“Dayanıqlı inkişaf elm-təhsil olmadan mümkün deyil”.

 

 

15 sentyabr bilik günü münasibətilə peşəkar, vicdanlı, yüksək intelektə malik və fədakar  müəllimlərimizi təbrik edir, bu məsuliyyətli və şərəfli vəzifələrində onlara uğurlar, can sağlığı arzulayıram.

 

Hər bir toplum yalnız savadlı cəmiyyəti, inkişaf etmiş elmi ilə qürur duya bilər. Yüksək peşəkarlığa, intelektual bacarığa, mədəni dəyərlərə malik şəxslərin mövcud olduğu cəmiyyətlə irəli getmək, uğurlara nail olmaq, ölkəni tanıtmaq mümkündür. Bu baxımdan müasir dövrün insanı üçün elmsiz cəmiyyəti təsəvvür etmək mümkünsüz görünür.

Sual olunur nədən görəsən dünyanın inkişaf etmiş dövlətlərində elmə-təhsilə bu qədər çox önəm verilir və vəsait sərf olunur? Nədən təhsil dövlət üçün prioritet təşkil edir?

Bəli bu gün dünyanın siyasi xəritəsinə diqqət yetirsək bunu açıq aşkar görmuş olarıq. Belə ki, inkişaf etmiş dövlətlərin güclənməsində, iqtisadi, hərbi, mədəni yüksəlişində elmin-təhsilin payı böyük üstünlüyə malikdir. Əldə edilmiş bu inkişafın əsası kimi qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqi ilə bağlıdır. Bunun üçün prioritet istiqamət ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir. İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir.

Ölkənin dayanıqlı və davamlı inkişafını, rəqabətqabiliyyətli və müxtəlif çeşidli məhsul ixracını təmin etmək məqsədilə inkişaf etmiş dövlətlər elm-təhsilə yüksələn xətt üzrə ardıcıl olaraq investisiya qoyurlar. Həmin ölkələrdə dövlət büdcəsinin 15-20%-ə qədəri elmin-təhsilin inkişafına, elmi tədqiqatların aparılmasına, bu sahədə çalışanların sosial təminatının yüksəldilməsinə yönəldilir.

Şübhəsiz ki, elm-təhsilə yönəldilmiş investisiya bir qədər gec nəticə verə bilir. Bu hal bir çox hallarda “bəzi” investorları çəkindirir. Yalnız inkişaf etmiş cəmiyyətlərdə uzaqgörən, müasir innovativ təfəkkürə malik  investorlar uzaq perspektivləri düzgün dəyərləndirməyi bacarır və bu sahəyə ən böyük məbləğdə vəsait qoymağa can atırlar. Çünki hər bir iqtisadi sahənin elmə-təhsilə əsaslanmadan irəliyə aparılması imkansız görünür.  Əksər hallarda peşəkar, yüksək bacarığa malik insanların çəmləşdiyi holdinq, firmalar, şirkətlər daha uzun müddətə fəaliyyət göstərməyə, rəqabət aparmağa  müvəffəq olurlar.

İnkişaf etmiş dövlətlərin təcrübəsini əsas tutaraq Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında göstərilmişdir ki, şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməlidir. Belə ki, təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir.

2008-ci ilin dünya iqtisadi və maliyyə böhranı bir daha onu göstərdi ki, təbii sərvətlərin zəngilliyi, əlverişli mühit, geostrateji üstünlük dövlətin davamlı inkişafına tam təminat yaratmır. Başqa sözlə bu imkanlardan düzgün və səmərəli formada istifadə olunmaması gələcək inkişafa qarant vermir. Deməli dövlətin iqtisadi, siyasi və digər sahələrdə inkişafı üçün mövcud resurslardan daha effektiv və səmərəli, düşünülmüş formada istifadə edilməsi vacibdir. Bu da elmi yeniliklərə, innovativ texnologiyalara  əsaslanan iqtisadiyyatın mövcudluğunu şərtləndirir.

Dünyanın super gücləri arasında baş verən geosiyasi toqquşmalar, hərbi-siyasi çəkişmələr, iqtisadi müharibə usullarından istifadə makroiqtisadi dəyişiklərə səbəb oldu. Neft qiymətlərinin kəskin azalması, devalivasiya və digər hallar nəticə etibarilə təbii resurslara əsaslanan dövlətləri daha düşünülmüş, elm-təhsilə əsaslanan iqtisadi islahatlar həyata keçirməyə sövq etdi. Bu bir daha göstərdi ki, elmsiz cəmiyyət inkişaf etmədiyi kimi, elmsiz iqtisadiyyatda inkişaf edə bilməz.

Son zamanlar Azərbaycanın təhsil sahəsində aparılmış islahatlar, qəbul edilmiş Dövlət Strategiyası, Konseptual sənədlər dövlətin bu sahəyə önəm verməsinin göstəricisidir. Yeni-yeni məktəblərin tikilməsi, təmir edilməsi, yeni təhsil standartlarının, informasiya kommunikasiya texnologiyalarının tətbiq olunması təhsilin gələcək inkişafına yol açmış olur. Düşünürəm ki, bu addımlar davamlı olmaqla elmə-təhsilə olan yanaşmanı daha da yüksəltmiş olacaq. Çünki dövlətin təhsilə olan münasibəti bütünlükdə cəmiyyətin təhsilə və bu sahəsində çalışan şəxslərə olan münasibətinin formalaşmasına səbəb olur.

Müasir kapitalizm cəmiyyətində hər hansı bir prosesin qarşılıqlı olaraq həyata keçirilməsi onu deməyə əsas verir ki, elmin verdiyi faydanın müəyyən qismi heç şübhəsiz ki, bu sahədə çalışan şəxslərin yüksək həyat şəraitinin təmin olunmasına yönəldilir. Başqa sözlə hər iki tərəfin qarşılıqlı məsuliyyətli, hüquq və vəzifələri ümumi maraqların təmin olunması ilə bərabər, iqtisadi inkişafın yüksəldilməsinə gətirib çıxarır. Sözsüz ki, iqtisadi üstünlüyə, sosial təminata malik olmayan alimdən, müəllimdən yüksək keyfiyyətli məhsulun gözlənilməsi bir qədər mümkünsüz görünür.

Bu gün hamımız yaxşı bilirik ki, təhsil və elm sahəsində çalışan alimə, müəllimə olan münasibət onun iqtisadi imkanlarına uyğun olaraq dəyişir. İnkişaf etmiş cəmiyyətlərdə ən yüksək təbəqə olaraq, aparıcı qüvvə kimi alimlərin, müəllimlərin qəbul olunması həmin cəmiyyətlərin yüksək inkişaf mərhələsində olması qənaətinə gəlməyə əsas verir.

Fəaliyyəti birbaşa olaraq insanın formalaşmasına, inkişafına yönəlməsi onu digər sənət sahələrindən fərqləndirir. Bu spesifik sahənin böyük səbr, təmkin, yüksək savad və peşəkarlıq tələb etməsi bütün dünyada bu peşə sahiblərinin əməyinə ən yüksək səviyyədə qiymətin verilməsini vacib edir.

Beləliklə sonda qeyd etmək istərdim ki, müəllimin səmərəli, effektiv fəaliyyəti dövlətin iqtisadi inkişafında, cəmiyyətin mədəni-mənəvi, intelektual inkişafında əsaslı rola malikdir. Hər bir müəllim özünün cəmiyyədəki rolunu düzgün dəyərləndirməyi bacarmalı, məxsus olduğu toplumu irəli aparmaqla onun hərtərəfli inkişafına nail olmalıdır.

 

 

Ramid Hüseynov

siyasi elmlər üzrə fəlsəfə doktoru,

dosent