Aysel SƏFƏRLİ

DEYİLSƏN

Başımın üstündə tavanım açıq,
Ümidin yuvası yıxılmış,uçuq.
Tam ola bilmədik, qaldıq yarımçıq,
Sən tənim deyilsən, tənim deyilsən.

Kədər tüstülədi dərdin bacası,
Böldüm arzulara ömrün hecasın.
Canımı yandırdın, canın acısın,
Səni canım bildim, canım deyilsən.

Sarıldı kirpiyim gözdə qəhərə,
Ruhumu bal bilib qatdım zəhərə.
Bu ömrü dən kimi səpdim kədərə,
Sən sevgi toxumu, dənim deyilsən.

Eşqin qucaq açmış ümid qoluydum,
Köksünün titrəyən yanı-soluydum.
Əvvəlim sən oldun,sənlə doluydum,
Get,daha axırım ,sonum deyilsən.

Niyə sızlayım ki, ağlamıram heç,
Bu eşqin ya Rəbbim, günahından keç.
Get ömrün şərbətin özgəsiylə iç,
Sən mənim deyilsən, mənim deyilsən!

İLAHİ

Gözünü sıxanda nəm əvəzinə
Men düşdüm dünyanın yanaqlarına.
Ilahi,sən məni unudan gündən
Dizlərim əyilib ayaqlarıma.

Sürünən ümidlər səbrin ətəyin
Dartar,dizlərinin yarasi ilə.
Ilahi,sən məni atdığın gecə
Bölündüm ruhumun yarısı ilə.

Ovcuna sıxanda buz əllərimi
Əridim dünyanIn başının üstə.
Sən məni kimsəsiz qoyduğun o gün
Yanıqlı ah oldum, bir son nəfəsdə..

Bəxtdən kasıb olan ömür süfrəmin
Sevinci pəhrizdə, dərdi çox yeyən.
Nə olar, qəlbimin qapısın bağla,
Dəvətsiz nisgillər çıxmır eşiyə.

Yoxdur pəncərəsi arzuların da
Baxsın aynasından sabaha doğru.
Sən məni doğanda anam ağladı,
Alnıma bəxt deyil,yazdın dərd,ağrı.

Qocalar evinə atdığım ruhum-
Gəncliyi ovcunda öldürmüş qadın.
De nə vaxt,de nə vaxt övladlıq alıb
Sevinc gözlərimə verər soyadın??

Dunyanın təzyiqi uymadı nəbzə,
Yıxıldım bəxtimin uçurumuna.
Ilahi sən məni unudan gündən
Intihar qədəhin qoydu yanıma.