq bəlkə. Eyni sevgi, hiss və duyğularımızla həmən doğmalaşacayıq amma.

23 Haziran sizin və nəvəm Bəyazidin doğum tarixidir. Sizə yazdığım məktubun zamanı isə doğum günümlə üst-üstə düşüb. Zamanların belə denk gəlməsi növbəti maraqlı yaşam düzəni, təsadüfüdü mənim için.

Sizin “içində geniş hayatın davetini duyurdum” sözləriniz yazılan kitabınızı dünyaya dəvətnamə tək sol əlimlə köksümə sıxıram, sağ əlimlə məktubuma son nöqtəni qoyuram və özümü dünyanın dəyərli qonaqlarından biri kimi hiss edib məmnunluq yaşayıram.

6 Mart 2018