Vətən, sənsiz  üşüyürəm – Hüseyn SÖZLÜNÜN yeni şeirləri

Yaşadım

Bu dünyanın yalanını, düzünü,

Bir-birindən seçə-seçə, yaşadım.

Tufanlar adladım, boranlar keçdim

Od-alovdan keçə-keçə yaşadım.

 

Yer qalmadı, gəzib gördüm hər yanı,

Misralarım oldu bunun bəyanı.

Sayğılarla saydım məni sayanı,

İldən-ilə köçə-köçə yaşadım.

 

Mənlə dostluq eləmədi zamana,

Əminlikdən məni saldı gümana.

Ürəyimdə yer qoymadım yalana,

Yalanları biçə-biçə yaşadım.

 

Bir dəfə Arazın üstünə gəldim,

Xalqıma çəkilən dağları gördüm.

Gözümdən həsrətin yaşını sildim,

Bu nisgili içə-içə yaşadım.

 

Ötəni, keçəni hey yada saldım,
Elin dərdlərini qələmə aldım.

Sözlüyəm, sözümə mən sadiq qaldım,

Siz deyin, dostlarım, necə yaşadım?

Ovqat

 

Cürbəcürdü insanların baxışı,

Bir ömür pis keçir, bir ömür yaxşı.

Çalış ki, ömrünə düz vur naxışı,

Kim deyir boş olan ovqata köklən?

 

Köklən şirinlərdən şirin arzuya,

Köklən ki, qış qarın gələ yaz yuya.

Elə çal,  qoy mizrab vura, saz uya,

Həmişə xoş olan övqata köklən.

 

Əzəldən sirlidir bu dünya belə,

Fəsillər də ovqat gətirər ilə.

Sözlü, fikir vermə bəxtə, taleyə,

Sairə tuş olan ovqata köklən.

Elə ki seyrinə çıxdım bu səhər

 

Elə ki seyrinə çıxdım bu səhər,

Görüb məni, güldü üzü dağların.

Heyran etdi gözəl mənzərəsiylə,

Yaşıl yamacları, düzü dağların.

 

Çoban sürüsünü yayar düzünə,

Dumanı niqab tək çəkər üzünə.

Ayna bulaqları sıxıb köksünə,

Qurtarmaq bilməyir sözü dağların.

 

Gün doğar, sis gedər, duman çəkilər,

Sabahın dan yeri həmən sökülər.

Şəlalə nəğmə tək axıb tökülər,

Sevincdən nəmlənər gözü dağların.

 

Ayağı xınalı kəklik səslənər,

Yamacında qoyun, quzu bəslənər.

Yağmuruna düşən hər kəs islanar,

Yağışda yuyunar üzü dağların.

 

Lalələr boyanı çəkər dodağa,

Belə gözəlliyə canım sadağa.

Xoşgəldin eləyər gələn qonağa,

Manqalın  üstündə közü dağların.

 

Payız şehi dərələri nəm eylər,

Haylı-küylü məclisləri kəm eylər.

Ellər köçər, xiffət çəkər, qəm eylər,

Gözləyər Sözlünü özü dağların.

 

Vətən, sənsiz  üşüyürəm

 

Həsrət hopur sözlərimə,

Vətən, sənsiz  üşüyürəm.

Duman çökür gözlərimə,

Vətən, sənsiz  üşüyürəm.

 

Saçlarımda qəmin dəndi,

Bilən bilir bu nədəndi.

Vətən sözü isidəndi,

Vətən, sənsiz  üşüyürəm.

 

Adın mənə qanad verir,

Dözüm verir, inad verir.

Hər ocağın min od verir,

Vətən, sənsiz  üşüyürəm.

Məni çəkib Araz üstə gətirir

İllərin həsrəti, illərin qəmi,

Məni çəkib Araz üstə gətirir.

Qəlbimin yanğısı, gözümün nəmi,

Məni çəkib Araz üstə gətirir.

 

Günahı görürük günahsız çayda,

Qardaş o taydadı, bacı bu tayda,

Həsrətin, nisgilin çoxluğu sayda,

Məni çəkib Araz üstə gətirir.

 

Arazım sinəmə çəkilən dağım,

Ayrı-ayrı yanır iki çırağım.

Culfada ikiyə bölünmüş bağım,

Məni çəkib Araz üstə gətirir.

 

Həyat  özü çox yaşadıb sərtləri,

Həsrət uddu neçə-neçə mərdləri.

Taleyimin şimal, cənub qütbləri

Məni çəkib Araz üstə gətirir.

 

Döyünür sinəmdə arzuyla ürək,

Neçə ki bitməyib qəlbimdə dilək.

O taydan salamlar gətirən külək

Məni çəkib Araz üstə gətirir.

 

Bir millətin ayrı-ayrı gəzməyi,
Bu həsrətə illər ilə dözməyi.

Yazarların başqa dildə yazmağı

Məni çəkib Araz üstə gətirir.

 

Artıq zaman keçib, dövran o deyil,

Nə vaxt oyanacaq birliyə meyl?

Demək üçün sözlərimi bu şeir

Məni çəkib Araz üstə gətirir.

Yurda sarı

Ürəyim sözümə  baxmır,

Qanım donur, qanım axmır.

Can verirəm, canım çıxmır

Döndər məni yurda sarı.

 

Qalammıram qərib eldə,

Vətənnim titrəyir dildə.

Axıdaraq çoşan seldə

Göndər məni yurda sarı.

 

Kəfənsizəm, yox kəfənim,

Kəfənim saçımda dənim.

Başqa qibləm yoxdur mənim,

Döndər məni yurda sarı,

Göndər məni yurda sarı.

 

 

Cavanlıq …

 

Allahın əvəzsiz nazı, neməti

Şərəfdi, şöhrətdi, şandı cavanlıq.

Qədrini gec bildim, yoxmuş qiyməti,

Sən demə yaşanan andı cavanlıq.

 

Günəş tək nurunu saldı cahana,

Gəlib çatanacan bugünkü  ana.

O meydan oxudu hər bir zamana,

Yüz ömür yaşasan, xandı cavanlıq.

 

Verilmişdi mənə şirin pay kimi,

Axdı bulaq kimi, daşdı çay kimi.

Gündüz günəş kimi, gecə ay kimi,

Ömür yollarında yandı cavanlıq.

 

Hər şeyin bir ilki, bir də var sonu,

Tutub da saxlamaq mümkünsüz onu.

Sözlü, gəlib çatdı qocalıq anı,

Alışdı cavanlıq, söndü cavanlıq.

Sına

 

Yaxşı günlərində dost deyənləri,

Pulu çoxalanda, varında sına.

Çox döşünə döyüb öyünənləri,

Namusda, qeyrətdə, arında sına.

 

Səhrada bir kol da bağam deyər mən,

Qaralar bəzənib ağam deyər mən.

Bir az hündür təpə dağam deyər mən,

Sən dağı, zirvəni qarında sına.

 

Alçağı ucadan nadan seçəmməz,

Bulağın suyunu qanqal içəmməz.

Yaxşı dost dostundan heç vaxt keçəmməz,

Sözlü, dostlarını, dar gündə sına.

Nə olar

 Hay salıram, mən səni tapammıram,
Bu harayın səsi-ünü nə olur?
Yol-iz bağlı, nə də dil tapammıram,
Baxıram ki, görüm yönü nə olur?

 

Ay ürəyim, günahlar var səndə də,
Qəm daşıdın, dərd yürütdün sinədə.
Yüz ölçürəm, bir biçirəm yenə də,
Nə geydirim, görən donu nə olur?

 

Ruhum ayazıyıb, ruhum olub kəm,
Könül açmır nə dünənim, nə bu dəm.
Daha mənimki də keçib səbirdən,
Gərək dözüm, görüm sonu nə olur?

Ürəyimin özün çək

Rəssam qardaş, kötür kətan, fırçanı,

Bax sinəmə, alovun çək, közün çək.

Canlandırma surətimi, neynirsən?

Yar bağrımı, ürəyimin özün çək.

 

Göstər neçə arzu verib baş-başa,

Göstər neçə arzu toxunub daşa.

Arzular baxmayır  zamana, yaşa

Sən orada nə görürsən, düzün çək.

 

Demə şair haqsızlıqdan yorular,

Demə şair hər kəlmədən qırılar.

Yazan qəlbi dözümlərdən yoğrular,

İçimdə var qatar-qatar dözüm, çək!

 

Səssizcə çək, xəyallarını qırma,

Sual verib, suallarınla yorma.

Bəzi məqamları gəl ondan sorma,

Bu cahana yol tapmamış sözün çək.

 

Çək ona çəkilən çal-çarpaz dağı,

Çək qaranı qara, ağ isə ağı.

Yaşadığı ömür, gördüyü çağı,

Bu Sözlünün, həyatdakı izin çək.

Eyləmə

 Arı cicəkdən bal alar,

Yanaq lalədən xal alar.

Gözlərin süzmə, can alar,

Gözləri cəllad eyləmə.

 

Qəlbimi tən böləcəyəm,

Nə edim ki, beləcəyəm.

Çıxıb getsən, öləcəyəm,

İzləri cəllad eyləmə.

 

Nazı-qəmzən həddindən çox,

Nə olar, gəl Allahdan qorx!

Bu Sözlüyə deyərək “yox”,

Sözləri cəllad eyləmə.

 

Aşikara deyəmmirəm

Məni eşqə salan pərim,

Divanəyəm, yox xəbərin.

Tərənnüm edir qələmim,
Aşikara deyəmmirəm.

 

Görməyəndə ahımdasan

Gecələri yuxumdasan.

Uzaqda yox, yaxındasan,

Aşikara deyəmmirəm.

 

Həsrətinlə yaşaram mən,

Üz döndərsən çaşaram mən.

Kaş ki, ansan işarəmdən,

Aşikara deyəmmirəm.

 

Bu sevginin qədəri nə?

Qurban olum qədərinə.

Pünhan düşürsən şeirmə,

Aşikara deyəmmirəm.

Həyat sevgidir

 

Məhəbbət dərindi dəryalar qədər,

Mənə bu dəryadan bir zərrə yetər.

Sevməyən könüldə yurd salar kədər,

Gəl, sevib sevilək, həyat sevgidir.

 

Sevib sevildinsə, güləcək üzün,

Laləyə bürünər çəmənin, düzün.

Sevən aşiq kimi qalacaq izin,

Gəl, sevib sevilək, həyat sevgidir.

 

Anaya sevgi var, qardaşa sevgi,

Ataya, bacıya, sirdaşa sevgi.

Doğulcaq verilir birbaşa sevgi,

Gəl, sevib sevilək, həyat sevgidir.

 

Yaşadım ömrümü sevə-sevə mən,

Sevdim, bu Sözlüdən uzaqlaşdı qəm.

İnsana xoşbəxtlık gələr sevgidən,

Gəl, sevib sevilək, həyat, sevgidir!

 

 

                 Özün bil 

 

Ay daş ürək, mənim qəlbim daş deyil,

Ay boş ürək, mənim qəlbim boş deyil.

Altmış, yetmiş sevən üçün yaş deyil,

Yaşa görə sevmirsənsə, özün bil!

 

Yadına sal, o səfalı çağları,

Bu qədər unutmaz sevən yar yarı!

Saçlarıma illər səpib ağ qarı,

Başa görə sevmirsənsə, özün bil!

 

Sözlü deyər, dedikləri  əsildi,

Eşq yolunda sinəsindən kəsildi.

Deməginən sevgi fəsil-fəsildi

Qışa görə sevmirsənsə, özün bil.

 

Sevgi 

Ömrün payızında, ya baharında,

Tapsa səni, demə yalandı sevgi.

Bir qəlbi götürüb öz axarında

Sağalmaz dərdlərə salandı sevgi.

 

Üzürsən  duyğunun, hissin selində,

Lal olur, bir kəlmə kəsmir dilin də.

İxtiyarın qalır özgə əlində,

Səni öz-özündən alandı sevgi.

 

Sözlü, məhəbbətdən çox yazılıb, çox,

Sevgi bu dünyanı fırladan bir ox.

Sevməyənçün onun bir mənası yox,

Yalnız sevənlərə əyandı sevgi.

 

               Yaşadım

 

Bu dünyanın yalanını, düzünü,

Bir-birindən seçə-seçə, yaşadım.

Tufanlar adladım, boranlar keçdim

Od-alovdan keçə-keçə yaşadım.

 

Yer qalmadı, gəzib gördüm hər yanı,

Misralarım oldu bunun bəyanı.

Sayğılarla saydım məni sayanı,

İldən-ilə köçə-köçə yaşadım.

 

Mənlə dostluq eləmədi zamana,

Əminlikdən məni saldı gümana.

Ürəyimdə yer qoymadım yalana,

Yalanları biçə-biçə yaşadım.

 

Bir dəfə Arazın üstünə gəldim,

Xalqıma çəkilən dağları gördüm.

Gözümdən həsrətin yaşını sildim,

Bu nisgili içə-içə yaşadım.

 

Ötəni, keçəni hey yada saldım,
Elin dərdlərini qələmə aldım.

Sözlüyəm, sözümə mən sadiq qaldım,

Siz deyin, dostlarım, necə yaşadım?

 

 

 

 

 

 

 

 

 

mersin escort