Müstəql. az tanlnmış şair Arzu NEHRƏMLİNİN yeni şeirini təqdim edir

“Şeir oxuyun, ürəyimi misra misra əridən şeir.
Kəndimə gəlmişəm… tutar-tutmaz arzularımın, acılı-şirinli xatirələrimin məskəni kəndimə, uşaqlığıma bələnən həyətimizə… Elə uşaqlaşıram ki buralarda…”

Arzu Nehrəmli

Kəndim

Kəndim, gəldim, bas bağrına,
Bas ki, bağrı yumşaq olum.
Meh göndər ki, saçlarıma,
Dönüm bir dəm uşaq olum.

Bir vaxt vardı, dünən, sabah,
Yer də, göy də mənim idi.
Kölgəsinə sığındığım
O söyüd də mənim idi.

Kimin nəyi- nəsi varsa,
Çəkib şələ-şüləsinə,
Bal dadan tut ağacları
Acığını şirəsinə.

Küsən küsüb, gedən gedib,
Soyuq keçir toyun, yasın.
Kəndim, doğmalar yerinə,
Gəl bağrıma səni basım.

Qarşılamır anam məni,
Uşaq dostum Şəkər də yox.
Ürəyimdən çıxıb gedən,
Ürəyimə köçən də yox.

Nə həvəslə küçə-küçə
Gəzim səni oğrun-oğrun.
“Xəndək” məhləsi divardan
Boylanmırsa igid oğlun.

Azalıbdır səsin-küyün,
Soyuyubdur divar-daşlar.
Sərçələr şıltaqlıq etmir,
Sükutdadır alabaşlar.

Hanı qardaş, hanı dədəm?
Xəbər də yox filankəsdən.
Mənə baxıb qaynar kəndim,
Sən də düşmə gəl həvəsdən.

Hansı qapıya ərk etdim,
Bağlı gəldilər ağlıma.
Açıq saxla ha qapını,
Barı, kəndim, sən bağlama.

Məni səndən eyləyənim,
Sənə yaman bağlanıbdır.
Dönüb dilsiz daş heykələ,
Yolun üstdə dayanıbdır.

Köhnə kəndim, ətəyində
Gəzər qızın yorğun-yorğun.
Daş heykəlin sinəsində,
Gəlləm çıxar yorğunluğum.